Fevralın 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunan “Xocalı - bu olub” tamaşası nümayiş olunub.
Azərbaycan Dövlət Pantomima Teatrının hazırladığı tamaşanın nümayişindən əvvəl soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrindən, xalqımıza qarşı törədilən amansız cinayətlərdən söz açılıb, bu cinayətlərin cəzasız qalmayacağına, Xocalıda soyqırımı törədənlərin ədalət mühakiməsi və Uca Tanrı qarşısında cavab verəcəklərinə əminlik bildirilib. Qeyd olunub ki, müstəqil və güclü Azərbaycan işğala son qoyaraq öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir və bunu mütləq edəcəkdir.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə mövcud status-kvonu dəyişməz olaraq saxlamağın mümkünsüzlüyünü bir daha bəyan edib.
Azərbaycan həqiqətlərinin incəsənətin bəşəri dili ilə bütün dünyaya çatdırılmasının vacibliyinə toxunulub. Dövlət Pantomima Teatrının bu sahədəki yaradıcılıq təşəbbüsü yüksək qiymətləndirilib.
Teatrın istedadlı kollektivi 1992-ci il fevralın 26-da Xocalıda erməni işğalçılarının dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri soyqırımı barədə həqiqətləri incəsənətin qədim növlərindən olan sözsüz teatr oyunu – pantomima estetikası ilə təqdim edib.