Giriş
Xocalı Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən rayondur. Onun ərazisi Azərbaycan Sovet Sosialist Respublikası (SSR) nəzdində yaradılan və 26 noyabr 1991-ci il tarixinə kimi mövcud olmuş keçmiş Dağlıq-Qarabağ Muxtar Vilayətinin (DQMV) bir hissini təşkil edirdi. DQMV inzibati bölgə kimi Ermənistan SSR-in ərazi iddialarına cavab olaraq süni şəkildə yaradılmışdır və bu səbəbdən onun inzibati sərhədləri erməni əhalisinin çoxluq təşkil etməsi üçün məqsədyönlü formada müəyyən edilmişdir. Xocalı bu inzibati vahidin azərbaycanlılar yaşayan bir neçə bölgəsindən biri idi.
1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarını işğal etmək üçün tarixi planlarını həyata keçirmək məqsədilə Ermənistanın Azərbaycana qarşı təcavüzkar hərbi fəaliyyətlərə start verməsi ilə regionda silahlı münaqişə başladı. Dağlıq Qarabağın birtərəfli olaraq Azərbaycandan ayrılması və onun Ermənistana birləşdirilməsi bu planın özəyini təşkil edirdi. Nəticədə Ermənistan Xocalı da daxil olmaqla bu regionu və Azərbaycanın daha yeddi rayonunu işğal etdi. Bu təcavüzün ardınca baş verən müharibə otuz min insanın ölümünə, bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə və minlərlə sakinin itkin düşməsinə səbəb oldu.
Coğrafi vəziyyət
Xocalı 940 kv. km əraziyə və işğaldan qabaq 7000 nəfər əhaliyə malik olmuşdur. Xocalı Xankəndindən 10 kilometr şimal-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının üzərində yerləşir. Xocalı regionda yeganə mülki hava limanına malik olmaqla mühüm kommunikasiya mərkəzi sayılırdı. Xocalı Mərkəzi Asiyada etnik zəmində baş verən qanlı toqquşmalardan xilas olmaq üçün Məhsəti / Ahıska türkləri, həmçinin Ermənistandan qovulan Azərbaycan qaçqınları üçün sığınacaq təşkil edirdi.
Rayonun ərazisi əsasən dağlıqdır. Ən hündür yüksəkliyi Qızqala (2843 m) və Qırxqızdır (2830 m). Dağlıq ərazilər istisna olmaqla, iqlimi mülayim-istidir. Yüksək dağlıq əraziləri subalp və alp çəmənlərdir. Əsas çayları Badara və Qarqardır. Dağ-meşə və dağ-çəmən torpaqları mövcuddur. Ərazinin 40 %-ə qədəri fıstıq, cökə, ağcaqayın, qaraağac və s. ilə zəngindir.
Tarixi və mədəniyyəti
Xocalı Azərbaycanın tarixi və mədəniyyətinin bir hissəsini təşkil edir. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.
Xocalı rayonu ərazisindəki Əsgəran qalası XVIII əsrdə Qarqar çayının sağ və sol sahillərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikilib. İki istehkamdan ibarət qala çay daşından inşa olunmuşdur. Bu qalaya aid digər əlamətdar özəllik 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqlarının bu qalada aparılmasıdır, bu da qalanın tarixi əhəmiyyətini daha da artırmışdır.
Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. İşğala qədər rayonda onlarla mədəniyyət müəssisəsi, muzeylər, texnikum, orta məktəblər, səhiyyə müəssisələri, kənd təsərrüfatı və sənaye müəssisələri və s. ictimai təşkilatlar fəaliyyət göstərirdi. Xocalı şəhərində toxuculuq fabriki, iki orta məktəb və iki natamam orta məktəb var idi.
İnzibati vahidləri
Qonşu rayonlar: Laçın, Kəlbəcər, Ağdam, Xocavənd və Şuşa.
Rayonda bir şəhər, bir qəsəbə (Əsgəran), 50 kənd var.
Kəndləri: Almalı, Qarakötük, Ballıca, Xanyurdu, Mehdibəyli, Cəmilli, Çanaqçı, Sığnaq, Dağyurd, Daşbulaq, Badara, Xanyeri, Qayabaşı, Suncinka, Harov, Dağdağan, Xanabad, Ağgədik, Aşağı Qılıçbağ, Kosalar, Başkənd, Canhəsən, Təzəbinə, Qışlaq, Cavadlar, Yalobakənd, Qarabulaq, Dəmirçilər, Quşçubaba, Mədətkənd, Qızıloba, Aşağı Yemişcan, Xaçmaç, Yuxarı Yemişcan, Meşəli, Naxçıvanlı, Ağbulaq, Aranzəmin, Dəhrəz, Pircamal, Pirlər, Daşbaşı, Fərrux, Seyidbəyli, Ulubaba, Şuşakənd, Daşkənd, Muxtar, Sərdarkənd, Şəlvə.