Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.

Cinayətin tövsifi

Beynəlxalq hüquqa görə cinayət kimi qiymətləndirilən beynəlxalq humanitar və insan hüquqları hüququnun ciddi şəkildə pozulması hallarına görə Ermənistan Respublikası hökumətinin və beynəlxalq hüquqa görə onun cavabdeh olduğu tabeli qüvvələrin məsuliyyət daşıdığını sübut edən yetərli əsaslar mövcuddur. Ermənistan tərəfindən müharibənin aparılması qaydalarının pozulması halları sırasına daxildir: mülki əhalinin öldürülməsi də daxil olmaqla mülki ilə hərbi hədəfləri fərqləndirməyən hücumlar; girov götürmə və saxlama; müharibə əsir və girovları ilə qəddar rəftar etmə və onların lazımi hüquqi prosedurlar həyata keçirilmədən öldürülməsi.

Azərbaycana qarşı qanunsuz güc tətbiq edilməsinə və onun ərazilərinin işğalına cavab olaraq 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələrdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Azərbaycanda kütləvi şəkildə mülki əhalinin məcburi köçkün halına düşməsi, mülki əhaliyə qarşı hücumlar və Azərbaycanda əhalinin yaşadığı yerlərin bombalanması halları da daxil olmaqla beynəlxalq humanitar hüququn pozulmasını xüsusi olaraq qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.

Azərbaycanda aparılan rəsmi istintaq nəticəsində beynəlxalq hüquqa, xüsusən də Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması üzrə konvensiyaya əsasən Xocalıda mülki əhaliyə qarşı aparılmış hücumlara münasibətdə soyqırım cinayətinin aşağıdakı elementlərinin mövcudluğu müəyyən edilmişdir: öldürmə və bədənə fiziki və mənəvi xəsarətə səbəb olmaqdan ibarət actus reus (əməlin obyektiv tərəfi); cinayət əməlinin sahiblərinin hədəfinə tuş gələn xüsusi mühafizə olunan qrupun mövcudluğu; və irqi, etnik, milli və ya dini əsaslarla fərqlənən qrupun tam və ya qismən məhv edilməsi üçün xüsusi soyqırım niyyəti. İstintaq nəticəsində Xocalıda törədilmiş cinayətlərə münasibətdə cinayət təqibinin davam etdirilməsi üçün aşağıdakı əsasların mövcud olduğu müəyyən edilmişdir: qrupu tam olaraq və ya qismən məhv etməyə yönəlmiş niyyətin mövcudluğu üzrə birmənalı və əsaslı sübutlar; məhv etmə halının Xocalıda baş verməsi müəyyən edilmiş qrupa tam olaraq nəticələr yaratması üçün “kifayət” etməsi; və cinayətin xüsusi coğrafi məkanda törədilməsi.

Beynəlxalq hüquqa görə məsuliyyət

Ermənistan və Azərbaycan arasında münaqişə zamanı törədilmiş pozuntular beynəlxalq hüquqa görə həm dövlət, həm də fərdi məsuliyyət yaradır.

Ermənistan Respublikasının beynəlxalq cinayət hüququnun adət və müqavilə normalarına əsasən beynəlxalq hüquq pozuntularına görə dövlət qismində məsuliyyəti ilə yanaşı, silahlı münaqişə kontekstində, o cümlədən Xocalıda törədilmiş müəyyən əməllər beynəlxalq cinayətlər hesab olunur və bu əməlləri törətmiş şəxslərin, onların iştirakçıları və yardımçılarının fərdi məsuliyyətinə səbəb olur.

Məlum olduğu kimi Ermənistanın əvvəlki prezidentləri Serj Sarkisyan və Robert Koçaryan, həmçinin bu dövlətin bir çox digər yüksək vəzifəli siyasi və hərbi qulluqçuları, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin rəhbərləri Azərbaycan torpaqlarının işğalında və Azərbaycanlı mülki şəxslərə və hərbiçilərə qarşı törədilmiş əməllərdə şəxsən iştirak etmişlər. Aydındır ki, onların törətdikləri əməllərin miqyası və ağırlığı bu şəxslərə qarşı cinayət təqibinin aparılmasının zəruriliyini şərtləndirir.

Lakin şahid ifadələri, hökumət, hökumətlər-arası və qeyri-hökumət təşkilatları, həmçinin kütləvi informasiya vasitələri də daxil olmaqla müxtəlif mənbələrin yazılarında Ermənistanın, o cümlədən onun siyasi və hərbi rəhbərliyinin və tabeli separatçı silahlı qruplarının Xocalıda törədilən cinayətlərə görə məsuliyyət daşıdığını göstərən kifayət qədər sübutlar mövcuddur.

Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında aşağıdakıları qeyd edir:

Müstəqil mənbələrdən əldə olunan hesabatlar göstərir ki, 1992-ci ilin fevral ayından 25-dən 26-na keçən gecə Xocalının ələ keçirilməsi zamanı yüzlərlə azərbaycanlı etnik mənşəyinə malik olan mülki əhalinin ələ keçirilən şəhəri tərk etməyə cəhd edən zaman şəhərə hücum edən erməni silahlıları tərəfindən öldürüldüyü, yaralandığı və girov götürüldüyü qeyd olunur.

Öz kitabını qardaşı, məşhur beynəlxalq terrorçu Monte Melikonyana həsr etmiş Markar Melkonyan adlı erməni müəllifinin sözlərinə əsasən şəhər “strateji məqsəd idi, lakin bu həm də qisas aktı olmuşdur”. Müəllif “Arabo” və “Aramo” adlı iki erməni dəstəsinin silahlılarının rolunu xüsusilə vurğulayır və onların Xocalının dinc sakinlərini nə cür qəddarcasına öldürdüklərini təfərrüatlı təsvir edir. Belə ki, onun sözlərinə əsasən şəhərin bəzi sakinləri “[erməni] əsgərləri onları təqib edənədək” təxminən altı mil məsafə qət etdikdən sonra demək olar ki təhlükəni arxada qoymuşlar. Ardınca bildirir ki, “əsgərlər uzun müddət ombalarında gəzdirdikləri bıçaqlarını çıxardı və [onları] bıçaqlamağa başladılar”.[1]

Xocalı hadisələri Ermənistan Respublikasının keçmiş prezidenti Serj Sarkisyanın qanunsuz separatçı rejimin “özünü-müdafiə qüvvələri komitəsi”nin rəhbəri olan dövrdə baş vermişdir və bu səbəbdən onun xatirələri bu sahədə ən vacib sübut mənbələrindən biridir. Sarkisyanın aşağıdakı sözləri Xocalıda törədilmiş cinayətlərin icraçıları barədə heç bir şübhə qoymur:

“Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu [stereotipi] qıra bildik. Və budur baş verənlər. Və biz həmçinin nəzərə almalıyıq ki, o uşaqların içərisində Bakı və Sumqayıtdan qaçanlar olmuşdur”.[2]

Jurnalistin minlərlə adamın ölməsindən təəssüf keçirdib-keçirmədiyi barədə sualına cənab Sarkisyan utanmadan cavab vermişdir: “Mən heç bir təəssüf keçirmirəm” çünki, “hətta minlərlə əhali ölərsə bu cür sərt gedişlər zəruridir”. Ermənistanda ən yüksək siyasi və hərbi vəzifə tutan bir şəxsin bu cür sözləri əlavə şərhi lüzumsuz edir və münaqişə zamanı azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş cinayətlərə görə Ermənistanın məsuliyyətini inkar etmək üzrə səyləri heçə endirir.


[1] Markar Melkonyan, "My Brother’s Road: An American’s Fateful Journey to Armenia" (London və Nyu York, 2005), səh. 213-214

[2] Thomas de Vaal, "Black Garden: Armenia and Azerbaijan through Peace and War" (Nyu York və London, 2003), səh. 172