“Xocalıya Ədalət” kampaniyası çərçivəsində Azərbaycanın Avstraliyadakı fəxri konsulluğu tərəfindən təşkil edilən tədbirdə ölkə parlamentinin deputatları, o cümlədən Melburndan olan deputat Culian Hill, parlamentlərarası dostluq qrupunun üzvləri, Melburnda yaşayan həmyerlilərimiz, ictimai xadimlər, mediya təmsilçiləri, şəhər sakinləri iştirak ediblər.
Tədbirdə Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Xanlar Fətiyev və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də iştirak ediblər.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən deputat A.Mollazadə Xocalı faciəsi haqqında söz açaraq vurğulayıb ki, bu cinayəti törədənlərə qarşı beynəlxalq səviyyədə tədbirlər görülməlidir. Bu proses Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" kampaniyasının tərkib hissəsidir. O qeyd edib ki, Xocalı soyqırımını törədənlərə ədalətli cəza verilməsi üçün beynəlxalq hərbi tribunal keçirilməlidir.
Avstraliya hökümətinin sabiq naziri Alan Griffin Azərbaycanın dünyada və regionda müstəsna rolunu xüsusilə vurğulayıb. Azərbaycana səfərini xatırlayan A.Griffin ölkəmizin çox müasir, tolerant və multikultural dəyərlərə sahib olduğunu qeyd edib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ancaq beynəlxalq hüquq normaları əsasında həll olunmalı, bütün qaçqın və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdır.