Fransa parlamentinin bir qrup deputatı – sabiq nazir, Avropa parlamentinin deputatı Rəşidə Dati, sabiq nazir, Yuxarı Rən departamentindən senator Jan-Mari Bokel, Luare departamentindən deputat Jan-Pyer Dor, Şarant departamentindən deputat Jerom Lambert, Yuxarı Ren departamentindən deputat Jan-Lük Reitzer, Yonn departamentindən deputat Andre Vilye, Aşağı Ren departamentindən senator, Avropa İşləri üzrə Komissiyanın vitse-prezidenti, Fransa–Qafqaz Dostluq Qrupunda Azərbaycan üzrə sədr Andre Rişar, Orn departamentindən senator, xarici işlər komissiyasının müdafiə və silahlı qüvvələr üzrə vitse-prezidenti, Fransa-Qafqaz Dostluq Qrupunun vitse-prezidenti Natali Qule, Somm departamentindən senator Jerom Binyon, Luare departamentindən senator Erik Dolij, En departamentindən senator Silvi Go-Şavan, Kot-d”Or departamentindən senator Alən Uper, Möz departamentindən senator Kristian Nami, Uaz departamentindən senator Alən Vassel, sabiq deputat, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel, sabiq deputat, Kle-Suyi şəhərinin meri İv Albarello, sabiq deputat, Arkaşon şəhərinin meri İv Fulon, sabiq deputat, Udan şəhərinin meri Jan-Mari Tetar, sabiq deputat Jorj Feneş Prezident Emmanuel Makrona müraciət ünvanlayıblar.
Fransalı parlamentarilər Ermənistanın 25 ildir beynəlxalq hüququ pozduğunu bildiriblər. Onlar iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu və nəticədə 2 yaşlı Zəhra və nənəsinin həlak olduğunu qeyd ediblər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyon azərbaycanlının doğma yurdlarından didərgin salınmasından, ermənilərin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətindən, Xocalı soyqırımından söz açılan müraciətdə, ölkəmizin torpaqlarının 20 faizinin erməni silahlı qüvvələrinin işğalı altında olduğu vurğulanıb. Fransalı deputatlar BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin işğalçı erməni qoşunlarının Azərbaycanın işğal altında olan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılması haqqında qətnaməni xatırladıblar.
Onlar ölkə prezidentini BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin müvafiq qətnamələrinə riayət etmək üçün Ermənistana təzyiq göstərməyə çağırıblar.
İyulun 5-də Fransa Prezidentinə ünvanlanmış müraciətin tam mətnini AZƏRTAC təqdim edir:
“Cənab Respublika Prezidenti,
Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayonun 25 ildir Ermənistan tərəfindən işğal edilməsi beynəlxalq hüququn davamlı pozulmasına və dünyanın biganə qaldığı, həll olunmayan bu münaqişənin saysız mülki və hərbi qurbanlarının ailə üzvlərinin göz yaşlarının axmasına səbəb olur.
İyulun 4-də Ermənistan tərəfindən 2 yaşlı Zəhra və onun nənəsinin öldürülməsi doğma yurdundan, torpağından didərgin salınmış, etnik təmizləmənin qurbanlarına çevrilmiş bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə, yüzlərlə insanın kütləvi şəkildə öldürüldüyü dəhşətli Xocalı soyqırımı və doğma torpaqlarının işğal yarasını bir daha xatırlatdı.
Artıq ədalətli və davamlı sülhə nail olmaq üçün danışıqlara başlamağın vaxtıdır. Onsuz da yaşadığımız təlatümlü dünyada bu Qafqaz münaqişəsində Azərbaycanın səbri tükəndiyi təqdirdə, bütün region alova qərq ola bilər.
Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) və BMT-nin Baş Məclisinin 62/243 (2008) saylı qətnamələrində münaqişənin həlli üçün əsas baza müəyyən edilib. Həmin qətnamələr erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxmasını tələb edir. Təəssüf ki, bu qətnamələr həyata keçirilməyib.
Bu gün vəziyyət çox aydındır, beynəlxalq ictimaiyyətin əlində səs vermə ilə qəbul edilmiş qətnamələr və münaqişənin həlli həvalə olunmuş ATƏT-in Minsk qrupu var. Artıq son 25 ildə davam edən status-kvoya və Azərbaycanın ərazilərinin 20 faizinin işğalına son qoymaq vaxtıdır.
Beynəlxalq hüquq hər yerdə tətbiq edilməlidir. Regional və beynəlxalq təhlükəsizlik üçün bu qaçılmaz amildir.
Fransa da daxil olmaqla, beynəlxalq ictimaiyyətin Ermənistanın ən qısa zamanda BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməsi üçün təzyiq göstərməsi təcili və vacibdir.
Rusiya və Amerika Birləşmiş Ştatları kimi Fransa da 1997-ci ildən Minsk qrupunun həmsədridir. Onun tərəfdaşlarının strateji və taktik səbəblərdən münaqişənin həllinə nail olmaq üçün səfərbər olmağa əminlikləri görünmür.
Vasitəçilərin süründürməçiliyinə son qoymaq üçün və münaqişənin yenidən başlanmasının ağlasığmaz olduğunu nəzərə alaraq, cənab Respublika Prezidenti, Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü səlahiyyətlərinizə uyğun olaraq dərhal reaksiya verməyinizi xahiş edirik.
Fransa Qafqazda da fəal siyasi fəaliyyət göstərməyə qadirdir. Ermənistan və Azərbaycan ilə saxladığımız balanslaşdırılmış siyasi, iqtisadi və dostluq əlaqələri imkan verir ki, tərəflər bizi dinləsin. Bundan sonra bizə yalnız güclü siyasi iradə lazımdır.
Fransanın beynəlxalq səhnəyə yenidən qayıtması devizi ilə başlayan yeni beşillik mandatın başlanğıcında Qafqazda beynəlxalq hüquqa riayət və insan həyatına hörmət etdirilməsi ilə bağlı fransız təşəbbüsünün irəli sürülməsi yerinə düşməzmi?
Qafqazda sülhün bərpası üçün zəruri, ədalətli təşəbbüslər göstərmək iradənizə inanaraq, Cənab Prezident, Sizə yüksək hörmət və ehtiramımızı bildiririk”.