Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin APA-nın London bürosuna verdiyi məlumata görə Böyük Britaniya parlamentinin 12 üzvü Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı birgə bəyanat yayıb.
Parlament üzvləri soyqırımın 30-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına, xüsusilə də soyqırım nəticəsində yaxınlarını itirmiş şəxslərə başsağlığı verib, və Azərbaycan xalqı ilə həmrəy olduqlarını bildiriblər.
Parlament üzvləri Avropa İnsan Hüquqları Məhkəməsinin Xocalı hadisələrini hərbi və insanlığa qarşı cinayət kimi səciyyələndirdiyi 22 aprel 2010-cu il tarixli qərarını xatırladıblar. Bu kontekstdə gələcəkdə bənzər faciələrin qarşısının alınması üçün beynəlxalq humanitar hüququn gücləndirilməsinin zəruriliyi vurğulanıb.
Həmçinin, Britaniya parlamentinin üzvləri münaqişənin sona çatmasını alqışlayıblar və regionda bütün maraqlı tərəflərin iştirakı ilə aparılan danışıqların Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasına gətirib çıxaracağına ümid etdiklərini bildiriblər.
Bununla yanaşı, bəyanatda münaqişədən sonrakı dövrdə ərazilərin minalardan təmizlənməsi, nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası, sərhədlərin delimitasiyası və demarkasiyası kimi məsələlərin mövcudluğu qeyd edilir və Böyük Britaniya hökumətini bu məsələləri, xüsusilə ərazilərin minalardan təmizlənməsi məsələsini həll etməyə çağırılır.
Xatırladaq ki, bu bəyanat Böyük Britaniya parlament üzvlərinin Xocalı faciəsi ilə bağlı ilk birgə təşəbbüsüdür. Bu təşəbbüsə Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvləri Bob Blekman, Bob Sili, Metyu Offord, Den Poulter, həmçinin Lordlar Palatasının üzvləri Lord Risbi, Lord Şeyx, Lord Kilkluni, Lord Hussain, Lord Evans, Baronessa Manzur və Lord Flyte da qoşulmuşlar.
Böyük Britaniya Parlamentinin Azərbaycan qrupunun 2022-ci il fevralın 22-də keçirilən iclasında Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı da müzakirələr aparılıb. İclasda iştirak edən Parlament üzvləri Xocalı soyqırımı ilə bağlı bir daha Azərbaycan xalqı ilə həmrəy olduqlarını bildiriblər.