ABŞ-ın “The Herald News” qəzetində Azərbaycan icmasının dostu Lerri Uaytın Xocalı soyqırımına həsr olunmuş müraciəti dərc olunub.
Məqalədə 2020-ci il 26 fevral tarixinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində insanlığa qarşı törədilmiş dəhşətli cinayətinin 28-ci ildönümü olduğu bildirilir.
Qeyd olunur ki, 1992-ci ilin 25-26 fevral tarixlərində Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə mühasirəyə alınmış Xocalı şəhərinə hücum edib və orada yaşan etnik azərbaycanlıları qətlə yetirib. Bildirilir ki, dinc əhalidən 613 nəfər öldürülüb, onların arasında 106 qadın, 63 uşaq, 70 qoca olub.
Materialda qeyd olunur ki dünyanın bir neçə ölkəsi, Amerikanın iyirmidən çox ştatı Xocalı qətliamını tanıyıb.
Müraciətin sonunda bildirilir ki, ABŞ höküməti Vaşinqtonun strateji müttəfiqi Azərbaycanla birlikdə olmalı və işğalçı Ermənistana təzyiq göstərməlidir ki, rəsmi Yerevan beynəlxalq hüquq normalarına uyğun olaraq işğal olunmuş Azərbaycan ərazilərindən öz ordusunu çıxartsın və Xocalı qətliamının törədilməsinə görə üzr istəsin.
Bu material Amerika ictimaiyyətini Xocalı qətliamı haqqında məlumatlandırmaq məqsədilə ABŞ Azərbaycanlılar Şəbəkəsinin hər il keçirdiyi kampaniya əsasında hazırlanıb.