Evimizdə idik və atışma axşam saat 11-də başladı. Fikirləşdim ki, bu normaldır; dörd il vəziyyət bu cür idi, adətən iki saat davam edirdi və sonra sabitləşirdi. Bu dəfə başqa cür oldu, dörd tərəfdən ağır bombalanma başlandı və biz zirzəmilərə sığındıq.
Həyat yoldaşım bir saat öncə ermənilərin hücum etdiyi başqa bir kəndə getdi. Biz ondan hara getdiyini soruşduqda, o dedi: “Dörd ildir ki, bu vəziyyətlə üzləşirik, biz öz torpaqlarımızı qorumalıyıq.”
Atəş səhər saat 3-ə kimi davam etdi, lakin həyat yoldaşım qayıtmadı. Biz üç qadın birlikdə idik. Bizə ərazini tərk etmək tövsiyə olunduqda həyat yoldaşımı gözlədiyimi bildirdim. Lakin bizə oranı öz şərəfimizi qorumaq üçün tərk etməli olduğumuzu bildirdilər. Fikirləşdim ki, digərləri mənə görə çıxmaq istəmir və beləliklə də, onları qurban etməmək üçün mən də şəhəri tərk etdim.
Biz yarımçıq qalmış bir tikiliyə üz tutduq – orada çoxlu şəxslər var idi. Biz orada bir saat qaldıq və sonra bizə getməli olduğumuzu bildirdilər; bəzi yaşlı insanları arxada saxlamalı olduq. Bəzi cavan kişilər meşə ilə hərəkət etməli olduğumuzu bildirdilər.
Hava soyuq və qarlı idi. Biz çayı keçməli olduq, hər kəs islandı. Meşəyə çatdıq və bir saat orada hərəkət etdik; geyimlərimiz donaraq bərkimişdi. Çətinliklə hərəkət edirdim və üst geyimlərimi arxada saxlamalı oldum. Gəzə bilən hər kəs meşədə idi.
Biz ermənilərin əlində olan Naxçıvanlı kəndinə çatdıq. Orada yaxşı yol var idi və biz orada bir hərbi nəqliyyat vasitəsini gördük. Beş dəqiqə sonra onlar bizə atəş açmağa başladılar; kəskin səs var idi. Qar qana boyanmışdı. Səhər saat 5-7 arası idi. Cəsədlərin altında gizləndik...Biz uçan güllələr səbəbindən heç nə görə bilmirdik...Ağdama çatdıqda bacım qana boyanmış geyimlərimi yudu.
Atam, Bəhram Mustafayev mənimlə idi. O, 62 yaşında idi və onun böyrəyində problemlər var idi. O, ayaqyalın hərəkət etməli oldu. O, sağ qaldı, lakin heç vaxt sağalmadı və 10 ay sonra vəfat etdi.
Səhər saat 9-da biz Şelli kəndində idik. Bəzi kişilər həyatlarını təhlükədə qoyduğunu dərk etsələr belə digər insanlara kömək etmək üçün meşəyə qayıtdılar. Üç gün həyat yoldaşımı gözlədim; o, gəlmədi. 30 mart tarixinə kimi Ağdamda qaldım. Onlar bacımın evinin qapısının yarıqlarından atəş açırdılar.
Həmin gecə həyat yoldaşım ermənilərlə üz-üzə gəlmək üçün evi tərk etdi. Sağ qalanların bəziləri onun qəhrəmanlığından danışır. O, özünü-müdafiə dəstəsi yaratmışdı, dəstənin üzvlərini güllələrə qənaət etməyə çağırardı. Onların peşəkar qüvvələrə qarşı sadə silahları var idi, lakin onlar sonuncu gülləyə kimi vuruşdular. Onların əməlləri ermənilərin həmlələrini yubadaraq insanların meşələrə çatmasına imkan yaratdı. Lakin o ombasından yaralanmışdı və gəzə bilmirdi. O, 26 fevral tarixində girov götürüldü və Xankəndinə gətirildi.
Xocalıda Özbəkistandan gəlmiş Ahiska türkləri məskən qurmuşdular. Onlardan biri bədən tərbiyəsi müəllimi idi. 8 mart tarixində o, bizə narahat olmamağı, Ələsgərin ayağından yaralandığını, lakin sağ olduğunu və onların səkkiz gün eyni zirzəmidə qaldığını bildirdi. Lakin yaralı girov olmaq ölümdən də betər idi. Sonra başqa bir nəfər qayıtdı və Ələsgərin qan itkisi nəticəsində həlak olduğunu bildirdi.
Biz onun cəsədini 30 mart tarixində buzlu plastik bağlamada təhvil aldıq. Ona neçə işgəncə verildiyini təsvir edə bilmirəm. Onlar yoldaşımın dişlərini çıxarmışdı, hər iki qolu sınmışdı və üzü çapıqla dolu idi.
Söhbəti apardı: Ian Peart
Mənbə: “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” kitabı,
Ithaca Press tərəfindən çap olunub, London 2014