Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
İstintaq materialları

Elşad Allahverdi oğlu Ağayev:

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalının işğalından sonra mən ailəmlə birlikdə şəhəri tərk etməli oldum. Atışma zamanı biz biri-birimizi itirdik. Daha sonra mən onları axtarmağa başladım və yalnız Ağdam rayonunun Qaraqaya adlı qəsəbəsində ayağından yaralanan bacım Dürdanəni tapa bildim.

1992-ci il fevralın 26-sı saat 8:00-9:00 radələrində, ermənilər atəş açdılar və biz xilas olmaq üçün 5-6 nəfərlə Qaraqayadakı xəndəklərdə gizləndik, lakin onlar bizi mühasirəyə aldılar və əsir götürdülər. Təhqirlər yağdıraraq və pulemyotun lüləsi, taxta və dəmir parçaları ilə bizi vuraraq Əsgərandakı magistral yola qədər piyada getməyə məcbur etdilər. Ermənilər daş və taxta parçaları atır və başımızın üzərindən atəşlər açırdılar. Onlar mənə və bacım Dürdanəyə yarım saat işgəncə etdikdən və incitdikdən sonra bizi Əsgəran Polis Şöbəsinin təcridxanasına gətirdilər və insanlarla dolu zirzəmiyə atdılar. Burada onlar bizə daha da qəddarlıqla işgəncələr verdilər. İşgəncələr edilərkən onlara həmin şöbədəki Yanğından mühafizə şöbəsinin rəisi - əslən erməni olan Karo rəhbərlik edirdi. Hərbi geyimdə olan Karo və digər ermənilər zirzəmidəki insanları dəyənək, pulemyotun lüləsi, taxta və dəmir parçaları ilə döyür, qadınları saçından tutub dəhlizlərdə sürüyür, onları zorlayır və ayrı zirzəmilərə atırdılar.

1992-ci il fevralın 26-sında saat 12.00 - 13.00 radələrində 7-8 nəfər hərbi geyimdə olan sərxoş erməni zirzəmiyə daxil oldu və Zülfünü, Elxanı, Nəsibi, Xaqanini və adlarını xatırlamadığım 30-40 nəfər Xocalı və Qaradağlı kəndinin sakinlərini döydülər. Bir erməni mənim ağzıma AKM pulemyot lüləsi ilə vurdu və üst dodağımı partlatdı. Həmin zədələnmənin nəticəsi olaraq hələ də çapıq üzümdə qalır. Xocalı sakini olan traktor sürücüsü Hüseyn ermənilər tərəfindən döyüldükdən sonra ağlını itirdi, o, daim gülürdü və bu səbəbdən də onlar onu oradaca öldürdülər. Ermənilər biləndə ki, digər Xocalı sakini Elxan “Alazan” atıcısıdır, onlar onun qarnını bıçaqla kəsdilər və sonra isə onu harasa apardılar. Daha sonra biz eşitdik ki, Elxan aldığı bıçaq yaralarından ölüb. Onlar gənc oğlan Xaqanini də harasa apardılar və o vaxtdan bəri biz onun haqqında heçnə eşitməmişik. Onlar pulemyotçu Natiqi də harasa apardılar.

Yadımdadı, 1992-ci il fevral ayının 27-də mən həmin şöbənin zirzəmisinə gətirildim. Burada Karonun təlimatlarını yerinə yetirən ermənilər insanları soyundurdular və onları şüurlarını itirənədək dəmir parçaları ilə döyməyə başladılar. Həmin gecə onlar həmçinin məni də döydülər, lakin döyməyə başlamazdan əvvəl mən oraya çörək mağazasında işləyən Mobil adlı gənc oğlanın gətirildiyini gördüm. Karo odlu silahla Mobilin ayağından vurdu və o yıxıldı. Daha sonra onlar yenidən onu döyməyə başladılar. Daha sonra onun başına nə gəldiyini bilmirəm. Düşünürəm ki, onu öldürdülər.

Ermənilər kəlbətinlə İlqarın sifətinin bir tərəfindən saqqalını qopartdılar, digər tərəfi isə tüklü qoydular və daha sonra onu təhqir etməyə və ələ salmağa başladılar. Karonun təlimatlarını yerinə yetirərək bizə nə su, nə də çörək verirdilər.

1992-ci il mart ayının 1-də polis şöbəsinin həyətində Karo Şahməlinin oğlu Faiqi Gəncənin adını “Kirovabad” kimi demədiyi üçün güllələdi. Mən özüm bu hadisənin şahidi olmamışam, lakin bu barədə adlarını xatırlamadığım Xocalı sakinlərindən eşitmişəm. Mən Karo və onun köməkçiləri bizimkinə bitişik olan zirzəmidə Faiqə işgəncələr verərkən onun qışqırıqlarını eşidirdim. O, çox cəsur bir insan idi və erməniləri qəddarlıqlarına görə təhqir etdiyi üçün onlar Faiqə daha çox əzab verməyə başladılar. 1992-ci ilin martında onlar məni, bacım Dürdanəni və Xocalıdan olan iki nəfər 12-13 yaşlı tanımadığım qızı UAZ markalı maşına mindirdilər və Azərbaycan ərazisinə gətirdilər.

Yaşar Şahməli oğlu Əliməmmədov:

1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə, Xocalının işğalından sonra mən həyat yoldaşım Səidə, 6 yaşlı oğlum Sirac, atam Şahməli, əmimqızı Səadət və digər qohumlarımla bərabər şəhəri tərk etməli oldum. 1992-ci il fevral ayının 27-si saat 10:00-11:00 radələrində silahlanmış ermənilər bizi mühasirəyə aldılar və Pircamal kəndi yaxınlığında əsir götürdülər. Onlar kisələri başımıza keçirdilər və maşınla harasa gətirdilər. Kisələri başımızdan çıxaranda biz mal-qara, eşşək və qoyunların saxlanıldığı bir tövlədə olduğumuzu gördük. Orada qadınlar, yaşlılar, oğlum, qayınatam Cəmil, qardaşım Faiq və digərləri də daxil olmaqla 200-300 nəfər Xocalı sakini gördüm. Daha sonra onlar tövləyə qardaşım Namiqi də gətirdilər. Ermənilər pul, qızıl, zinət əşyaları və digər dəyərli əşyaları insanlardan alaraq böyük bir küpə yığdılar və bu pula silah alacaqlarını və həmin silahlarla da bizi öldürəcəklərini dedilər.

Həmin gün, saat 16:00 – da həm hərbi həm də mülki geyimdə olan 20 nəfər saqqallı erməni nəfəri armatur parçaları, taxta və pulemyot silahları ilə tövləyə daxil oldular, bizi qruplara böldülər və başımıza, kürəyimizə və ayaqlarımıza qəddarcasına vurmağa başladılar. Onlar insanları biri-birinin üzərinə itələyirdilər. İnsanların qabırğaları, dişləri və başları zədələnmişdi. Onlar kəlbətinlə qızıl dişləri çıxardırdılar. Onlar pulemyot silahın lüləsi ilə mənim burnumdan vurdular və burnum sındı. Ağrıdan huşumu itirdim və sonra özümə gələndə bir müddət heç nəyi görə bilmədim. Bizi qəddarcasına döydükdən və odlu silahlarla hədələdikdən sonra, onlar saatlarla bizi ayaq üstündə durmağa, torpaq və mal-qara təzəyini yeməyə məcbur etdilər.

1992-ci il mart ayının 1-də onlar bizi Əsgəran Polis Bölməsinə gətirdilər və orada Yanğından Mühafizə Xidmətinin rəhbəri işləmiş polis nəfəri Karo ilə qarşılaşdıq. Karo mənə öləcəyimi dedi. Onlar bizi müvəqqəti bir sığınacağa yığdılar və üst-başımızı axtarmağa başladılar. Karo mənə, Elxana və İsaya zirzəmidə qalmağı əmr etdi, digərlərini isə göndərdi. Oğlum mənim yanımda qalmaq üçün ağlamağa başlayanda, Karo onu qəddarlıqla döydü. O, məni tapançanın lüləsi ilə vurub yıxdı və 10-12 saqqallı erməni nəfərinə məni dəyənəklə vurmağı əmr etdi. Bu zərbələrdən huşumu itirdim. Özümə gələndə Elxan onların məni huşumu itirdikdən sonra da 50 dəfə dəyənəklə döydüyünü söylədi. 1992-ci il martın 2-si səhər vaxtı onlar bizi buraxdılar.

Əsirlikdən qayıtdıqdan sonra mən Əsgəran Polis Bölməsində girov saxlanılan Xocalı sakinləri Valeh, əmim Məmməd, Cəmil, Canan (hal-hazırda o vəfat edib), İlqar, İlham (o da indi dünyasını dəyişib), Dürdanə (o, Xocalıdakı poçt idarəsində telefon operatoru vəzifəsində çalışırdı) və onun qardaşı Elşaddan Faiqin başına gələnləri eşitdim. Belə ki, onların dediklərinə əsasən, guya Karo qardaşım Faiqin harada təhsil aldığını soruşubmuş. O, “Gəncə” cavabını verəndə, Karo ona “Kirovabad” deməyi əmr etsə də, qardaşım yenidən “Gəncə” adını söyləyib. Daha sonra Karo Faiqdən soruşub: “Qarabağ kimə məxsusdur?”, Faiq cavab verib: “Qarabağ bizə məxsusdur”. Bundan sonra Karo silahını götürüb və Polis Şöbəsinin həyətində ona sinəsindən və boğazından atəş açaraq oradaca öldürüb. Hal-hazırda mən əsirlikdə olarkən məruz qaldığım zədələrə görə ikinci qrup əliləm.

Zülfü İbrahim oğlu Məmmədov:

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə ermənilər Xocalı şəhərini mühasirəyə aldılar və bombaladılar. Ailəmlə birlikdə mühasirədən çıxmağa çalışsaq da, ermənilər bizi əsir aldılar və zirzəmiyə saldılar. Orada 25-dən çox həmyerlim var idi. Ermənilər bizə hər gün işgəncələr verərək döyürdülər; bəzilərimiz öldürüldü, bəziləri güllələndi, qalanlarının da başı kəsildi. Aşağıdakı hadisələri xatırlayıram:

1960-cı il təvəllüdlü Səlimov Fəxrəddin Bahadir oğlu - bir erməni onu başından pulemyotun lüləsi ilə vuraraq öldürdü.

1962-ci il təvəllüdlü Elxan Nəsib oğlu - ermənilər onu zirzəmidən çıxardılar və güllələdilər.

1968-ci il təvəllüdlü Mobil - ermənilər pulemyotun lüləsi və dəyənəklə onu vuraraq qəddarcasına qətlə yetirdilər.

55 yaşlı Hüseyn (anasının adı Mariş idi) - ermənilər bizimkinə bitişik olan zirzəmidən onu çıxardılar, qəddarcasına döyməyə və güllələməyə başladılar.

1965-ci il təvəllüdlü Vidadi və 1974-cü il təvəllüdlü Mürvət- zirzəmidən çıxarıldıqdan sonra ermənilər onun boynunu vurdular.

Qonşum 1969-cu il təvəllüdlü Faiq Şahməli oğlu - erməni kapitanı Karo tərəfindən güllələndi. Biz Xocalıda olan zaman Karo cəllad kimi tanınırdı. O, yanğından mühafizə şöbəsinin rəisi idi. Karo ucaboy, enli kürək və qara bığlı bir adam idi.

İlqar Niyaz oğlu Abışov:

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə ermənilər Xocalını mühasirəyə aldılar və bombaladılar. Biz o vaxt növbətçi idik. Ermənilərlə qarşılıqlı atışmalar gedən zaman əmimoğlu Elşad başından güllə yarası aldı. Anam, dörd qardaşım, əmim nəvələri Zahir, Elmar və onu övladları Klos, Mobil, Güleyşə və mən Əsgəran yaxınlığında mühasirəyə alınmışdıq. Biz Əsgəran polis bölməsinə gətirildik və oradan qaçmağa çalışan zaman onlar əmim nəvəsinə arxadan atəş açdılar. Onlar pulemyot lüləsi və dəyənəklə bizi döyərək və təpikləyərək işgəncələr verirdilər. Polis nəfəri Karo mənə daha ağır işgəncələr verdi. Natiq, Mehman və Arif biz oraya gətirilən zaman şöbədə idilər. Onlar da işgəncələrə məruz qalmışdılar. Təxminən 8 gün sonra onlar bizi Qala adlanan yerə gətirdilər və yenidən qəddarcasına döydülər. Orada Mirzə, Yunus, Hüseyn, İbrahim, Əli, qardaşım İlham, Səadət və Qaradağlıdan olan iki nəfər şəxs də var idi. Onlar bizi Allahverdi Bağırovun köməyi ilə mübadilə etdilər.

Məmməd Cümşüd oğlu Məmmədov:

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə, Xocalının ermənilər tərəfindən işğalından sonra mən rayonun sakinləri ilə birgə oradan çıxmalı idim. Canan Orucov, Faiq Əliməmmədov, Kamil Məmmədov, Kamal, İsa, İlqar Abışov, Yaşar Əliməmmədov, Məhəmməd Məmmədov və adlarını unutduğum bir qrup adam meşədə gizləndik və 1992-ci ilin fevral ayının 28-dək orada qaldıq. Həmin gecə ermənilər məni əsir aldılar və Naxçıvanikdə bir fermaya gətirdilər. Orada məni əsir aldıqdan sonra Məmmədin öldürüldüyünü eşitdim, lakin digər girov alınan şəxslər hələ də orada saxlanılırdılar. Karo Babayan bizi əsir alanlara başçılıq edirdi. O, yanğından mühafizə şöbəsinin rəisi və polis kapitanı idi. Babayan orada saxlanılan insanlara işgəncələr verirdi. Bizimlə bərabər qadınlar və uşaqlar da əsir alınmışdılar. 1992-ci il mart ayının 14-də onlar 21 əsiri Əsgəran polis şöbəsinin pasport bölməsinə yığdılar. Karonun qrupundan olan erməni əsgərləri həmin bölmədə bizi döyürdü. Həmin gündən sonra onlar bizi geri Azərbaycana göndərdilər. Bizi göndərməzdən əvvəl Karo Babayan Faiq Əliməmmədovu şöbənin həyətində öldürdü. Qardaşım Cəmil Cümşüd oğlu Məmmədov da bu faktı təsdiqləyə bilər.

Valeh Sahib oğlu Hüseynov:

1992-ci ilin fevral ayının 25-dən 26-sına keçən gecə, saat 23:00 - da Xocalının işğal edildiyini gördükdən sonra arvadım Səadət, əmim Zəkəriyyə Quliyev, onun həyat yoldaşı Şura, onların oğlu Əkbər, Taleh və nəvələri Sevinc və Samir Əsgərana doğru qaçmağa başladılar. Biz Şelli və Dəhrəz kəndləri arasında olduğumuz zaman ermənilər bizi mühasirəyə aldılar və atəş açdılar. Biz müxtəlif istiqamətlərə qaçaraq gizlənməyə çalışırdıq. Daha sonra biri-birimizi itirdik. Şelli kəndinə çatanda mən qaçıb xilas olan şəxslər arasında arvadımı tapdım və onun gizləndiyi yerə getdim. Orada adlarını tanımadığım 13-14 nəfər Xocalı sakini, eləcə də Səlim, Dürdanə, Səidə və Elşad da vardı. Bizim güllələrimiz bitdikdən sonra ermənilər bizi əsir aldılar. Həyat yoldaşım güllə yarasından vəfat etdi. 1992-ci il fevralın 26-sı bizi Əsgərana gətirdilər. Onlar bizi yolumuzun üstündəki Qarqar çayının soyuq suyuna salırdılar. Səhər saat 10:00 da bizi 13-14 nəfərlə birgə Əsgəran polis şöbəsində yerləşdirdilər. Kişiləri və qadınları ayırıb döyməyə başladılar. Mən eyni zirzəmidə qaldığım Elxanı, Natiqi, Səlimi, Vasifi, İlqarı, Səadəti (hal-hazırda onlar vəfat edib), İntizamı və Mehmanı xatırlayıram. Hər zirzəmidə 15-20 nəfər girov saxlanılırdı. Həmin axşam polis şöbəsində yanğından mühafizə bölməsinin rəhbəri və digər saqqallı ermənilərə başçılıq edən Karo məni, Elxanı, Səlimi, Hüseyni və Natiqi zirzəmiyə salmağı əmr etdi və onlar bizi qəddarcasına pulemyotun lüləsi, stulun ayaqları və dəyənəklə döydülər. Bizimkinə bitişik olan zirzəmidən də nalələr eşidilirdi. Beləliklə, biz ermənilərin orada saxlanılan qadınları döydüyünü, zorladığını və təhqir etdiklərini anladıq. 1992-ci il fevral ayının 28-də saat 16:00 – 17:00 radələrində onlar məni və Elxanı Karonun işgəncələri üçün hazırlanmış xüsusi otağa gətirdilər və orada baş barmağımın dırnağını dartıb çıxartdılar və barmaqlarımı qırdılar. İşgəncələr zamanı mən bir neçə dəfə huşumu itirdim. Martın 1-i Karo və digər saqqallı ermənilər zirzəmiyə daxil oldular və hər kəsi döydülər. Karonun təlimatlarını yerinə yetirən bir erməni öz bıçağını çox dərindən yaralamadan Elxanın sinəsinə batırsa da o ölmədi. İki saat sonra Karo Elxanı, Natiqi və (adlarını xatırlamadığım) iki şəxsi harasa apardılar və mən onların başına daha sonra nə gəldiyini bilmədim. Daha sonra Karonun Səlimi, Hüseyni, Arazı, Vasifi zirzəmidən çıxardığını və güllələdiyini öyrəndim. O, bizi həmin gün saat 20:00 və 21:00 radələrində yenidən döymək üçün apardığı zaman adı Faiq olan bir nəfəri güllələdi. 1992-ci il mart ayının 22-də onlar bizi Azərbaycana geri gətirdilər və 3 erməni ilə dəyişdilər.

Yusif Müseyib oğlu Kərimov:

1992-ci il fevralın 25-dən əvvəl mən Xocalıda ailəm, yəni yoldaşım İltima Möhtərəm qızı Kərimova, oğlum Alqayıt və qızlarım Aynurə, Aygün və Yeganə ilə yaşayırdım. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalı işğal olundu. Həmin an mən dəmir yolunun yaxınlığında pulemyotla növbədə dayanmışdım. Evə qayıdanda ailəmi orda görmədim. Əksəriyyətinin qadınlar və uşaqlar olduğu 20-25 nəfər rayon sakinini və ailəmi gördüyüm Qarqar çayı istiqamətində getdim. Həmin andaca ermənilər bizi mühasirəyə alaraq güllələdilər. Mən də atəş açdım, lakin pulemyotun qundağı çox qızdığından və parçalara bölündüyündən onu çaya atdım. Ermənilər məni sağ budumdan vurdular və əsir aldılar. Onlar aralarında bir neçə rusun olduğu, lakin adlarını bilmədiyim saqqal şəxslər idi. Pulemyotun lüləsi və taxta parçaları ilə bizi qəddarcasına döydükdən sonra piyada getməyə məcbur etdilər və Xocalıda bir mağazaya yığdılar. Onlar həmçinin başqa insanları da ora gətirdilər. Orada təxminən 30 nəfər adam vardı. Hüseyn Sarıyev, Həsən Həsənov, Ələsgər və Şərqiyyəni və onların qızları Alimə və İradəni xatırlayıram.

1992-ci il fevral ayının 26-da onlar bizi bir avtobusa yığdılar və Xankəndindəki lal insanlar üçün olan məktəbə gətirdilər. Adlarını bilmədiyim ermənilər bizə dəhşətli işgəncələr verdilər. Bir erməni pulemyot silahın lüləsi ilə vuraraq alnımı partlatdı. Onlar Şərqiyyənin 24 yaşlı qızı İradəni soyunduraraq, ona təcavüz etdilər sonra isə döyməyə başladılar. Ermənilər mənim yoldaşım İltiması da cinsi zorakılığa məruz qoydular və onu çirkinləşdirmək üçün saçlarını kəsdilər. Ermənilər mənim 6-7 yaşlı uşaqlarımı beton döşəməyə çırpdıqlarından, övladlarım hələ də başağrısından əziyyət çəkir.

Daha sonra ermənilər məni yoldaşımdan ayırdılar və zirzəmiyə ataraq dəhşətli işgəncələrə məruz qoydular. Mənim soldan dörd qabırğam zərbədən çatladı. Bir erməni bıçağı sol çiynimə batıraraq, sinəmdən çıxardı və bir parça kağızı alovlandıraraq saçımı yandırdı və daha sonra zirzəmiyə atdı. Orada mən gücdən düşərək inildəyən həyat yoldaşımı, uşaqlarımı, digər kişi və qadınları gördüm.

1992-ci il martın 5-də onlar məni ailəmdən ayırdılar və Hüseyn, Elbrusla birgə Xankəndi polis təcridxanasına gətirdilər. Burada biz Əsgəran polis bölməsinin rəhbəri Ağacanyan tərəfindən döyüldük. Gözlərimizin qarşısında onlar Xocalı sakini Məmmədəlinin oğlunu öldürdülər. Bir həftə sonra onlar digər Xocalı sakinləri Canahat, Əlif Hacıyevin atası Lətif Məmmədovu, Qayimi, Kamil Hüseynovu, Əbülfəti, Əlini və onun oğlu Nəbini oraya gətirdilər. Onlar orada da bizə işğəncələr verdilər.

1992-ci il aprelin 16-sı onlar məni və Kamili Xankəndi rayonunda Xanbağı adlanan yerə gətirdilər və orada 5 gün rus əsgərləri ilə birgə bizi döydü, təhqir etdi və işgəncələr verdilər.

1992-ci il aprelin 20-də onlar bizi Yerevana və bundan sonra isə Goris və Mehriyə gətirdilər. Orada bizi daima döyüldüyümüz və təhqir olunduğumuz zirzəmidə saxladılar.

1992-ci il iyulun 24-də onlar məni və Kamil Hüseynovu Qubadlı bölgəsinə gətirdilər və azad etdilər. May ayında ailə üzvlərimi dəyişdilər.

Əsirlikdə qaldığım zaman aldığım zədələrə görə görmə qabiliyyətim pisləşdi və indi Göz Xəstəlikləri İnstitutunda tibbi müalicə alıram.
Bundan başqa bütün mal varlığım ermənilər tərəfindən oğurlandı.

Sahidə Qurban qızı Ələkbərova:

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalı rayonu üç istiqamətdə açılan atəşlərə məruz qaldı. Biz şəhəri tərk etməli olduq. Ermənilər 9 nəfərlə birgə bizi Qaraqaya adlanan yerdən girov götürərək Əsgəran polis bölməsinə gətirdilər. Ora gedən yolda onlar bizim bütün pulumuzu, sənədlərimizi və zinət əşyalarımızı götürdülər. Bizimlə birgə təxminən 70 qadın və uşaqlar var idi. Ermənilər gənc qızları apardılar və onlara işgəncələr verdilər. Bir gün onlar mənim 6 yaşlı qızımı da aparmaq istədilər. Mən buna icazə vermədim və onlar mənə işgəncə verməyə başladılar. Həmin gün anam öz dini etiqadına görə öldürüldü. Bacılarım Məxmər Hüseynova və Məhbubə Abışova, onun oğlu Çingiz, qızı Çinarə və qaynım Zöhrab hələ də itkindir. 70 nəfərlə birgə biz iki erməni cəsədinə görə mübadilə edildik. Rayonun işğalı səbəbindən bizim bütün mal varlığımız və evimiz ermənilər tərəfindən talan edildi.

Adilə Əli qızı Nəcəfova:

1992-ci il, fevralın 25-dən 26-a keçən gecə ermənilər Xocalını ələ keçirdilər, bizi isə şəhəri tərk etməyə məcbur etdilər. Bizimlə birlikdə təxmini 150-200 nəfər var idi. Meşəyə qaçdıq. Təxminən 200 nəfər silahlı erməni əsgəri bizə atəş açırdı, onların arasında rus əsgərləri də var idi. Güclü atışmadan sonra 150-200 nəfərdən cəmi 20 nəfəri sağ qala bildi. Ermənilər pulumuzu, qızıl əşyalarımızı əlimizdən alırdılar, insanların qızıl dişlərini vəhşicəsinə kəlbətinlə çıxarır, qadınların qulaqlarını kəsib sırğalarını götürürdülər. Atamın və mənim qızıl dışlərimizi çıxardılar. Qonşumuz Cəlalın arvadını, qızını, oğlunu və onun nişanlısını vəhşicəsinə qətlə yetirdilər. Gözlərimiz önündə Müşviq adlı oğlanı maşına bağlayıb arxasınca sürüdülər. Üzü yaranlanmış, qolları bir neçə yerdən sınmışdı. Öz atası belə cəsədini tanıya bilmədi. Bir gün içində dəfələrlə vəhşicəsinə döyülürdük. Ermənilərdən Canna adında qadın bizə əziyyət edirdi. Qarı belə yeməyimizə imkan vermirdilər.

Vüqar Əli oğlu Nəcəfov:

1992-ci il, fevralın 25-dən 26-a keçən gecə 23:00 radələrində ermənilər Xocalını işğal etdilər. O vaxt biz növbədə idik. Ətrafımızı mühasirəyə aldıqlarında Ağdam rayonuna tərəf qaçmağa çalışdıq. Birlikdə 60-70 nəfər idik, ancaq 20-30 nəfərimiz sağ qala bildi. Ermənilər bizi bir evə yığıb əzab verirdilər. Aramızda Əhməd adında Özbəkistandan olan Məsxəti türkü var idi. Əllərini və ayaqlarını bağlayıb başını kəsdilər. Sonra məni Xankəndiyə apardılar. Orada məni zirzəmiyə atıb əllərimi bağladılar, huşumu itirənədək məni döymüşdülər. Bıçağı qızdırıb ayaqlarımı dağlayırdılar. Bədənimdə bıçaqdan qalan bir neçə çapıq izi var. Sonra sarı rəngdə dərman içməyə məcbur etdilər. İndi o dərmanın nə olduğunu bilirəm. 9 ildir ki, evliyəm ancaq hələ də uşağım olmur. Mənim kimi bir çox gənc azərbaycanlılara işgəncə edərək həyatımızı bədbəxt etdilər. Bu işgəncələrdən sonra əsəb xəstəliyindən əziyyət çəkirəm, böyrəklərim tez-tez ağrıyır, ayaq üstdə güclə dururam. Ermənilər evimizi, mal-mülkümüzü, var-dövlətimizi talan etdilər.

Etibar Əli oğlu Nəcəfov:

1992-ci il, fevralın 25-dən 26-a keçən gecə 23.00 radələrində ermənilər Xocalıya hücum etdilər. Həmin vaxt xidmətdə vəzifə başında idik. Səhər 4:00 – 5:00 radələrində ermənilər tankdan bizə atəş açdılar. Ciddi yaralandığımdan huşumu itirdim. Ayılanda atəşin dayandığını gördüm. Ermənilər məni və bir neçə Xocalı sakinini tutub Xankəndində təcridxanaya gətirdilər və orda bizə işgəncə verdilər. Sol ayağımın ciddi yaralanmasına baxmayaraq, bir metr uzunluğunda dəmir parçası ilə vuraraq sağ ayağımı da sındırdılar. Ələsgər adında oğlanın qızıl dişlərini kəlbətinlə sökdülər. İşgəncələrə dözə bilmədi, elə həmin gecə öldü.

Oradakı insanların çoxu işgəncələrə dözə bilməyərək həyatlarını itirdilər. Şəhəri ələ keçirdikdən sonra ermənilər evimizi, mal-mülkümüzü, bütün var-dövlətimizi talan etdilər.

Ramil Bilmən oğlu Ələkbərov:

1992-ci il, fevralın 25-dən 26-a keçən gecə valideynlərimlə birlikdə Xocalıdakı evimizi tərk etdik. O vaxt 12 yaşım var idi. Şəhərdən çıxıb meşəyə qaçdıq və orda 6 gün qaldıq. Ermənilər bizi mühasirəyə alaraq atəş açmağa başladılar. Sol ayağımdan yaralanmışdım. Ermənilərin 16 gənci öldürüb traktorla quyuya atdıqlarını gözlərimlə gördüm. Ağdama qaçmağa çalışarkən ermənilər bizi tutdular və vəhşicəsinə atamı döydülər. Pulumuzu və qızıl əşyalarımızı götürdülər. Sonra Ağdam rayonunda yerləşən fermaya gətirərək orada 3 gün saxladılar. Ayağım ciddi yaralanmışdı, valideynlərim qanaxmanı kəsmək üçün iplə möhkəm bağlamışdılar. Ermənilər orda saxladıqları girovları vəhşicəsinə döyürdülər. 3 gün sonra bizi buraxdılar. Əsirlikdən azad olunduqdan sonra Ağdam xəstəxanasında müalicə aldım, ayağımda 12 tikiş yeri var. İndi o gördüyüm işgəncələrdən əziyyət çəkirəm. Hələ də normal yeriyə bilmirəm. Atam əsir alınan zaman gördüyü işgəncələrin nəticəsidir ki, indi böyrək və qaraciyər xəstəliyindən əziyyət çəkir.

Asya Müşür qızı Bidzinova:

Əvvəllər Özbəkistanda yaşayırdım. Azərbaycanda sığınacaq tapdıq və Xocalıda məskunlaşdıq. 1992-ci il, fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalını ələ keçirdilər. İnsanlar meşəyə qaçmağa başladılar. Biz evin zirzəmisində gizləndik. Ermənilər zirzəmiyə girərək atəş açmağa başladılar. Ərim də atəş nəticəsində öldü. Ona yaxınlaşmaq istədiyimdə ermənilər pulemyotun lüləsi ilə arxadan məni vurdular. Bədənimdə onun hələ də izi var. Azyaşlı uşaqlarla birgə 64 nəfəri Xankəndinə apararaq 3 gün orada saxladılar. 3 gün ərzində bizə bir dilim çörək belə vermədilər. Ermənilər gənc qızlara təcavüz edir, bizi isə tez-tez döyürdülər.

Mahir İmran oğlu Xəlilov:

1992-ci il, fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıya hücum etdilər. Evləri yandırır, günahsız insanları qətlə yetirir, mal-mülkümüzü qarət edirdilər. Biz meşəyə qaçdıq. Bir gün sonra Ağdamda Abdul-Gülablı kəndinə çatdıq. Orda 30 erməni silahlısı bizi mühasirəyə alaraq girov götürdülər. Mən, qayınatam, qayınanam, arvadım və iki qızım birlikdə idik. Uşaqların bir yaşı olmamışdı. Ermənilər bizi girov götürdükdən sonra vəhşicəsinə döyüb Əsgəran rayonunun Dəhrəz kəndinə apardılar. Orada bir həftə bizi zirzəmidə saxladılar. Kiçik uşaqların olmasına baxmayaraq pulemyotun lüləsi, dəyənək, şişlə döyülmüş vəziyyətdə bizi soyuq, ac və susuz saxlayırdılar. Mən kəllə-beyin travması aldım, sinir sistemim isə tamamən pozuldu. Xocalını tərk edən zaman evimizi, qızıl əşyalarımı ermənilər qarət etdi. Ermənilər bizi girov götürən zaman pulumuzu belə aldılar. Martın 3-ü azad edildik. Bizə işgəncə verən ermənilər arasından yalnız pulemyotun lüləsi, dəyənək və zopa ilə bizi döyən ermənini xatırlayıram.

Dilşad Saday qızı Quliyeva:

1992-ci il, fevralın 25-dən 26-a keçən gecə ermənilər Xocalını tutdular. Onlar günahsız insanları öldürür, evləri yandırır, insanların mal-mülkünü talan edirdilər. Xocalının sağ qalmış sakinləri müxtəlif istiqamətlərə qaçdılar. Biz meşəyə qaçdıq və orada gizləndik. Naxçıvanik yaxınlığında 4 gün boyunca gizləndikdən sonra təxminən 30 erməni əsgəri bizi əsir alaraq erməni kəndinə gətirdi. Dondurucu şaxtalı havada onlar bizi ayaqyalın gəzməyə məcbur edirdilər. Aclıqdan, şaxtadan ölən insanlar var idi. Erməni kəndində bizi bir zirzəmiyə ataraq vəhşicəsinə döydülər. Gözümün önündə 7-8 azərbaycanlını güllələyərək qətlə yetirdilər. Sonra bizi Əsgərana apararaq həbsxanaya saldılar. Bizə yemək və su vermirdilər, vəhşicəsinə döyür, yanan siqaretlə kişi və qadınların bədənini dağlayırdılar. Bütün pulumuzu, qızıl əşyalarımızı götürdülər. Mənim qızıl boyunbağımı, saatımı, üzüyümü və sırğalarımı götürdülər. Müqavimət göstərdiyimizdə isə vəhşicəsinə bizi döyürdülər. Xocalıdan çıxdıqdan sonra ermənilər bütün var-dövlətimizi taladılar. Evimizi dağıtdılar. Bizi əsir aldıqlarında iki qaynım da bizimlə idi. Onlardan biri Mikayıl Zahid oğlu Quliyev intihar etdi. Azad Zahid oğlu Quliyev isə ermənilər tərəfindən əsir götürülərək 28 gün girov saxlanıldı. Əsgəranda bir gün ermənilər məni əsir saxladıqdan sonra danışıq apararaq məni başqası ilə dəyişmişdilər.

Şəhla Bahatur qızı Səfərova:

1992-ci il, fevralın 25-dən 26-a keçən gecə bizi Xocalıdan çıxmağa məcbur etdilər. Yoldaşım və 5 uşağımla birlikdə meşədə gizləndik. Ermənilər bizi mühasirəyə aldılar. Naxçıvanik kəndində sol qolumdan yaralandım. Hərəkət edə bilmirdik, hər tərəfdən mühasirədə idik. Ermənilər bizi Əsgərana apararaq polis bölməsində saxladılar. Yaralı olduğuma baxmayaraq mənə heç bir tibbi yardım göstərilmədi. Soyuq olsa da bizi yemək-içməksiz pəncərəsi olmayan otaqda saxlayırdılar. Xocalını tərk etdikdən sonra ermənilər evimizi, pulumuzu, qızıl əşyalarımızı hər şeyimizi taladılar. İki gün sonra məni əsirlikdən azad etdilər.

Azad Zahid oğlu Quliyev:

1992-ci il, fevralın 25-dən 26-a keçən gecə Xocalını tərk edərək meşəyə sığındıq. Qardaşım Mikayıl, baldızım Dilşad və əmioğlum Asif də mənimlə birlikdə idi. Qardaşım Mikayıl girov düşməsin deyə özünü öldürdü. Naxçıvanikə yaxın ərazidə bizi girov götürdülər. Naxçıvanik, Əsgəran və Noraqexdə girov saxlanıldım. Ermənilər tez-tez bizi pulemyotların lüləsi ilə döyür, yemək vermir, yanan siqaretlə bədənimizi dağlayırdılar. Naxçıvanikdə olduğum zaman ermənilər 8 azərbaycanlını qətlə yetirdilər. Əsgəranda müstəntiq Karen, Noraqexdə isə müstəntiq Samvel yadımdadır. Onlar azərbaycanlıları amansızcasına döyür, işgəncə verirdilər. 14 gün əsir saxlanıldıqdan sonra digərləri ilə birgə azad edildik.

Səttar Muxtar oğlu Ağayev:

1992-ci il, fevralın 25-dən 26-a keçən gecə Xocalını tərk etdik. O gün mən növbədə idim. Evə qayıtdığımda evdə heç kəs yox idi. Meşəyə doğru getdim və ailəmlə orada görüşdüm. Hava şaxtalı idi. Qarqar çayını keçərkən başdan-ayağa islandıq. On yaşlı oğlum Vüsalı qucağıma alaraq yola davam etdik. Ancaq oğlum şaxtaya dözə bilməyərək həyatını itirdi. Ayaqlarım donduğundan mən də hərəkət edə bilmirdim. Bu zaman iki erməninin mənə yaxınlaşdığını gördüm, onlar məni vəhşicəsinə döyüb əsir aldılar. Oğlumun cansız bədənini əllərimə götürmək istədim ancaq təpiklə onun cəsədini itələyərək ona toxunmağa izin vermədilər. Məni Dəhrəz və Xankəndində əsir saxladılar. Zirzəmidə saxladıqları vaxt məndən milli orduda xidmət edən oğlumun olub olmadığını soruşdular. Onları aldatmağa çalışaraq yox cavabı verdim. Sonra mənə onun sənədlərini göstərdilər, ancaq yenə də inkar etdim. Məni amansızcasına döyürdülər, sonra mənə milli orduda xidmət edən oğlum Zahid Ağayevin cəsədini göstərdilər. Onu qucaqlamaq istədiyimdə məni vəhşicəsinə döydülər və huşumu itirdim. Kəlbətinlə bütün dişlərimi çıxardılar. Ayağımdakı yaralar çürüməyə başladı. Onlar məni müalicə etmədilər. 35 gün əsir saxlanıldıqdan sonra azadlığa buraxıldım.

Sərdar Səttar oğlu Ağayev:

1992-ci il, fevralın 25-dən 26-a keçən gecə Xocalını tərk etdik. Silahlı yoldaşlarımla birgə vətəndaşlara kəndi tərk etməyə kömək etdik. Meşəyə doğru irəliləyirdik. Qəfildən toqquşma başladı. Dostlarımdan ayrılaraq ermənilərə əsir düşdüm. Amansızcasına döyüldükdən sonra huşumu itirdim. Ayıldıqda isə toyuq hinində olduğumu gördüm. Bir erməni əsgəri pulemyotun lüləsi ilə vəhşicəsinə məni döyməyə başladı. Başımdan vurdu. Gözlərimin önündə hər şey qaraldı və bərbad halda yerə yıxıldığımı hiss etdim. Ayılanda Abdal-Gülablı kəndində qohumlarımın ətrafında idim.

Sərvər Səttar oğlu Ağayev:

1992-ci il, fevralın 25-dən 26-a keçən gecə Xocalıdan çıxdıq. O vaxt 12 yaşım var idi. İki qardaşım və anamla birlikdə idim. 2 gün heç nə yemədən meşədə qaldıq.

Atəş başladıqda ailəmdən ayrılaraq iki erməni tərəfindən əsir götürüldüm, məni Ağbulaq adlanan yerə apardılar. Orda amansızcasına döyüldüm, 24 saat sonra azadlığa buraxıldım. Çox qorxmuşdum, hədsiz həyəcanlı idim. Buna görə də tez-tez ürək tutması baş verir, əsəb xəstəliyindən əziyyət çəkirəm, hərəkətlərimi idarə edə bilmirəm.

Kamil Dadaş oğlu Hüseynov:

1992-ci il, fevralın 25-dən 26-a keçən gecə Xocalıdan çıxdıq. Həmin gün növbədə idim. Çətinliklə evə çatdım, evdə heç kəs yox idi. Meşəyə qaçdım, Xocalıdan olan başqa sakinlərlə birlikdə 3 gün orda qaldım. Hava olduqca şaxtalı və dumanlı idi. Buna görə də yolu itirmişdik. Ağdam rayonunun Abdal-Gülablı kəndinə getmək istəyirdik. Ancaq səhvən Dəhrəz kəndinə gəldik. Təxminən 50-60 silahlı erməni əsgəri bizə atəş açdılar. Bir çoxları elə ordaca həyatlarını itirdi. Məni isə əsir alaraq Xankəndində təcridxanaya apardılar. Mənimlə bərabər əsir düşənlərin adları hələ də yadımdadır; Niftalin, Səttar, Səməndər, Məhəmməd, Kamal, Əliş, Əbulfət. Orada saxladıqları vaxt amansızcasına pulemyot lüləsi ilə bizi döyürdülər. Bundan başqa, adi vətəndaşlara da bizi döymələrinə icazə verirdilər. Təcridxanada olan müfəttiş Feliks və Artur yaxşı yadımdadırlar. Sonra bizi Ermənistana, Qorisə apardılar. Yerevan polis bölməsində saxlanılaraq amansızcasına şiddətə məruz qaldım. Bizə yeməyə heç nə vermirdilər. Bütövlükdə 6 ay əsirlikdə qaldım. Sonra Qubaqlıda bizi erməni girovları ilə dəyişdirdilər. İşgəncələrin nəticəsində mədə-bağırsaq xəstəliyinə tutuldum və sonralar əməliyyat olundum. Əsirlikdən azad olunduqdan sonra ermənilərin 7 yaşlı qızım Maralı öldürdüklərini mənə dedilər.

Rahilə Rəşid qızı Hacıyeva:

1992-ci il, fevralın 25-dən 26-a keçən gecə ermənilər Xocalını ələ keçirdilər. Onlar günahsız insanları öldürdü, evləri yandırdı, insanların mal-mülkünü talan etdilər. İnsanları evlərini tərk etməyə, çıxıb getməyə məcbur etdilər. Həmin vaxt yoldaşım Mustafayev Vidadi Şəfa oğlu döyüşdə iştirak edirdi. Könüllü batalyonda xidmət edirdi. Evimizi tərk edə bilmədik. Qızlarım Səfayət, Ayşən, oğlum Taleh, baldızım Rahilə, Xocalı polis bölməsində işləyən Elxanın ailəsi evimizin hamamında gizlənmişdilər. Qar yağırdı, hava şaxtalı idi. Elxan səhər 4:00-5:00 radələrində evimizə gəldi. Ermənilərin artıq Xocalını işğal etdiyini dedi. Fevralın 26-sı 11:00 radələrində ermənilər evimizə basqın edərək bizi əsir götürdülər. Bizi vəhşicəsinə döyürdülər. Qızım Səfayət ağlayırdı: ″Anamı döyməyin″. Ermənilər onu tutaraq ikinci mərtəbədən aşağı atdılar. Diz oynağı zədələnmişdi. Sonra ermənilər Elxanı döyməyə başladılar. Yoldaşım Vidadinin döyüşdə yaralandığını, ermənilərin əlinə düşməyək deyə özümüzü öldürməyimiz üçün ona patron verdiyini dedi. Elxan bunu edə bilmədiyi üçün üzr istədi, ermənilər onu gözlərimiz önündə döyərək öldürdülər. Ermənilərdən biri onun arvadını götürdü. İki oğlu isə bizimlə bərabər Əsgəran polis bölməsinə aparıldı. Bizi əsir alan ermənilərdən Şuşakənddən olan Aşotu tanıdım. Atasının adı Ata idi. Bir həftə bizi Əsgəranda saxladılar. Bizim aramızda hal-hazırda Gəncədə 9 nömrəli kollecin yataqxanasında yaşayan Dumbay ləqəbli azərbaycanlı var idi. Onu döyə-döyə apardılar. Qayıtdıqda isə yoldaşımın zirzəmidə saxlanıldığını dedi, ermənilərin onun gözü önündə bizə işgəncə verərək öldürməyi planladığını danışdı. Sonra ermənilər bir neçə dəfə məndən o kişinin kim olduğunu soruşdular. Heç nə cavab vermədiyimdən işgəncə verməyə başladılar. Armaturu qızdırıb bədənimə dağ basırdılar. Sol qolumu və üst çənəmi bıçaqla kəsdilər. İzləri hələ də qalır. Sonra yoldaşım Vidadinin 4 azərbaycanlı ilə birgə döyüşdə 20 yaşlı qardaşı öldürülmüş erməni tərəfindən qəbiristanlığa aparıldığını, orada başı kəsildiyini öyrəndim.

Baldızım Rahilə Mustafayeva da girov saxlanıldı. 25 yaşı var idi. Bir neçə dəfə ermənilərin təcavüzünə məruz qaldıq. Bizi pulemyot lüləsi, dəyənəklə amansızcasına döyür, yemək vermirdilər. Ermənilərdən Karo adlı bir kişi bizə işgəncə verirdi. O digərlərindən daha zalım idi. Əsirlərin qollarını, ayaqlarını bağlayır, dəyənəklə döyüb sümüklərini sındırırdı. Yanan siqareti onların gözünə, bədəninə dağlayır, qadınlara təcavüz edirdi. Həmişə hərbi formada idi. Ermənilər bütün pulumuzu, qızıl əşyalarımızı və sənədlərimizi aldılar. Baldızım Rahilə ağır xəstələndi. Işgəncələrdən qanaxması olmuşdu. Əsirlikdən azad olunana kimi onu sağ saxlamaq çətin idi. Bizi soyuqda, yemək-içməksiz saxlayırdılar. Uşaqlar da xəstələndi. 7 gün sonra erməni əsirlərlə bizi dəyişdilər. Azad olunduqdan sonra müalicə almalarına baxmayaraq baldızım Rahilə və qızım Səfayətin həyatını xilas etmək mümkün olmadı. Qızım Səfayət 22 yaşında vəfat etdi, Ayşən və Taleh isə daimi olaraq həkim nəzarətindədirlər. Özüm əməliyyat olundum. Kəllə-beyin travması aldığımdan tez-tez baş ağrısından əziyyət çəkirəm.

Elmira İsgəndər qızı Vəliyeva:

1992-ci il, fevralın 25-dən 26-a keçən gecə ermənilər Xocalıya basqın etdilər. Evləri yandırır, günahsız insanları öldürürdülər. Meşəyə güclə qaçaraq 5 gün orda qaldıq. Hava olduqca şaxtalı idi. Soyuqdan donmuşduq. Bu vəziyyətdə əsir götürülərək bir neçə gün girov saxlanıldıq. Sonra bizi erməni əsirlərlə dəyişdirdilər. Əsgəranda qaldığımız günlərdə bizi dəyənəklə amansızcasına döyürdülər. Ermənilər üzüyümü, boyunbağımı, sırğalarımı, bütün pulumu əlimdən aldılar. İşgəncələrin nəticəsidir ki, tez-tez baş ağrılarım olur, əsəb xəstəliyindən əziyyət çəkirəm.

Güloyşə Bəxtiyar qızı Məmmədova:

1992-ci il, fevralın 25-dən 26-a keçən gecə Xocalını tərk etdik. Oğlum Fərhadla birlikdə meşəyə sığındıq. Meşədə 3 gün qaldıqdan sonra Gilinbağ ərazisində əsir alınaraq Əsgərən polis bölməsinə aparıldıq. Orada 10 gün qaldıq. Bizi vəhşicəsinə döyür, yemək vermir, bir çox gənc qadınlara işgəncə verərək təcavüz edirdilər. Pulemyot lüləsi, dəmir parçaları, dəyənəklə döyülürdük. 10 gün əsirlikdə qaldım. Əsirlikdə aldığım zədələrin əzabını hələ də çəkirəm. Kəllə-beyin travması aldım. Yuxu dərmanları olmadan yata bilmirəm. Tez-tez kəskin baş ağrılarım olur. Böyrək və mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkirəm.

Sənəm Həsən qızı Abdullayeva:

1992-ci il, fevralın 25-dən 26-a keçən gecə atam, anam, bacılarım Xədicə, Təzəgül, Lətafət, qızlarım Vüsalə, Xəyalə və qardaşım oğlu Ruslanla birlikdə Xocalını tərk etdik. Meşəyə qaçdıq ancaq atam, anam və bacım Lətafət orada həyatlarını itirdilər. 4 gün boyunca meşədə gizləndik. Sonra Pircamal kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülərək 300 Xocalı sakini ilə birlikdə tövlədə saxlanıldıq. Əsir altında olduğumuz zaman silahlı erməni əsgərləri Faiq Əliməmmədovu və İsmayılı öldürdülər. Ermənilər bizi pulemyot lüləsi və dəyənəklərlə döyür, ac saxlayırdılar. Bir gün sonra biz azad edildik.

Fərman Qəzənfər oğlu Məmmədov:

1992-ci il, fevralın 25-dən 26-a keçən gecə ermənilər Xocalını ələ keçirdi. Bizi doğma torpağımızdan çıxmağa məcbur etdilər. O vaxt 10 yaşım var idi. Digər kənd camaatı ilə birlikdə anam və mən meşəyə qaçdıq.

Heç nə yeyib içmədən 3 gün dondurucu soyuqda qaldıq. Sonra ermənilərə əsir düşdük. Bizi vəhşicəsinə döyərək Əsgəran polis bölməsinə gətirdilər. Orada bizi zirzəmidə 10 gün boyunca saxladılar. Orada təxminən 20-30 adam var idi. Həbsxana gözətçiləri hər gün bizi polad dəyənəklə döyür, gənc qadınlara təcavüz edirdilər. Qida təminatımız da yox idi. O vaxt uşaq idim, qorxudan ağladığımda ermənilər məni yerə yıxaraq təpiklə döyürdülər. Buna görə də böyrəklərim xəstədi. 10 gün sonra azad edildik. 1996-cı ilə qədər tibbi müalicə aldım. Ermənilər evimizi, bütün mal-mülkümüzü taladılar.

Sevil Mürsəl qızı Abdulova:

1992-ci il, fevralın 25-dən 26-a keçən gecə ermənilər Xocalını işğal etdilər. Ailəm - yoldaşım və 3 uşağımla birlikdə meşəyə qaçdıq. Ermənilər bizi mühasirəyə aldılar. İnsanların çox olduğu istiqamətə doğru atəş açmağa başladılar. 12 yaşlı oğlum Ceyhun və mən yaralandıq, sonra Ağdam rayonu yaxınlığında Qaraqaya adlanan yerdə digər ailə üzvlərindən ayrıldıq. Orada iki silahlı erməni əsgəri tərəfindən əsir alındıq. Xankəndindən Gülli adında qadın və oğlu da bizimlə idi. Qadın bütün pulunu yandırdı. Ermənilər bunu görən zaman hər ikisini öldürdü. Çantamdan pulu və qızıl əşyalarımızı götürdülər. Sonra Xankəndində bir evə gətirərək bizi orda 3 gün saxladılar. Ev sahibinin adı Sarkis idi. Oğlu Karlen Ayrumyan Azərbaycanda həbsxanada idi. Sonra ermənilər bizi Əsgəranda onun oğluna dəyişdilər.

Fatma Həsən qızı Zamanova:

1992-ci il, fevralın 25-dən 26-a keçən gecə Xocalının işğalından sonra ailəmlə müxtəlif istiqamətlərdə qaçdıq, mən bombardmandan qorunmaq üçün düzəldilən zirzəmidə gizləndim. Orada təxminən 100 nəfər qadın, kişi, uşaq və böyük var idi. Bir müddət sonra erməni və rus əsgərləri bizi taparaq pulemyot lüləsi ilə vəhşicəsinə döyməyə başladılar, insanları təpikləyərək zirzəmidə sürüyürdülər. Yoldaşım Novruz Qulu oğlu Zamanovun cansız bədənini görən zaman ona yaxınlaşmaq istədim ancaq erməni əsgəri məni gördükdə ayağı ilə itələyərək geri yıxdı. Sonra bizi Mehdi kəndinə gətirdilər. Orada Azərbaycan əsgərlərini soyunduraraq gözümüzün önündə güllələdilər, bədən hissələrini kəsir, bir-birinə atırdılar. Hamilə qadının qarnını kəsərək uşağı çıxardıb güllələyərək parça-parça edirdilər. Azərbaycan qadınlarının oğlan uşaqları dünyaya gətirmələrinə imkan verməyəcəklərini deyirdilər, çünki bir gün silahlarını götürüb erməniləri öldürmək üçün geri dönə bilərlər. Qadınların qarınlarına şüşə butulka qoyub çəkiclə içəri salırdılar, sonra mədələrinin üstündə tullanaraq butulkaları qırırdılar, köhnə qaloşları qarınlarına salırdılar. Çirkin görsənsinlər deyə qızların saçlarını kəsirdilər. İçimizdən 50 qız seçərək təcavüz etməyə apardılar. Ermənilər kişiləri soyundurur, qızları ilə cinsi əlaqədə olmağa məcbur edir, etiraz etdikləri halda isə başlarını kəsməklə hədələyirdilər. Bizə işgəncə verənlərin adlarını dəqiq xatırlamıram. Xankəndində bir binanın zirzəmisində sağ qalmış adamları bizim zirzəmiyə gətirdilər, işgəncələr hələ də davam edirdi. Mən 1992-ci il Martın sonunda azad edildim.

Şahnaz Yusif qızı Behbudova:

1992-ci il, fevralın 25-dən 26-a keçən gecə Xocalı ələ keçirildi. Qayınatam Şura Paşayev, qayınanam Kübra Paşayeva o vaxt bizimlə bərabər idi. Qarqar çayını keçdikdən sonra Naxçıvanik kəndi yaxınlığında övladlarımızla birgə meşəyə qaçaraq Ağdama doğru irəlilədik. Ancaq Əsgəran rayonu ilə Ağdam rayonu arasında yerləşən qəbiristanlığa çatdıqda ermənilər bizi mühasirəyə aldı və pulemyotlardan atəş açmağa başladılar. İnsanlar müxtəlif istiqamətlərə qaçmağa başladı. Şəhərdən təxminən 100 qadın, uşaq və yaşlı adamlar var idi. Yoldaşım Elşən Şura oğlu Paşayev və qayınatam Şura Paşayev digərləri ilə birlikdə atışmada həyatlarını itirdilər. Çayın yatağındakı atışmada sağ qalanları sıraya düzərək qumbara atmağa başladılar. Yalnız çalaya doğru qaçmağa çalışan 9 kişi yaralanaraq sağ qala bildi. Qayınanam Kübra sol əlindən iki güllə ilə yaranlanmışdı, mənim isə ayağım sıyrıldı. Qonşularımız Elbrus, İslam, Vüqar, Gülnaz, Sürəyyə (sonra vəfat etdi) sağ qaldılar. Ermənilər bizi yenidən sıraya düzərək müxtəlif əşyalarla vurmağa, söyüş söyməyə başladılar, sonra isə Əsgəran rayon polis bölməsinin zirzəmisinə atdılar. 
Orada qadınları kişilərdən ayrı saxlayırdılar. Bizim zirzəmidə təxminən 40-50 nəfər yaralı qadın və uşaq var idi. İşgəncələr dəhşət idi. Qadınların qolunu, burnunu, qulaqlarını kəsir, su, yemək vermirdilər, uşaqlar ağlayır, yaralı insanlar inildəyirdilər. Bəzən ermənilər hücrəmizə gəlir, gözəl və gənc qadınları özləri ilə aparırdılar, onlar qayıtdıqda isə təcavüzə uğradıqlarını anlayırdıq. Sonradan bir neçə qızın hələ də buraxılmadığını eşitdim. Qızların anaları onlarla getmək istədiklərində isə huşlarını itirənədək döyülürdülər. Ermənilər bütün qızıl əşyalarımızı aldılar. Bütün bu işgəncələr növbəti günədək davam etdi. Azərbaycan ərazisinə 1992-ci il, fevralın 27-si gətirildik.

 

Azərbaycan Respublikası Prokurorluğu tərəfindən
istintaqı aparılan cinayət işinin qeydləri əsasında hazırlanmışdır.