Axşam saat 7-də şəhərdən çıxaraq meşə ilə Ağdama doğru hərəkət edirdik…ayaqyalın idik…qar yeyirdik. Həyat yoldaşımın barmaqları, mənim isə ayaqlarım donmuşdu. Çox adam meşədə ölmüşdü. Biz orada xeyli müddət qaldıq və girov götürülənə qədər uzun yol qət etdik. Hər tərəfdən meşələrin əhatəsində idik, bu da çox adamın sağ qalmasına kömək oldu.
Oğullarımın biri qətlə yetirildi. Digər oğlum isə girov götürüldü. O, bir dəfə televizorda görünüb, ondan sonra isə onu görən olmayıb.
Bizi Əsgəranda girovluqda saxladılar…Əsgəranda bizdən çoxlu sayda girovlar var idi…Qadınları kişilərdən ayırdılar…girovları döyürdülər…kişilərin üzərinə sidik tökürdülər…onlara işgəncələr verilir, üzərinə tüpürülür, heyvan kimi qətlə yetirilirdilər…biz bu otaqdan böyük olmayan, qadınlarla dolu yerdə saxlanılırdıq...Onlar bizi diri-diri yandırmaqla hədələyirdilər...Biz cəsəd və əsirlərlə dəyişdirildik – əlli əsir düşmüş şəxs bir komandir ilə...Həyat yoldaşım döyülmüşdü və geri qayıdarkən yolda həlak oldu...Heç kəs Xocalı sakinləri kimi qətlə yetirilməyib. Mən hələ yaşayıram, lakin iki oğlumu itirmişəm.
Xocalıya az zaman idi ki qaz, su və telefon rabitəsi çəkilmişdi. O, təbii bulaqları olan çox gözəl rayon idi. Rayonun əhatəsində Qarqar çayı axırdı...Xankəndi sağda, Xocalı solda idi. Şəhərdə yeni binalar tikilmişdi və uzun yollar salınmışdı.
Rayonda əsasən kənd təsərrüfatı ilə məşğul idilər; kolxoz təsərrüfatı çoxlu süd məhsulları istehsal edirdi. Rayonda 7000 nəfər əhali yaşayırdı; onun Mədəniyyət Evi və İcra Hakimiyyəti var idi. 1990-cı ildə ona rayon statusu verildi. Novruz bayramında tonqal yandırardıq və bayramı stadionda qeyd edərdik. Yumurta döyüşdürərdik, kəndirbazlar öz məharətini göstərərdi, uşaqlar papaq atardı və qonşular bir-birlərinin evlərinə gedərdilər...Ermənilər qəfildən başladılar: Xocalı, Əsgəran, Ağdam, onların uşaqları daş atardılar. Biz ermənilərə Novruz hədiyyələri (şirniyyat və s.) paylayardıq; kim təsəvvür edə bilərdi ki, bütün bunlar baş verər?
Ağdamdan çıxarkən qapımızı quşlara açdıq və toyuq-cücə tələf olmasın deyə onlara dən atdıq...Şəhərdən çıxanların bir çoxu sıxıntıdan həlak oldu – bir çoxları keçirdiyi sarsıntıdan xəstəliyə tutuldular.
Söhbəti apardı: Ian Peart
Mənbə: “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” kitabı,
Ithaca Press tərəfindən çap olunub, London 2014