“Versii.com” internet nəşrinin 17 fevral tarixli nömrəsində hüquq elmləri doktoru, Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukrayna Elmlər Akademiyasının akademiki, Ukraynanın Əməkdar Təhsil İşçisi Arif Cəmil oğlu Quliyevin “Xocalı soyqırımı qurbanlarının ruhu cəlladlarının cəzalandırılmasını gözləyir” sərlövhəli məqaləsi yer alıb.
“Azərbaycanın Dağlıq Qarabağdakı Xocalı şəhəri də Babiyar, Osvensim, Xatın, Buhenvald kimi artıq çoxdan sadəcə coğrafi ad olmaqdan çıxıb. Xəritədəki bu nöqtə vəhşiliyinə və amansızlığına görə bütün dünyanı sarsıdan kütləvi qətllərin törədildiyi faciəli ünvanlardan biridir. Aradan 24 il keçib, amma erməni təcavüzkarlarının Xocalı şəhərində törətdikləri qanlı qırğının ağrı-acısı hələ də qəlbləri göynədir.
“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz
qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.
Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".
Heydər Əliyev
Xocalı soyqırımı tarixə erməni ekstremistlərinin və şovinistlərinin azərbaycanlılara qarşı törətdikləri ən dəhşətli kütləvi terror aktlarından biri kimi daxil olub. Azərbaycan xalqı iki yüz il ərzində ermənilər tərəfindən daim etnik təmizləməyə və soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar öz əzəli torpaqlarından kütləvi şəkildə qovularaq, qaçqına və məcburi köçkünə çevrilib. Bütün bunlar şəhər və kəndlərin yerlə-yeksan edilməsi, on minlərlə günahsız insanın ölümü ilə müşayiət olunub.
Ermənilərin İrandan Azərbaycana köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə Dağlıq Qarabağda abidə ucaldan milli və ekstremist erməni dairələri “Böyük Ermənistan” ideyasını tarixi Azərbaycan torpaqları hesabına həyata keçirmək üçün son iki yüz ildə xarici havadarlarının köməyi ilə Azərbaycana qarşı müntəzəm olaraq çoxsaylı terror aktları, kütləvi qırğın, deportasiya və soyqırımı kimi amansız cinayətlər törədiblər.
Azərbaycan xalqı erməni şovinistləri tərəfindən daim etnik təmizləmələrə və soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlıların dədə-baba torpaqlarından qovulması sovet dövründə də davam edib. Çoxsaylı tarixi sənədlər təsdiq edir ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı Qafqazdakı tarixi ərazilərində etnik təmizləməyə və soyqırımı siyasətinə məruz qalıb, əzəli torpaqlarından deportasiya edilib.
Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa iddiaları “Böyük Ermənistan” yaradılmasını nəzərdə tutan strateji planın tərkib hissəsidir. Ermənilərin tərəfdarı M.Qorbaçov hakimiyyətə gələndən sonra Ermənistan hakim dairələri Kreml rəhbərliyinin havadarlığından və dəstəyindən istifadə edərək, Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başladılar. Qorbaçovun bu işğalçılıq planını həyata keçirmək yolunda atdığı ilk addım ən güclü maneəni - Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırmaq oldu. Sonralar siyasi arenada hadisələr elə sürətlə inkişaf etməyə başladı ki, azərbaycanlılar Kreml rəhbərlərinin bir siyasi aktının “dərin mahiyyətini” anlamağa macal tapmamış, onların növbəti məkrli addımı ilə üzləşməli oldular. SSRİ-nin ali rəhbərliyi bir-birinin ardınca guya Dağlıq Qarabağda vəziyyəti sabitləşdirməyə yönəldilən qərarlar qəbul edir, amma əslində heç bir siyasi tədbir görmürdü. Əksinə, bu sənədlər qonşu ölkənin Azərbaycanın daxili işlərinə qarışmasını qanuniləşdirir, ona Dağlıq Qarabağ vilayətində geniş imkanlar yaradırdı. Bu da öz ərazisində Azərbaycanın konstitusiya hüquqlarını heçə endirirdi. 1987-ci ildən başlayaraq Azərbaycan ətrafında əsl informasiya müharibəsi gedirdi. Sovet KİV-lərində Azərbaycandakı hadisələr barədə praktiki olaraq bircə kəlmə də həqiqət yazılmırdı. Hadisələri təhrif olunmuş şəkildə təqdim edir, ört-basdır edə bilmədikləri barədə isə həyasızcasına susurdular. 1988-ci ilin fevral hadisələrindən sonra Dağlıq Qarabağın işğalı üzrə hərbi əməliyyatlar başlandı. SSRİ Silahlı Qüvvələrinin Ermənistanda və Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində olan hissələri də erməni hərbi birləşmələrinə qoşuldular.
Xocalı faciəsinin çoxsaylı şahidləri bildirirlər ki, şəhərə hücumda keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı iştirak edib. Xocalı faciəsində bu alayın xüsusi rolunu qeyd etmək lazımdır. Alay Azərbaycan kəndlərinin, habelə Şuşa şəhərinin atəşə tutulmasında dəfələrlə iştirak edib. Xocalı faciəsindən sonra alayın silahlarının bir hissəsinin, o cümlədən zirehli texnikanın ermənilərə təhvil verilməsi bunun ən bariz sübutudur.
Erməni silahlı birləşmələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ silahlı münaqişəsi çərçivəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı alayının hərbi qulluqçularının iştirakı ilə əsasən azərbaycanlıların yaşadığı Xocalı şəhərini hücumla ələ keçiriblər. Bu siyahıda alay komandirinin arxa cəbhə üzrə müavini polkovnik Baylukovun, birinci batalyonun komandiri polkovnik Moiseyevin, ikinci taqımın komandiri, mayor Ohanyanın, üçüncü taqımın komandiri, mayor Nabokixin, birinci batalyonun qərargah rəisi, mayor Çitçiyanın, alayın kəşfiyyat rəisi, mayor Ayriyanın, bölük komandiri, böyük leytenant Mirzoxalzarovun, kəşfiyyat taqımının rəisi, böyük leytenant Xrinxuanın, tank bölüyünün komandiri, böyük leytenant Qarmaşın, bölük komandiri, böyük leytenant Akopyanın, bölük komandiri, böyük leytenant Vavilovskinin, taqım komandiri, böyük leytenant Lısenkonun, batareya komandiri, böyük leytenant Azarovun, tank əleyhinə batareya komandiri, böyük leytenant Abramovun, üçüncü tank bölümünün komandiri leytenant Balezninin, tank taqımının komandiri leytenant Smakinin, istehkam bölüyünün komandiri, leytenant Raçkovskinin, kəşfiyyat rəisinin müavini, leytenant Bondarevin, radiokimya taqımının rəisi leytenant Kulovun, habelə kiçik zabit heyətindən daha 41 erməni hərbi qulluqçusunun adları var.
Bu dəhşətli terror aktı nəticəsində 613 dinc sakin öldürülüb, müxtəlif yaşlı 1000 insan əlil olub, 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca xüsusi amansızla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 1275 dinc sakin əsir götürülüb, 150 əsirin taleyi indiyə qədər məlum deyil.
“Memorial” Rusiya Hüquq-Müdafiə Mərkəzinin məlumatına görə, dörd gündə Xocalıdan Ağdama 200 meyit gətirilib, onlarca meyitin təhqir edilməsi faktları qeydə alınıb. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) üzərində məhkəmə-tibb ekspertizası aparılıb. Qonşu Ağdamın həmin günlərinin şəxsən şahidi olmuşam, məhkəmə-tibb ekspertizalarında və həmvətənlərimin dəfn mərasimlərində iştirak etmişəm. Ekspertiza zamanı müəyyən olunub ki, 151 nəfərin ölümünə güllə və qəlpə yaraları səbəb olub, 10 adam küt alətlə vurulan zərbələrdən dünyasını dəyişib, habelə adamların diri-diri başının dərisinin soyulması faktları qeydə alınıb. Bu rəqəmlər təsdiq edir ki, Xocalı soyqırımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində baş vermiş ən qanlı faciədir.
Xocalıya hücum gecə saatlarında tank və toplardan açılan artilleriya atəşi ilə başlayıb. Şəhər üç tərəfdən mühasirəyə alınıb. Dağ aşırımları ilə qaçıb canını qurtarmaq istəyən insanlar ermənilərin vəhşiliyinin qurbanı olublar. Erməni birləşmələri Naxçıvanik kəndi yaxınlığında silahsız insanlara atəş açıblar. Azərbaycan silahlı qüvvələri xocalılıların yardımına çata bilməyiblər, meyitləri çıxara bilməyiblər. Yalnız fevralın 28-də bir qrup yerli jurnalist azərbaycanlıların həlak olduğu yerə gəlməyə müvəffəq olub. Hər yerə meyitlər səpələnirdi. Bu mənzərə hamını dəhşətə gətirib. Onlar erməni silahlıları tərəfindən güclü atəşə tutulduqları üçün meyitləri çıxara bilməyiblər. Ertəsi gün bir qrup xarici jurnalist yerli jurnalistlərlə birlikdə faciə yerinə uçub. Gördükləri damarlarındakı qanı dondurub: meyitlər təhqir edilib, eybəcər vəziyyətə salınıb, ayrı-ayrı əzaları kəsilib götürülüb. Çoxunun gözləri çıxarılıb, qulaqları, ətrafları kəsilib, qarınları yarılıb. Bəzilərinin başının dərisi soyulmuş, yanıb külə dönmüş, yaxud üzərindən ağır texnika keçmiş vəziyyətdə tapılıb.
Həmin günlərdə xarici qəzetlər də bu vəhşiliklər barədə yazıblar. Məsələn, “Krua l `Eveneman” jurnalı (Paris) 25 mart 1992-ci il: “Ermənilər Xocalıya hücum ediblər. Bütün dünya eybəcər vəziyyətə salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar min adamın öldürülməsindən danışırlar”. “Sandi Tayms” (London), 1 mart 1992-ci il: “Erməni əsgərləri yüzlərlə ailəni məhv etdilər”. “Faynəşnl Tayms” qəzeti (London) 9 mart 1992-ci il: “Ermənilər Ağdam tərəfə gedən qaçqınlar karvanını atəşə tutdular”. “Tayms” qəzeti (London) 4 mart 1992-ci il: “Çoxları eybəcər vəziyyətə salınıb, kiçik bir qızın yalnız başı qalıb”. “İzvestiya” (Moskva) 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qoca qadının sifətinin yarısı kəsilib götürülüb, kişilərin başının dərisi soyulub”. “Le Mond” qəzeti (Paris), 14 mart 1992-ci il: “Ağdamda olan əcnəbi jurnalistlər qətlə yetirilən qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç nəfəri görüblər. Bu Azərbaycanın təbliğatı deyil, reallıqdır”. “İzvestiya”, 13 mart 1992-ci il: “Mayor Leonid Kravets: Mən özüm təpədə təqribən 100 meyit gördüm. Bir oğlanın başı yox idi. Hər yerdə xüsusi qəddarlıqla qətlə yetirilmiş qadınların, uşaqların, qocaların meyitləri görünürdü”.
Xocalı şəhərində soyqırımı aktının əsas cinayətkarlarının və müqəssirlərinin erməni silahlı birləşmələrinin və 366-cı motoatıcı alayının şəxsi heyəti olması faktı bu gün artıq heç bir şübhə doğurmur. Onların hərəkətləri insan hüquqlarının kobud şəkildə pozulması, Cenevrə Konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Fövqəladə hallarda, silahli münaqişələr zamanı qadın və uşaqların müdafiəsi haqqında Bəyannamə kimi beynəlxalq hüquqi aktlara və digər beynəlxalq sənədlərə həyasızcasına məhəl qoyulmaması kimi dəyərləndirilir.
Xocalı hadisələri bütün dünyada soyqırımı kimi qəbul edilsə də, bu dəhşətli cinayətin törədilməsinə görə heç kim cəzalandırılmadı. Cəlladlar, təşkilatçılar və sifarişçilər məşum planlar qurmaqda davam edir, sərhədləri özbaşına dəyişir və qurbanlarının qanlı statistikasını aparırlar. Dünya birliyinin Dağlıq Qarabağ problemini beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsipləri əsasında həll etmək istəməməsi yeni faciələr təhlükəsi yaradır. Özü də təkcə Azərbaycanda deyil. Cəzasız qalan hər hansı cinayət başqa cinayətlərə yol açır. Ermənilər xristian dünyasının həmişə və hər məsələdə onlara inanmasından istifadə edərək, bu yalanı daha da artırır, təcavüzkarı qurban kimi təqdim etməklə, müqəssirlərin günahını zərərçəkənlərin üzərinə qoymağa çalışırlar. Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi şəraitdə bir tərəfin həqiqət üzərində inhisarı sadəcə təhlükəli deyil, hətta məhvedici olması aydın deyilmi? 1984-cü ildə o vaxtlar ABŞ-ın BMT-dəki səfiri xanım Cin Kirkpatrikin sionizm əleyhinə növbəti kampaniya ilə bağlı dediyi sözlər Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə də aktual olub: “Biz yalanı təkzib etmədik, onun yayılmasına imkan verdik, sonra o böyüyərək siyasətə çevrildi – pislənməyən bu siyasət də böyüyərək ölümlərə səbəb oldu... Bəzən bütöv xalqların taleyi sözdən asılıdır...”.
Xocalı şəhərindəki faciədən 24 il keçib. Amma onun qaçqına və məcburi köçkünə çevrilmiş sakinləri, eləcə də bütün Azərbaycan xalqı hələ də Dağlıq Qarabağ münaqişəsinin ədalətlə həll olunacağını, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılmasını və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağını gözləyir. Onlar ədalətin bərpa olunması, terrorizm faktlarının pislənməsi və Xocalı şəhərində Azərbaycan xalqına qarşı soyqırımının etiraf edilməsi çağırışı ilə beynəlxalq ictimaiyyətə müraciət edirlər. Faciənin müqəssirləri, təşkilatçıları və icraçıları cəzasız qalmamalıdırlar. Təəssüf ki, bu dəhşətli cinayətdə əli olanların heç biri layiq olduğu cəzanı indiyədək almayıb. Amma cinayət cəzasız qalmır. Onların hamısı gec-tez tarixin və öz vicdanlarının məhkəməsi qarşısında cavab verəcəklər”.