Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki baş konsulluğu və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Sverdlovsk vilayətindəki “Azərbaycan” ictimai təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə fevralın 26-da “Xocalıya ədalət!” kampaniyası çərçivəsində anım tədbiri keçirilib.
Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun məlumatına görə, tədbirdə şəhərdə yaşayan soydaşlarımız, vilayət və şəhər administrasiyasının nümayəndələri, Sverdlovsk vilayətində akkreditə olunmuş diplomatik nümayəndəliklərin və fəaliyyət göstərən milli icmaların təmsilçiləri, jurnalistlər iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən və Xocalı hadisələri haqqında geniş məlumat verən film nümayiş etdirilib.
Konfransda Azərbaycanın Yekаterinburq şəhərindəki baş konsulu Sultan Qasımov çıxış edərək 24 il əvvəl Azərbaycanın Xocalı şəhərində erməni quldurları tərəfindən törədilmiş qanlı hadisələr barədə ətraflı məlumat verib. O, Azərbaycan xalqına qarşı törədilmiş bu faciəni XX əsrin ən qanlı hadisələrindən biri adlandırıb. Baş konsul erməni quldur dəstələrinin Xocalı şəhərinə basqını nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın öldürüldüyünü, 1000 nəfər müxtəlif yaşlı dinc sakinin aldığı güllə yarasından əlil olduğunu, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyini qeyd edib. S.Qasımov Xocalı soyqırımının Azərbaycan tarixində ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu diqqətə çatdıraraq, bu hadisələrin erməni millətçi-şovinistlərinin davamlı olaraq Azərbaycan xalqına qarşı 200 il ərzində həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin göstəricisi olduğunu vurğulayıb.
Baş konsul qeyd edib ki, bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş, əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanan ən ağır cinayətlərindən biridir.
S.Qasımov son bir necə il ərzində Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada keçirilən “Xocaliya ədalət!” kampaniyası barədə geniş məlumat verib, bu kampaniyanın nəticəsi kimi Xocalı hadisələrinin soyqırımı aktı kimi dünyanın 10-dan artıq ölkəsinin parlamentləri və ABŞ-ın 20-dən çox ştatı tərəfindən tanındığını və pislənildiyini bildirib.
Daha sonra çıxış edən Sverdlovsk vilayətinin “Azərbaycan” ictimai təşkilatının sədri Şahin Şıxlinski, professor Niyaz Vəliyev, Ural Dövlət Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Vladislav Belayev, Ural Dövlət Dağ Mədən Universitetinin sosial layihələr idarəsinin rəhbəri Natalya Sareqorodseva və başqaları Xocalı faciəsini dünya tarixində olan soyqırımları ilə müqayisə edərək faciənin miqyasından bəhs ediblər.
Sverdlovsk vilayətində yaşayan azərbaycanlı gənclər də Xocalı faciəsi barədə həqiqətlərin yayılması işinə öz töhfələrini veriblər. Baş konsulluğun təşkilatçılığı ilə Rusiya Azərbaycanlı Gənclər Birliyinin Ural Federal Universitetində təhsil alan üzvləri “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində tədbir keçiriblər.
Tədbir iştirakçıları faciə haqqında videofilmlərə və sənədli lentlərə baxış təşkil ediblər, erməni faşistlərinin vəhşiliyindən və faciənin miqyasından bəhs edən mühazirələrlə çıxış ediblər.
Tədbir iştirakçıları universitetin elan guşələrində əvvəlcədən hazırlanmış Xocalı faciəsi haqqında plakatlar yerləşdirib və ali məktəbin tələbələrinə flayerlər paylayıblar. Eyni zamanda, sosial şəbəkələrdə #xocalıyaədalət kampaniyasına qoşulmaq üçün fotolar çəkdiriblər.