Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı faciəsi qurbanlarının anım mərasimi keçirilib.
Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyi və Rusiya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiyanın tanınmış ictimai və siyasi xadimləri, Moskvada akkreditə olunmuş diplomatik korpusun, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Anım mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xocalı soyqırımı haqqında məlumat verib. Səfir Xocalı faciəsinin xüsusi qəddarlıqla törədildiyini vurğulayaraq deyib: "Xocalı qurbanlarının bir çoxu diri-diri yandırılıb, bir çoxunun isə başını kəsiblər, gözlərini çıxarıblar, hamilə qadınların cəsədləri üzərində zorakılıq izləri var idi. Bu insanları ancaq azərbaycanlı olduqlarına, Qarabağda və Xocalıda yaşadıqlarına görə qətlə yetiriblər”.
Mərasimdə ABŞ-da çəkilən "Qaranlıqdan qaçarkən" filminin nümayiş ediləcəyini bildirən diplomat deyib: “Filmdə əfsanəvi hərbi jurnalist Çingiz Mustafayevin hadisə yerində çəkdiyi qətl və zorakılıq səhnələrini əks etdirən dəhşətli kadrlar nümayiş etdirilmir. Həmin kadrları görənlər onları heç vaxt unuda bilmirlər. "Qaranlıqdan qaçarkən" filmi şahidlərin müsahibələri, Amerika ictimaiyyəti nümayəndələrinin hadisələrə verdikləri hüquqi və ictimai qiymətlər əsasında çəkilib. Filmdə Xocalı faciəsi haqqında danışan erməni hüquq müdafiəçisinin etirafları da yer alıb. Qeyd edim ki, Ermənistan cəmiyyətində getdikcə daha çox adam Dağlıq Qarabağın və Ermənistanın o zamanki hakimiyyətinin törətdiyi bu faciəni dəhşətli səhv kimi qiymətləndirir. Bu filmi Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində atılan mühüm bir addım kimi qiymətləndirirəm. Filmin epiqrafı kimi seçilmiş “Şərin qələbə çalması üçün yeganə şərt yaxşı insanların heç nə etməməsidir” fikri ekran əsərinin məzmununu çox aydın ifadə edir. Bu epiqraf mənə hamıya yaxşı məlum olan başqa bir ifadəni xatırladır: “Laqeyd insanlardan qorx! Onların susqunluğu dünyada şərin bərqərar olmasına yol açır”.
Diplomat dünyanın 16 parlamentinin, eləcə də ABŞ-ın 19 ştatının Xocalı faciəsini soyqırımı aktı kimi pislədiyini xatırladıb. O, Xocalı soyqırımının dünyada tanınmasında "Xocalıya ədalət!" kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətini yüksək qiymətləndirib. Səfir tədbirin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya xüsusi təşəkkürünü bildirib.
Polad Bülbüloğlu həmçinin Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirib. O deyib: “Yəhudi xalqı bizim ağrı-acımızı başqalarından yaxşı anlayır, çünki tarixi boyu bu xalq çox faciəvi hadisələrlə üz-üzə gəlib. Xüsusi qeyd etmək istəyirəm ki, “Qaranlıqdan qaçarkən” filmi ilk dəfə Los-Ancelesdəki ən böyük Xolokost muzeyi olan Tolerantlıq Muzeyində nümayiş etdirilib”.
Milli Məclis Aparatının Hüquq şöbəsinin müdiri, BMT-nin cinayətkarlıq üzrə Vyana İdarəsinin eksperti, hüquq elmləri doktoru Nizami Səfərov Xocalı faciəsinin beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı aktı kimi tanınmasının vacibliyini vurğulayıb: "Soyqırımı, hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlərə görə cəzasızlığın aradan qaldırılması çox mühüm məsələdir. Xocalı soyqırımını törədənlərin heç biri hələ də məhkəmə qarşısında cavab verməyib və bu, dünyada mövcud olan ikili standartlara daha bir nümunədir”.
N.Səfərov əmin olduğunu bildirib ki, ədalət zəfər çalacaq, çünki dünyada hərbi cinayətkarların müəyyən müddətdən sonra məhkəmə qarşısına çıxarılması faktları az deyil: "Azərbaycanın hüquq-mühafizə orqanları soyqırımı, hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlərlə bağlı cinayət işləri açıblar və bir sıra şəxslər beynəlxalq axtarışa verilib. Soyqırımına görə məsuliyyətə cəlb olunmanın müddəti yoxdur. Azərbaycan BMT-nin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə görə məsuliyyətə cəlb olunmaya müddət tətbiq edilməməsi haqqında 1968-ci il tarixli Konvensiyasının iştirakçısıdır. Deməli, cinayətin baş vermə müddətindən asılı olmayaraq, təqsirkarlar cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Əminəm ki, Xocalıda soyqırımı törətmiş bütün hərbi cinayətkarlar layiq olduqları cəzanı alacaqlar".
“Avrasiya ideyaları emalatxanası” Elmi Tədqiqatlar Fondunun Ekspert Şurasının sədri Qruqori Trafimçuk 26 fevralı Azərbaycanın ən yeni tarixinin faciəvi səhifəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələr barədə dünya ictimaiyyətinə məqsədyönlü məlumat verir. Bu faciə təkcə Xocalı sakinləri, Azərbaycan üçün deyil, həm də dünyanın bir çox xalqları üçün faciədir. Dünya ictimaiyyətinin Xocalı hadisələri ilə bağlı vahid mövqeyinin olmaması gələcəkdə bu kimi soyqırımların təkrarlanması üçün əsas yaradır. Ekspert "Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işləri də yüksək qiymətləndirib.
Rusiya Elmlər Akademiyası Slavyanşünaslıq İnstitutunun baş elmi əməkdaşı İlqar Məmmədov bildirib ki, Xocalı faciəsini törədən cinayətkarlar Azərbaycan xalqının əzmini qıracaqlarına ümid bəsləyirdilər: "Lakin hər şey tam əksinə oldu. Xalqımız bu ağrını heç bir zaman yaddan çıxarmadı və birləşərək möhkəmləndi”.
Kinorejissor Efraim Abramov İsraildə Xocalı soyqırımı qurbanlarının xatirəsinin daim ehtiramla anıldığını qeyd edib. İki il bundan əvvəl Qüdsdə 120 il yaşı olan qədim Prezident bağında Xocalı faciəsi qurbanlarının xatirəsinə 613 ağac əkildiyini xatırladan kinorejissor vurğulayıb ki, bu, Prezident bağının çoxillik tarixi dövründə digər millətin nümayəndələrinin xatirəsinə həsr olunmuş ilk aksiyadır".
Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz Azərbaycan xalqına Xocalı faciəsinin ildönümü ilə bağlı dərin hüznlə başsağlığı verib. O, türk xalqının və dövlətinin daim Azərbaycanın yanında olduğunu və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini vurğulayıb.
Mərasimdə Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Dmitri Savelyevin və beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qutun müraciəti oxunub. Onlar müraciətlərində Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən soyqırımı aktı kimi tanınmasının və bu vəhşiliyi törədənlərin cinayət məsuliyyətinə cəlb olunmalarının vacibliyini vurğulayıblar.
Sonda “Qaranlıqdan qaçarkən” filmi nümayiş etdirilib. Film “Jconnect” the Jewish Federation of Greater Washington” tərəfindən Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə çəkilib. İlk dəfə 2017-ci ildə Los-Ancelesdə nümayiş etdirilən filmin rejissoru Daniel Yankoviç, prodüseri Coş Kaplandır.