Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən bir sıra tədbirlər keçirilib. Faciənin ildönümü ərəfəsində səfirliyin təşəbbüsü ilə Küveytin məscidlərində, öncəki illərdə olduğu kimi, bu il də cümə namazı xütbələrində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Fevralın 24-də Azərbaycanın Küveytdəki səfirliyinin akt zalında Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizin, türk icma üzvlərinin, o cümlədən Türkiyənin Küveytdəki səfirliyinin nəzdində fəaliyyət göstərən orta məktəbin müəllim kollektivinin, Küveyt Universitetində təhsil alan türkdilli dövlətlərin tələbələrinin, bu ölkənin ictimai-siyasi dairələrinin nümayəndələrinin, həmçinin yerli jurnalistlərin iştirakı ilə anım mərasimi keçirilib.
Mərasimdə Xocalıda qətlə yetirilmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Küveytdəki müvəqqəti işlər vəkili Cavid Musayev çıxış edərək 1992-ci ilin 26 fevral tarixində Xocalıda keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının iştirakı və dəstəyi ilə erməni quldurlarının törətdikləri ağlasığmaz qəddarlıqdan söhbət açıb. O, ölkəmizin taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin erməni vandalları tərəfindən işğalı zamanı törədilmiş vəhşiliklər, insan tələfatı barədə faktları diqqətə çatdırıb.
Tədbirdə Vətənsevər Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə çıxış edərək Xocalı qətliamı zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş yaşlılar, qadınlar və uşaqlar barədə məlumat verib.
Daha sonra tədbir iştirakçıları “Xocalı” sənədli filminə baxıb, səfirlikdə təşkil edilmiş fotostendlə tanış olublar. Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanıb çoxaldılmış “Xocalı soyqırımı” kitabı tədbir iştirakçılarına təqdim olunub.
Səfirlik tərəfindən ərəb və ingilis dillərində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan xüsusi bülleten hazırlanaraq, Küveyt parlamentinə, Xarici İşlər Nazirliyinə, həmçinin digər nazirliklərə, ölkədə akkreditə olunmuş səfirliklərə və beynəlxalq təşkilatlara göndərilib.