İsrailin Təl-Əviv şəhərindəki “Medial” nəşriyyatında “Ağrı” bədii-sənədli romanı ingilis dilində çapdan çıxıb.
Əsərdə Azərbaycanın Xocalı şəhərində 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən törədilmiş soyqırımı aktının dəhşətli nəticələrindən bəhs olunur.
Qeyd edək ki, bir il əvvəl “Ağrı” romanı İsraildə rus dilində nəşr olunub. Kitabın ilk nüsxəsi V Bakı Humanitar Forumu zamanı “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib.
Romanın müəllifləri Əmir və Arye Qut müxtəlif konfessiyalara, müxtəlif millətlərə mənsub, fərqli mühit və şəraitdə böyümüş, taleyin qismətindən Bakı şəhərində görüşən iki gəncin romantik sevgi tarixçəsini təsvir edirlər. Bu görüş səmimi və təmiz sevgiyə çevrilir. “Lakin Romanın qəhrəmanı - İsraildə yaşayan Poldan fərqli olaraq digər qəhrəman - Röya gənc olsa da, həyatda çox sarsıntılara sinə gərib. O, hələ uşaq ikən erməni faşist və banditləri tərəfindən Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş amansız qırğının dəhşətlərini yaşayıb. Bu qanlı faciədən iyirmi ildən çox keçməsinə baxmayaraq, həmin hadisələr möcüzə sayəsində salamat qalmış Xocalı sakinlərindən hər birinin qəlbində sağalmaz izlər qoyub”, - deyə romanın müəlliflərindən biri olan Arye Qut qeyd edir.
Romanın elmi redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva “Ön söz”də yazır ki, əsərin qəhrəmanı Röya Ermənistan-Azərbaycan münaqişəsi zamanı 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı aktının canlı şahididir.
“Röyanın ailəsi öz doğma torpağında qaçqına çevriləndən sonra, Azərbaycanın zorla cəlb edildiyi müharibənin bütün itki və dəhşətlərini yaşayıb. Röya böyüyəndən sonra həmin hadisələr zamanı itkin düşmüş doğmalarını və yaxınlarını axtaran həmyerlilərinə kömək etməyi qərara alır. O bütün gücü ilə dünya ictimaiyyətinə həmin hadisələr haqqında həqiqəti çatdırmaq üçün çalışır”, - deyə Məhsəti Əliyeva kitabın müqəddiməsində yazır.
“Ağrı” romanının əsas qəhrəmanlarından biri Röya deyir: “Sakit səma fonunda erməni silahlı dəstələri tərəfindən soyuqqanlılıqla və amansızcasına məhv edilmiş uşaqların, qadınların və qocaların simalarını heç vaxt unuda bilmərəm. Mən qəddar nifrət alovunu və insanlığa olan erməni nifrətini heç bir zaman unutmayacağam. Məni həyat sevincindən həmişəlik məhrum etmiş qanlı qırğından sonra Xocalıdakı o dəhşətli gecənin sükutunu heç vaxt unuda bilmərəm. Ruhumu öldürmüş bu hadisələri, Xocalı ilə bağlı həyatımın bu dəhşətli və dözülməz anlarını heç vaxt unutmaram”.
“Bu faciədə günahkar kimdir? Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı qanlı qırğın törətmiş terrorçular nə üçün cəzasız qalıb? Heç bir təqsiri olmayan dinc sakinlər nə üçün soyqırımına məruz qalıb? Bütün bu suallara birnəfəsə oxunan romanda cavab tapmaq olar”, - deyə kitabın elmi redaktoru Məhsəti Əliyeva qeyd edir.
Əmir və Arye Qut “Ağrı” bədii-sənədli romanında həqiqət axtarışına çıxaraq Azərbaycanın Xocalı şəhərində törədilmiş dəhşətli kütləvi qırğından müfəssəl söhbət açıb və onu təsvir ediblər. Müəlliflər bu qanlı qırğının canlı şahidləri olmuş Xocalı sakinlərinin ifadələri əsasında müasir Ermənistanın terrorçu liderlərinin maskasını yırtırlar.
İsrailli müəlliflər Azərbaycan xalqının kədərini və faciəsini böyük ürəkağrısı ilə təsvir edirlər. Onlar ölüm və vahimə toxumu səpən, Azərbaycan tarixinin maddi və mədəni irsini məhv etmiş, lakin Vətən oğullarını böyük missiyaya – öz əzəli torpaqlarını qorumağa ruhlandıran saf və işıqlı duyğuları məhv edə bilməmiş erməni terrorçuların mənfur niyyətlərindən dünyanı xəbərdar edirlər.
“Ağrı” romanını ingilis dilinə Kifayət Əhmədqızı tərcümə edib. Əsər Böyük Britaniyada redaktə edilib, Azərbaycan Respublikasının Moldovadakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresinin dəstəyi ilə çap olunub.