ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San Dieqo şəhərinin Birinci Universalist Unitar Kilsəsində fevralın 21-də Xocalı soyqırımına həsr olunmuş geniş anım tədbiri keçirilib.
Konsulluq və San Dieqo-Bakı Dostluq Assosiasiyası tərəfindən keçirilən tədbirdə Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, ötən il Kaliforniyanın Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən Qaçarkən” (Running from the Darkness) sənədli filmi nümayiş etdirilib. Qeyd edək ki, sözügedən film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.
Tədbirdə Kaliforniya ştatının ali seçkili orqanlarının nümayəndələri, San Dieqonun xristian, yəhudi, müsəlman və digər dini icmalarının nüfuzlu din xadimləri, KİV təmsilçiləri və digər şəxslər iştirak ediblər.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, sadəcə Azərbaycan xalqının deyil, bütöv bəşəriyyətin yaddaşına qanlı ləkə kimi düşən Xocalı soyqırımının ekran əsəri vasitəsilə daha geniş ictimaiyyətə çatdırdıqlarına görə filmi ərsəyə gətirən bütün kinematoqraflara dərin təşəkkürünü bildirib. Baş konsul gələcəkdə buna bənzər faciələrin baş verməməsi, günahsız insanların öldürülməməsi üçün Azərbaycanın bu istiqamətdə daim ictimai maarifləndirmə işinin aparılmasına böyük önəm verdiyini qeyd edib. N.Ağayev bildirib ki, belə bəşəri faciələrin qarşısının alınması üçün ən böyük vasitələrdən biri digər etnik kimliklərə və dini etiqadlara dözümlülüyün təşviq edilməsidir. Baş konsul Azərbaycanın bu sahədə özünün dərin tarixi irsindən güc alaraq, bu gün yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də səmərəli iş apardığını vurğulayıb.
Sonra çıxış edən kilsənin yepiskopu Yan Riddel (Ian Riddel), San Dieqo-Bakı Dostluq Assosiasiyasının içraçı direktoru Martin Kruminq, Emmanuel sinaqoqunun ravvini Benj Frid (Benj Fried), San Dieqo İslam Mərkəzinin direktoru İmam Taha Hassan və San Dieqo şəhərində fəaliyyət göstərən jurnalist, “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifi Raul Loueri Kontreras (Raoul Lowery Contreras) Xocalı soyqırımına həsr olunmuş bu anma mərasiminin yüksək önəm daşıdığını, günahsız insanların amansızcasına qətlə yetirilməsinin daima qətiyyətlə qınanılmalı olduğunu bildirərək, eyni zamanda bir çox faciələrə sinə gərmiş Azərbaycanın öz yüksək tolerantlıq və multikulturalizm ənənələrini və kimliyini qoruyub saxlayaraq, bu gün bütün dünyaya örnək olduğunu qeyd ediblər.
Çıxışlardan sonra sənədli film nümayiş etdirilib. Filmin əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulub. Eyni zamanda, Xocalıda törədilmiş dəhşətli hadisələrlə bağlı ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə yer verilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər işıqlandırılır. Film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Sonda müsəlman və yəhudi din xadimləri tərəfindən Xocalı şəhidlərinin xatirəsinə dualar oxunub.