Londonun “St. Paul’s Church” kilsəsində Xocalı soyqırımı qurbanlarına həsr olunan anım konserti London LIVE televiziya kanalında yayımlanıb.
Həmin tədbir fevralın 26-da Londonda Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində təşkil edilmişdi. Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr edilən ənənəvi anım konsertində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak etmişdi.
Anım konsertində azərbaycanlı musiqiçilər Səbinə Rakçeyeva, Nəzrin Rəşidova (skripka), Rafiq Rüstəmov (tar), Günel Mirzəyeva, Ayan Salahova (piano), Camal Əliyev (çello), Selcan Nəsibli (soprano), həmçinin Aleksander Cermanoviç (piano) və “Deco” ansamblının ifasında Fikrət Əmirovun, Qara Qarayevin, Vasif Adıgözəlovun, G.Perqolesinin, J.Massenetinin repertuarından musiqilər səsləndirilmişdi.
London LIVE kanalında yayımlanan proqrama, həmçinin Böyük Britaniya parlamentində fevralın 24-də keçirilmiş ilk “Xocalı Sülh Mükafatı” nın təqdimat mərasimindən və rəsm sərgisindən görüntülər də daxil edilib. Reportajda əsas diqqət Xocalı qətliamına öz münasibətlərini incəsənət vasitəsilə ifadə edən Böyük Britaniya sənətçilərinə yönəldilib.