Azərbaycan Respublikasının Təbriz şəhərindəki baş konsulluğunda Xocalı soyqırımın 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, faciədən bəhs olunan sənədli film nümayiş etdirilib.
Azərbaycanın Təbrizdəki baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək ermənilər tərəfindən Xocalıda törədilən soyqırımından danışıb.
Qeyd olunub ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə qalan 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutublar. Bu soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla, 613 nəfər məhz azərbaycanlı olduqlarına görə ağılasığmaz vəhşiliklə qətlə yetirilib. Eləcə də 1000 nəfərdən çox dinc sakin, o cümlədən 76 uşaq müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olub. Həmçinin 8 ailə bütövlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, 1275 nəfər əsir götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyildir.
XX əsrin sonunda və müasir dünyanın gözləri önündə baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, eyni zamanda bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bütün göstəriciləri ilə danılmaz soyqırımı aktıdır. Xocalı soyqırımı həmin əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Fransanın “Liberation” qəzetinin əməkdaşı Jul Gen Vaynerin qeydləri xüsusilə diqqəti cəlb edir. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi çoxsaylı ölkələrə səfər etdiyini, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazıb. Jurnalist həmin qəzetdə dərc etdirdiyi “Erməni terrorizminin canlı şahidi oldum” sərlövhəli yazısında Xocalıda baş verənlərin qabaqcadan hazırlanan ssenari olduğunu açıq şəkildə bəyan edib.
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın 2000-ci ildə etdiyi etiraf da baş verənlərin planlı və bilərəkdən həyata keçirildiyini təsdiqləyib.
O, britaniyalı jurnalist Tomas De Vaala 2000-ci ilin dekabrında, hələ Ermənistanın müdafiə naziri olarkən verdiyi müsahibədə demişdi: "Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik. Və baş verənlər ortadadır”.
Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir.
Xocalı soyqırımından 30 il keçməsinə baxmayaraq, onun təşkilatçıları və icraçıları məlum ikili standartlar səbəbindən indiyədək cəzasız qalıblar. Bu ikili standartlara baxmayaraq, ilk gündən etibarən Azərbaycan Respublikasının beynəlxalq arenada ədalət tələbələri davam edir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevralında Milli Məclis Xocalıda baş verən hadisələri təhlil edərək “Xocalı Soyqırımı Günü”nün təsis olunması haqqında qərar qəbul edib.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülür. Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının həyata keçirilməsi atılan mühüm addımlardandır.
Azərbaycan Respublikası 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanıb tarixi ədaləti bərpa edərək Xocalı soyqırımı qurbanları başda olmaqla, bütün şəhidlərimizin qisasını alıb, onların ruhlarını şad edib.
Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq.
Türkiyə Respublikasının Təbrizdəki baş konsulu Çetin Taner çıxışında Xocalı soyqırımının hüquqi aspektlərinə toxunub, faciəni törədənlərin hələ də beynəlxalq məhkəmələrdə cavab verməməsindən təəssüfləndiyini bildirib.
Qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.
Sonda təbdir iştirakçıları Xocalı faciəsinə aid fotosərgiyə baxıblar.