Türkiyənin Malatya şəhərində fəaliyyət göstərən İnönü Universitetində Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Universitetdəki xarici tələbələr təşkilatı və İNDEX tərəfindən birgə təşkil olunan anım mərasimində ali təhsil ocağının rəhbərliyi, professor və müəllim heyəti, universitetdə təhsil alan azərbaycanlı, türkiyəli və digər ölkələrdən olan tələbələr, KİV və QHT təmsilçiləri iştirak ediblər.
Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş olunub.
Sonra Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Hüseynov, universitetin professorları Mustafa Yüzel və Teymuraz Abbasovun çıxışları dinlənilib.
Aydın Hüseynov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərin nəticələrindən danışıb. Bildirib ki, Xocalı soyqırımı Azərbaycan və Türkiyənin ortaq faciəsi olaraq heç zaman unudulmayacaq və qatillər xalqlarımız tərəfindən bağışlanmayacaq.
Çıxışlarında erməni din xadimləri və millətçi dairələrinin XX əsrdə Azərbaycanda və Türkiyədə törətdikləri soyqırımlarından bəhs edən professorlar Mustafa Yüzel və Teymuraz Abbasov qeyd ediblər ki, Xocalı soyqırımı bu cinayətlərin ən dəhşətlisidir. Azərbaycan və Türkiyə xalqları bu soyqırımının acı nəticələrini heç zaman unutmayacaq.
Mərasimdən sonra azərbaycanlı tələbələr Mənzər Həsənli, Orxan Əbdülbəyli və Ramal Şəmşədli Xocalı soyqırımını əks etdirən fotolar və digər əyani vəsaitlər əsasında qurulmuş guşədə iştirakçılara ətraflı məlumat veriblər.
Aydın Hüseynov səfər çərçivəsində Malatya vilayətinin valisi Süleyman Kamçı, Malatya Büyükşəhər bələdiyyəsinin sədri Ahmed Çakır, Bakkalqazi bələdiyyəsinin sədri Selahattin Gürkan və İnönü Universitetinin rektoru, professor Cemil Çeliklə görüşlər keçirib. Görüşlərdə Azərbaycan–Türkiyə münasibətlərinin mövcud vəziyyətinin məmnunluq doğurduğu bildirilib.