Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunda Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra baş konsul Əli Əlizadə mərasimdə çıxış edərək Xocalı faciəsinin təcavüzkar Ermənistan dövləti tərəfindən xüsusi amansızlıq və qəddarlıqla törədildiyini bildirib. Qeyd edib ki, bu qətliam bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş bir cinayətdir. Soyqırımı nəticəsində Xocalı şəhəri yerlə-yeksan edildi, günahsız qadın, qoca və uşaqlar vəhşicəsinə öldürüldü.
Bildirilib ki, ermənilər tarix boyu “Böyük Ermənistan” yaratmaq xülyası ilə Azərbaycanla yanaşı, İranın Urmiyə, Maku, Xoy, Səlmas şəhərlərində, Türkiyənin bir sıra vilayətlərində qətliamlar, terror hadisələri həyata keçiriblər. Bu qətliamlara vaxtında siyasi-hüquqi qiymət verilmədi, səbəbkarları cəzalandırılmadı və nəticədə ermənilər Xocalı soyqırımı kimi qətliam törətdilər.
Diqqətə çatdırılıb ki, ilk dəfə 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən öz siyasi-hüquqi qiymətini alan Xocalı soyqırımı bu gün dünyanın 10-dan artıq ölkəsi, ABŞ-ın 20 ştatı, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanınır.
Mərasimdə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti valisinin müavini Əhməd Məhəmmədzadə çıxış edərək Xocalıda şəhid olanlara Allahdan rəhmət diləyib. Bildirib ki, bəşəriyyət tarix boyu müxtəlif qanlı hadisələrin şahidi olub. O, İran və Azərbaycanın tarix boyu heç bir ölkəyə qarşı hücum həyata keçirmədiyini, həmişə özünü müdafiə etdiyini söyləyib, bu iki dövlətin hər zaman bir-birinin yanında olmasının önəmini vurğulayıb.
Ə.Məhəmmədzadə İran İslam Respublikasının 8 il müharibə və 30 ildən artıq sanksiyalara məruz qaldığını, həmin dövrdə çox sıxıntıların yaşandığını bildirib, o vaxt İranın yanında olan ölkələrin, o cümlədən Azərbaycanın da unudulmayacağını vurğulayıb.
Çıxışlardan sonra erməni təcavüzü və Xocalı soyqırımının dəhşətlərindən bəhs edən “Məhv edilmiş şəhər” sənədli filmi nümayiş etdirilib.
Sonra ehsan süfrəsi açılıb.
Xocalı faciəsinə dair CD, DVD, broşür, jurnal və bukletlər, fars dilinə tərcümə edilmiş digər əyani materiallar mərasim iştirakçılarına paylanılıb.
Mərasim iştirakçıları baş konsulluq tərəfindən hazırlanmış Xocalı soyqırımına aid fotostendə baxıb, həmçinin sərgilənən kitab, jurnal və bukletlərlə tanış olublar.