Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyində də anım mərasimi keçirilib. Mərasimdə Misirdəki Azərbaycan diasporunun nümayəndələri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Rafael Bağırov tədbirdə çıxış edərək xalqımızın Xocalı soyqırımının 24-cü ildönümünü qeyd etdiyini bildirib, Xocalı qətliamı zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş yaşlılar, qadınlar və uşaqlar barədə məlumat verib.
Sonra səfir Tural Rzayev çıxış edərək Xocalıda dinc insanlara qarşı törədilmiş qətliamla bağlı ciddi ölçülərin götürülməməsindən təəssüfləndiyini bildirib, bir milyondan çox azərbaycanlının öz tarixi torpaqlarından çıxarılaraq qaçqın və köçkün vəziyyətində yaşadıqlarını vurğulayıb.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarının indiyədək heç bir nəticə verməməsini Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqe ilə əlaqələndirib.
Diplomat Azərbaycan-Misir əlaqələrinin inkişafında Azərbaycan diasporunun xüsusi rol oynadığını bildirib və diasporun təşəbbüslərinə açıq olduğunu vurğulayıb.
Sonra Xocalı soyqırımını əks etdirən film nümayiş etdirilib. Filmdə faciə zamanı törədilmiş vəhşiliklər barədə geniş məlumat verilib.
Anım mərasimində, həmçinin Xocalı soyqırımı ilə bağlı fotosərgi təşkil olunub və fotoslayd nümayiş etdirilib.
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyinin bəyanatı ölkənin bir sıra nüfuzlu qəzetlərində və internet saytlarında yayılıb.
Bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilərkən münaqişə ilə bağlı BMT TŞ tərəfindən məlum 4 qətnamənin, digər beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı qərarların qəbul edildiyi və bu sənədlərin Ermənistan tərəfindən icra edilmədiyi oxucuların diqqətinə çatdırılıb. Ermənistanın təkziblərinə baxmayaraq, Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya yayıldığı və bir sıra ölkələrin qanunverici orqanları tərəfindən bu soyqırımına hüquqi və siyasi qiymətin verildiyi, Xocalı faciəsinin insanlıq əleyhinə cinayət adlandırıldığı bildirilib, milli və beynəlxalq səviyyədə onun soyqırımı kimi tanınması üçün israrlı çağırış edildiyi vurğulanıb.