Azərbaycan Respublikasının Dubay və Şimal əmirliklərindəki baş konsulluğunun inzibati binasında Xocalı soyqırımına həsr olunan anım tədbiri keçirilib.
Konsulluqdan bildiriblər ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Baş konsul Pərviz İsmayılzadə tədbirdə çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu söyləyib. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin Azərbaycan xalqının tarixinə Xocalı faciəsi kimi daxil olduğunu, Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarına zidd olan bu hərbi təcavüzü nəticəsində 613 soydaşımızın, o cümlədən 106 qadının, 63 uşağın və 70 qocanın xüsusi qəddarlıqla qətlə yetirildiyini, cəsədlər üzərində təhqiredici hərəkətlərə yol verildiyini, həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulduğunu, 487 dinc Xocalı sakininin ağır yaralandığını və 1275 nəfərin girov götürüldüyünü qeyd edib. Girov götürülənlərdən 150 nəfərin taleyinin indiyədək məlum olmadığı diqqətə çatdırılıb.
Baş konsul Xocalı soyqırımının erməni şovinist dairələrinin azərbaycanlılara qarşı XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. O, Xocalı faciəsinə ilk dəfə hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Milli Məclisinin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral tarixinin “Xocalı soyqırımı günü” elan olunduğunu bildirib. Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının və ümumilikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması siyasətinin davam etdirildiyini bildirib.
Tədbirdə SOCAR-ın, “Azərbaycan Hava Yolları” QSC-nin və diasporumuzun Dubay şəhərindəki nümayəndələri, Dubayda və Şarca Əmirliyində təhsil alan azərbaycanlı tələbələr, “The National” qəzetinin iqtisadi məsələlər üzrə baş müxbiri Frank Kane və digər yerli KİV nümayəndələri iştirak ediblər.
Sonda Xocalı soyqırımı ilə bağlı film nümayiş etdirilib.