Astanada Beynəlxalq Türk Akademiyasının, Azərbaycanın Qazaxıstandakı səfirliyinin və Azərbaycan icmasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan anma mərasimi keçirilib.
Qazaxıstanın məşhur Sülh və Əmin-Amanlıq Sarayında keçirilmiş tədbirdə Macarıstanın və Türkiyənin səfirləri, eləcə də Səudiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, Latviya və Ukraynanın yüksək səviyyəli diplomatları, İran, ABŞ, Rumıniya, Türkiyə, Polşa, Yaponiya, Latviya, Çinin hərbi attaşeləri iştirak ediblər. Bundan başqa, beynəlxalq təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, diaspor fəalları və çoxsaylı jurnalistlər də mərasimə qatılıblar.
Əvvəlcə Xocalı faciəsindən, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitab sərgisinə baxış keçirilib. Burada paylanılan buklet və jurnallarda illərdir Azərbaycanın Ermənistan tərəfindən məruz qaldığı təcavüzkar siyasət, torpaqlarımızın 20 faizinin işğal edilməsi faktları öz əksini tapıb.
Tədbir üçün xüsusi hazırlanmış bannerlər vasitəsilə diplomatlar, xarici jurnalistlər Xocalı soyqırımı qurbanları ilə bağlı statistika və digər məlumatlarla tanış olmaq imkanı əldə ediblər. Tədbirə qatılan onlarla insan Xocalıda amansızcasına qətlə yetirilən azərbaycanlıların xatirəsinə ehtiramlarını bildiriblər. Foyedə yaradılan kompozisiyanın önünə gül dəstələri düzülüb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Türk Akademiyasının prezidenti Darhan Kıdıralı deyib ki, Xocalı faciəsi nəinki yerli sakinlərə, bütün türk dünyasına, bəşəriyyətə qarşı soyqırımı aktıdır.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov isə faciənin tarixindən, törədilməsi səbəblərindən söhbət açıb, bir gecədə Xocalı sakinlərinin qəddarlıqla qətlə yetirildiyini bildirib. Qeyd edib ki, ermənilər bir gecədə yüzlərlə günahsız insanı - qocaları, qadınları, uşaqları qətlə yetirib, cəsədlərin üzərində xüsusi vəhşiliklər törədib, mindən çox Xocalı sakinini əsir götürüb, səkkiz ailəni tamamilə məhv ediblər. O, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlayan
“Xocalıya ədalət!” kampaniyası və bu kampaniya çərçivəsində dünyanın ayrı-ayrı ölkələrində həyata keçirilən layihələr barədə geniş məlumat verib.
Tədbirdə bu müdhiş faciə ilə bağlı həqiqətlərin bütün dünyada yayılması məqsədilə Qazaxıstanın informasiya məkanında yaradılan www.xocali.kz saytının təqdimatı keçirilib. Burada qonaqlara saytın ayrı-ayrı bölmələri haqqında məlumat verilib.
Sonra Qazaxıstanın tanınmış elm xadimi, fəlsəfə elmləri doktoru, professor Qarifolla Esim faciənin təşkilatçılarının və icraçılarının gec-tez layiqli cəzalarını alacaqlarını, şəhidlərin qanının yerdə qalmayacağını, onların xatirəsinin həmişə yad ediləcəyini bildirib. İşğalçı Ermənistanın terrorçuluq siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Beynəlxalq hüquq normalarına, BMT və ATƏT-in prinsiplərinə görə dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir. Ölkələrin ərazi bütövlüyünün və suverenliyinin pozulması yolverilməzdir, heç bir cinayət cəzasız qalmadığı kimi, Azərbaycan xalqına qarşı bu cür əməlləri törədənlər də gec-tez öz layiqli cəzalarını almalıdırlar.
Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Vidadi Salahov qeyd edib ki, Xocalı faciəsi beynəlxalq hüquq müdafiə təşkilatları və dünya mətbuatının nümayəndələri tərəfindən sənədləşdirilib. XX əsrin ən dəhşətli faciələrindən hesab edilən Xocalı soyqırımı artıq bir neçə dövlət tərəfindən tanınıb.
Tədbirdə Xocalı faciəsinə həsr olunmuş “Xocalıya ədalət!” sənədli filmi nümayiş etdirilib.