Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən təşkil edilən tədbirlər çərçivəsində Ankaranın Keçiörən rayonunda yerləşən Xocalı soyqırımı meydanında anım mərasimi keçirilib.
Azərbaycanın və Türkiyənin himnləri səsləndirildikdən sonra Türkiyə Baş nazirinin müavini Lütfi Elvan, gənclər və idman naziri Akif Çağatay Kılıç və digərlərinin tədbirə ünvanladıqları məktublar oxunub. Məktublarda ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər pislənilib.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar, Keçiörən rayon bələdiyyəsinin sədri Mustafa Ak çıxış edərək bildiriblər ki, Xocalı soyqırımı kimi faciələrin dünyanın heç bir yerində bir daha təkrarlanmaması üçün onu törədən ermənilər mütləq cəzalandırılmalıdırlar.
Tədbirdə səfirliyin əməkdaşları, Ankarada təhsil alan kursant və tələbələrimiz, diaspor və ictimaiyyət nümayəndələri ilə yanaşı, KİV nümayəndələri, Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri və Keçiörən rayon sakinləri iştirak ediblər.
Xocalı şəhidlərinin xatirəsinə ehtiram olaraq havaya şarlar buraxılıb.
Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar Ankarada keçirilən tədbirlər gün ərzində davam edib. O cümlədən Qazi Universitetində incəsənət fakültəsi və universitet nəzdində fəaliyyət göstərən Türk Sənəti Cəmiyyətinin birgə təşkilatçılığı ilə “613” adlı tədbir təşkil olunub. Tədbirdə iştirak edən rəssamlar əsərlərini qara rəngə boyayaraq bununla 613 Xocalı şəhidini yad ediblər.
Həmin gün qaraya boyanmış bu əsərlərin sərgisi keçirilib. Səfir F.Bağırov tədbirdə çıxış edərək bu sərginin keçirilməsinin Xocalı soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətə çatdırılmasında önəmli bir addım olduğunu vurğulayıb. Bundan başqa, Ankarada yerləşən Panora ticarət mərkəzində səfirlik və Qazi Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımı ilə bağlı afişa sərgisi təşkil olunub.
Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi, həmçinin fevralın 17-də Ankarada terror aktının törədildiyi əraziyə gedərək faciə qurbanlarının xatirəsini yad ediblər.