Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı Azərbaycanın Rumıniyadakı səfirliyində anım mərasimi keçirilib. Mərasimdə “SOCAR Petroleum SA” şirkətinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və idarə heyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, işgüzar dairələrin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Xocalı şəhərində qətlə yetirilən insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edənlər Azərbaycan xalqının tarix boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi topraqlarından qovulmasından, qaçqın və məcburi köçkünə çevrilməsindən və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasından danışıblar.
Səfir Fərid Abdinbəyov Xocalı faciəsinin Azərbaycanın unudulmaz, dəhşətli və qanlı günlərindən olduğunu söyləyərək, ermənilər tərəfindən törədilən qırğının ağır nəticələrindən danışıb, soyqırımı aktının bir sıra dünya ölkələrində anıldığını bildirib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət!” beynəlxalq kampaniyası haqqında da məlumat verib, beynəlxalq miqyasda, o cümlədən Rumıniyada Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliğ edilməsində diaspor üzvlərinin bundan sonra da aktiv fəaliyyətlərinin vacibliyini vurğulayıb.
Xocalı soyqırımı ilə bağlı səfirlik tərəfindən hazırlanmış pres-reliz Rumıniyanın yerli kütləvi informasiya vasitələrinə, ölkə parlamentinə, rəsmi dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə də göndərilib. Səfirliyin sosial şəbəkələrdə mövcud olan səhifələrində Xocalı faciəsi ilə bağlı müxtəlif məlumatlar yerləşdirilib. Bununla yanaşı, Xocalı faciəsi ilə əlaqədar Rumıniyanın Milli Xəbər Agentliyi olan “AGERPRES”də məqalə yayılıb.