Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində İndoneziyada bir sıra tədbirlər keçirilib.
Fevralın 26-da cənub-şərqi Asiyanın ən böyük məscidi hesab olunan, eyni vaxtda iki yüz min möminin ibadət edə bildiyi İndoneziyanın “İstiqlal” məscidi daxil olmaqla, ölkə ərazisindəki yüz minlərlə məsciddə cümə xütbəsindən sonra Xocalı soyqırımı haqqında möminlərə geniş məlumat verilib və qurbanların xatirəsinə dualar oxunub. Azərbaycanın İndoneziyadakı səfirliyi tərəfindən yerli dildə tərtib olunmuş “Xocalı soyqırımı” adlı faktlar və sənədlər toplusundan ibarət kitab iştirakçılara paylanıb.
Bundan əvvəl, fevralın 25-də İndoneziyanın ən iri və populyar nəşrlərdən biri hesab edilən “Kompas” qəzetinin internet versiyasında A.Veeramallanın müəllifi olduğu “24 il sonra. Xocalı qurbanları hələ dözür” adlı məqalə yerləşdirilib.
Məqalədə müəllif Xocalı soyqırımının təfərrüatlarından bəhs edərək yazır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xankəndidə yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoalayının ağır silah və şəxsi heyətinin dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ regionunda azərbaycanlıların yaşadıqları Xocalı şəhərinə hücum edib. Qeyri-insani qəddarlıqla 613 insan qətlə yetirilib, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca, 8 ailənin bütün üzvləri öldürülüb. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionu daxil olmaqla ətrafdakı 7 rayonu işğal etdiyini, həmin ərazilərdən bütün azərbaycanlıların zorla qovulduğunu yazan müəllif vurğulayıb ki, kütləvi qırğın yerində olan xarici jurnalistlər də bu insanlığa yaraşmayan vəhşilik barədə çoxsaylı məqalələr yazıblar. “The New York Times” qəzetində1992-ci il mart 3-də dərc olunan “Ermənilər tərəfindən qırğın törədilib” adlı məqaləni misal gətirən müəllif qətllərdə Ermənistanın hazırkı rəhbərliyinin əli olduğunu diqqətə çatdırır. Daha sonra ingilis yazıçı və jurnalist Tomas de Valın Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanla müsahibəsinə toxunur və onun Xocalıda soyqırımı törətdiklərini etiraf etdiyini bildirir. Müəllif keçmiş prezident Levon Ter Petrosyanın “İzvestiya” qəzetinə 1992-ci ilin fevralında söylədiyi “bəli, etiraf edirəm ki, bizim uşaqlar Xocalıda ifrat hərəkətlər etdilər” cümləsini də sitatların siyahısına əlavə edib. Ermənistanın hazırkı müdafiə naziri Seyran Ohanyanın isə Xocalıya hücum etmiş 366-cı motoatıcı alayın 2-ci batalyonun komandiri olduğu da məqalədə qeyd edilib.
2008-ci ildə “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasının təsis olunması və bütün dünyada həyata keçirilən çoxsaylı tədbirlər barədə məlumat verən müəllif vurğulayıb ki, bu kampaniya çərçivəsində təqdim edilən çoxsaylı faktlara baxmayaraq, hələ də Qərb ikili standartlar yeridir, Ermənistanın özbaşınalığına göz yumur. A.Veeramalla BMT, ATƏT və digər beynəlxalq qurumları məsuliyyətsizlikdə qınayıb.
Məqalənin sonunda müəllif İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələri Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamələrindən bəhs edib və bu yaxınlarda İƏT-in Cakartada keçiriləcək fövqəladə zirvə toplantısında bu məsələnin qaldırılmasının və konkret addımlar atılmasının arzuolunan olduğunu bildirib.