Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi Daşkənddə Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirib.
Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və hökumət nümayəndələri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun fəalları, tələbələr, jurnalistlər iştirak ediblər.
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bu soyqırımının ağır nəticələri haqqında danışıb.
Səfir erməni işğalçıları tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparıldığını, qadınlara, uşaqlara, ahıllara qarşı xüsusi amansızlıqla işgəncələr verildiyini, faciə nəticəsində yüzlərlə azərbaycanlının məhv edildiyini bildirib. Diplomat son zamanlar Azərbaycan dövləti tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkəmizin haqq işinin dünya ictimaiyyətinə çatdırılması, Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində mühüm işlər görüldüyünü söyləyib. Hüseyn Quliyev bu günə qədər dünyanın 12 dövlətinin, ABŞ-ın 21 ştatının, o cümlədən 53 islam dövlətini özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatının Xocalıda baş verən hadisələri soyqırımı kimi tanıdığını vurğulayıb.
Səfir Azərbaycan xalqının Xocalı ilə yanaşı, Holokost faciəsi, 1915-1918-ci illərdə Türküstanda törədilmiş soyqırımı zamanı həyatını itirmiş günahsız insanların xatirəsini ehtiramla yad etdiyini bildirib.
Sonra Özbəkistan Xalq Çalğı Alətləri Kamera Orkestrinin ifasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən konsert-rekviem keçirilib.
Konsert-rekviemdə Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Hacı Xanməmmədovun, özbək bəstəkarları Muxtar Əşrəfinin, Dani Zakirovun və digərlərinin əsərləri ifa olunub.
Beynəlxalq festivallar laureatı Səncər Kadirov “Ayrılıq”, “Darıxıram sənin üçün Şuşam” mahnılarını Azərbaycan dilində ifa edib. Konsert-rekviemin bədii rəhbəri professor Firuzə Abduaraximova olub.
Tədbirdə iştirak edən xarici qonaqlara özbək tədqiqatçısı Şuxrat Barlasın Azərbaycan səfirliyinin dəstəyi ilə bu il Daşkənddə nəşr olunmuş “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər. Daşnaklar Qarabağdan Fərqanəyə qədər” adlı kitabı təqdim edilib.
Tədbir yerli KİV, o cümlədən Türkiyənin “TRT” kanalı tərəfindən işıqlandırılıb.