Latviyanın “Vedomosti.lv” internet portalında beynəlxalq mövzularda yazan jurnalist Vladimir Reşetovun “Bakı-90, Xocalı-92: iddia müddəti olmayan” sərlövhəli məqaləsi dərc olunub. Məqalə ötən əsrin faciəli hadisələrinə - 1990-cı ildə Bakıda Yanvar qırğınına və 1992-ci ilin Xocalı faciəsinə həsr edilib.
Vladimir Reşetov Azərbaycanın Latviyadakı səfirliyinin Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar təşkil etdiyi anım tədbirinə qatılıb.
V.Reşetov məqaləsində yazır ki, 1990-cı ilin yanvarı SSRİ-nin ucqarlarında yaranmış milli hərəkatların təzyiqi qarşında imperiyanın elə-belə təslim olmayacağı barədə Azərbaycana, eləcə də o vaxtkı Sovet İttifaqında bir çoxlarına yeni xəbərdarlıq idi. 1990-cı il yanvarın 20-də sovet qoşunlarının və ağır texnikanın Bakının mərkəzinə yeridilməsi nəticəsində xeyli insanın həlak olması və etirazların qan içində boğulması zora əl atan Kremlin, baş katib Qorbaçovun amansız siyasətinin təsdiqidir. Hətta “Qorbi”nin cazibəsinin təsiri altına düşən iri Qərb siyasətçiləri də bu hadisələrdə cinayət görmədilər və silah tətbiq olunmasını qiyamçı ucqarların ram edilməsi istiqamətində imperiyanın yetərli tədbiri hesab etdilər.
Latviyalı jurnalist əmindir: “Bir dəfə törədilən cinayət cəzalandırılmayanda, onun təkrarlanması labüddür. Təəssüf ki, hüquqi baxımdan əsrlərin sınağından çıxmış bu həqiqət Bakıdakı Qanlı Yanvar hadisələrindən iki il sonra bir daha təsdiqləndi. Bundan da dəhşətli faciə Xocalıda törədildi.
Məqalə müəllifi hələ 1990-cı ildə mühasirəyə alınmış Xocalıdakı vəziyyəti təsvir edir.
O yazır ki, erməni tərəfi fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalıya hücum edib. Dinc sakinlər Azərbaycanın Ağdam şəhəri istiqamətində guya ermənilər tərəfindən açılmış “dəhliz” deyilən yola üz tutublar. Amma erməni birləşmələrinin hərbi postları ilə qarşılaşıblar. V.Reşetov diqqətə çatdırır ki, sonra baş verənlər 1-2 gün sonra müdhiş mənzərənin şahidi olmuş əcnəbi jurnalistləri dəhşətə gətirib: təpələrin yamaclarına dinc sakinlərin meyitləri səpələnib. Güllələnmiş qocalar, qadınlar və uşaqlar. Çoxunun əlləri və ayaqları tikanlı məftillərlə sarınıb. Tükürpərdici qətliamın faciə yerindən çəkilmiş kadrları bütün dünyaya yayılıb.
V.Reşetov bu qorxunc faciəyə həsr olunmuş “Sonsuz dəhliz” filmindən də danışaraq qeyd edir ki, bu filmə laqeydcəsinə, sakit ürəklə tamaşa etmək mümkün deyil.
Latviyalı jurnalist yazır ki, Azərbaycan Xocalı qırğınının soyqırımı aktı kimi tanınması çağırışı ilə ardıcıl olaraq beynəlxalq təşkilatlara müraciət edir. Bu məqsədlə 2008-ci ildən bütün dünyada “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası aparılır. V.Reşetov məlumat verir ki, ABŞ-ın 21 ştatı Xocalıda soyqırımı aktını tanıyıb. İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini bəşəriyyət əleyhinə cinayət kimi tanımaq müraciəti ilə çıxış edib. Bir çox ölkələrin parlament və hökumətləri Xocalı qurbanlarının anım günləri haqqında qərarlar qəbul ediblər.
Vladimir Reşetov vurğulayıb: belə faciələrin unudulmaması ümid verir ki, cinayətkarlar gec-tez tapılacaq və mühakimə ediləcəklər. Belə cinayətlərin iddia müddəti olmur.