Xocalı soyqırımının 25-сi ildönümü ilə bağlı Azərbaycanın Litvadakı səfirliyi tərəfindən Vilnüs şəhərində silsilə tədbirlər (anım mərasimi, qanvermə aksiyası və fotosərgi) keçirilib.
İlk tədbir fevralın 20-də keçirilib. Səfirlik Litva Seymindəki Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə qrup və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə birgə Vilnüs şəhər Sarayında (Ratuşa) Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirib. Mərasimdə Litva Seymində Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə qrupun rəhbəri və üzvləri, dövlət qurumlarının nümayəndələri, Litvada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, ölkənin tanınmış şəxsləri, jurnalistlər də daxil olmaqla 200-dən artıq insan iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Xocalı soyqırımını XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsi adlandırıb. Səfir bu il Xocalı soyqırımını rəsmi tanıyan ölkələrin sayının artdığını vurğulayıb. Litva Seymindəki Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə qrupun üzvlərinə, TEAS-a və Litvanın Milli Qan Mərkəzinə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı keçirilən tədbirə qoşulduqları, eləcə də qonaqlara Azərbaycan xalqına həmrəylik nümayiş etdirərək tədbirə gəldikləri üçün öz minnətdarlığını bildirib.
Litva Seymində İnsan hüquqları komitəsinin rəhbəri, Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə qrupun sədri Valerius Simulik çıxış edərək Xocalı soyqırımının ən qanlı faciələrdən biri olduğunu bildirmiş, bununla bağlı rəhbərlik etdiyi qrupun adından və öz adından Azərbaycan dövlətinə və xalqına dərin hüznlə başsağlığı verib. İnsanlığa qarşı törədilmiş bütün əməlləri qınadıqlarını qeyd edərək, Litva Respublikasının daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
Avropa Azərbaycan Cəmiyyətinin Fransadakı nümayəndəliyinin rəhbəri Eliza Piter tədbir iştirakçıları qarşısında çıxış edərək 25 il öncə Xocalıda qəddarcasına 613 kişi, qadın və uşaqların qətlə yetirildiyini qeyd edərək, Xocalı soyqırımını törətmiş cinayətkarların beynəlxalq məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb və Xocalı şəhərində baş vermiş hadisələrin yaddaşdan silinməyəcəyini bildirib.
Çıxışlardan sonra tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və səfirliyin Litva dilinə tərcümə etdirdiyi qısa metrajlı film (video təqdimat) nümayiş olunub. Daha sonra qonaqlar üçün Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş musiqi proqramı təqdim edilib.
Fevral ayının 21-də Litva Milli Qan Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş “Həyat üçün qan” adlı qanvermə aksiyası keçirib. Qanvermə aksiyasının əsas məqsədi Litvada qanazlığından əziyyət çəkən xəstələrə kömək etmək olub. Aksiyada səfir, səfirliyin əməkdaşları, Litvada təhsil alan Azərbaycanlı tələbələr və litvalılar iştirak ediblər. Milli Qan Mərkəzinin məlumatına əsasən aksiya zamanı 42 nəfər qan verib. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş “Həyat üçün qan” adlı qanvermə aksiyası səfirlik tərəfindən ardıcıl olaraq üçüncü ildir keçirilir və Litva ictimaiyyəti tərəfindən çox yüksək səviyyədə qarşılanır.
Fevral ayının 22-də Litva Soyqırım Muzeyində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş fotosərgi açılıb. Muzeyin sərgi zalında Xocalı soyqırımı zamanı çəkilmiş 20-dək fotoşəkil nümayiş olunub. Fotosərgi iki həftə nümayiş olunacaq.