Fevralın 18-də Stokholmda ABŞ və Litvanın birgə istehsalı olan, çoxsaylı mükafatlar qazanmış “Sonsuz dəhliz” adlı müstəqil sənədli filmin nümayişi keçirilib.
Filmin nümayişi “Xocalıya ədalət” kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil edilib. Bu film 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunub.
Britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilən “Sonsuz dəhliz” sənədli filmi 2015-ci ildə keçirilmiş beynəlxalq premyerasından sonra tamaşaçıların rəğbətini qazanıb.
Çoxlu sayda siyasətçi, tanınmış ictimai xadim və media nümayəndələrinin, Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədovun qatıldığı tədbirdə çıxış edən TEAS-ın direktoru Lionel Zatter deyib: “TEAS Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası çərçivəsində bu tədbirləri keçirməkdən qürur duyur”.
O bildirib ki, “Xocalıya ədalət” beynəlxalq kampaniyası 2008-ci ildə başlanılıb. Bu kampaniyanın qısa zaman kəsiyində geniş vüsət alması regionda ədalətin bərqərar edilməsinə beynəlxalq dəstəkdir. Bu dəstək Avropa, Amerika, Asiya və Afrikada 100-dən artıq ölkədə tədbirlərin keçirilməsi ilə ifadə olunub. TEAS “Xocalıya ədalət” kampaniyası çərçivəsində Afina, Berlin, Brüssel, Florensiya, İstanbul, London, Paris, Strasburq və Vilnüsdə tədbirlər təşkil edib.
“Sonsuz dəhliz” filmi Xocalı faciəsinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri əsasında qurulub. O, qətliamdan xilas olmuş, gözləri qarşısında yaxınları qətlə yetirilmiş insanların bu xatirələrlə necə yaşadıqlarını öyrənmək arzusu ilə geri dönüb. Rusiyalı jurnalist Viktoriya İvleva da iki günlük körpəsini həmin qətliamdan xilas edən ana – Mehribanla görüşüb. “Bu hekayələr həyatları öz doğma torpaqlarında erməni işğalı nəticəsində məhv olmuş insanların hekayələridir", - deyə L.Zatter bildirib.
Hüquq müdafiəçisi Andres Qomes bu cür dəhşətli qəddarlıq hadisəsi barədə xəbər tutmaq üçün Dağlıq Qarabağ kimi həll olunmamış münaqişələr barədə ictimaiyyəti məlumatlandırmağın vacibliyini qeyd edib.
Smilla Sahlquist isə filmi “Ürəyi yerindən oynadan – ürəyə toxunan sənədli film” adlandırıb: “Bu film insanın vicdanına təsir edir və cavab tələb edir”.
Qeyd edək ki, Madriddə Tenerife Beynəlxalq Film Festivalında film “Ən yaxşı sənədli film”, rejissor Aleksandras Brokas isə “Ən yaxşı sənədli film rejissoru” nominasiyası üzrə qalib elan edilib. Həmçinin Milan Beynəlxalq Film Festivalında “Ən yaxşı montaj olunmuş sənədli film” nominasiyasında mükafata layiq görülüb. Film ABŞ-da keçirilmiş “Accolade Qlobal Film Competition” müsabiqəsində də “Best of Show” mükafatına layiq görülüb.
Film, həmçinin Türkiyənin “Kanal 24”, “CNN Türk” və “Eurochannel” kanallarında nümayiş olunub.
Filmin fasiləsi zamanı, həmçinin “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının təqdimatı olub.
Kitabın redaktoru İan Peart Xocalı qurbanlarının günahsızlığından yazıb, beynəlxalq ictimaiyyəti faktlarla təmin edib: “Ümid edirəm ki, bu kitabı oxuyandan sonra insanlar özlərinə sual edəcəklər: “Kömək etmək üçün mən nə edə bilərəm?”.
Kitaba Xocalı hadisələrinin canlı şahidləri ilə müsahibələr, beynəlxalq mətbuatda dərc olunmuş materiallar, xarici tədqiqatçıların araşdırmaları, beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir şəkillər daxildir.
Qeyd edək ki, 106-sı qadın, 70-i qoca, 63-ü uşaq olmaqla 613 nəfərin qətlə yetirildiyi bu soyqırımı Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin ən dəhşətli qəddarlıq nümunəsidir.