Moskvada, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Rusiya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri, xarici ölkələrin Moskvada akkreditə edilmiş səfirləri Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsini anmağa gəliblər.
Xatirə gecəsini açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu xatırladıb ki, 28 il əvvəl – 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Qarabağda Azərbaycan şəhərinə - Xocalıya hücum ediblər. Xocalı şəhəri bir gecədə yerlə-yeksan edilib. Ölümdən qurtulmaq istəyən yerli sakinlər qarlı dağlara üz tutublar, yolda silahsız insanları erməni silahlı dəstələri gülləbaran ediblər. Səfir deyib: “Qurbanların həqiqi sayı heç kəsə məlum deyil. Şəksiz ki, onların həqiqi sayı rəsmi mənbələrdə gətirilən rəqəmlərdən xeyli çoxdur. Amma elə bu rəqəmlər də insanı dəhşətə gətirir. Bir düşünün, 613 insan bir neçə saat ərzində qətlə yetirilib, 487 adam əlilə çevrilib, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülüb, 155 insanın taleyi indiyədək məlum deyil. Bu, xüsusi amansızlıqla törədilmiş əsl soyqırımı idi. Qurbanların çoxu diri-diri yandırılıb, kiminin başını kəsiblər, kiminin gözlərini çıxarıblar, kiminin də qulaqlarını kəsiblər, hamilə qadınların bədənlərində təhqir izləri aşkar edilib”.
Diplomat qeyd edib ki, xalqımızın tarixinin bu faciəli səhifəsini unutmaq, bağlamaq, çevirmək mümkün deyil. “Bu yaxınlarda Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş xalqımızın Azərbaycanın qanuni maraqlarını sonunadək müdafiə etmək qətiyyətini bir daha əyani nümayiş etdirdi. Cənab Prezident Dağlıq Qarabağın Azərbaycana məxsus olması barədə bir sıra təkzibedilməz faktlar gətirdi və öz tezisini tarixi məlumatlarla, habelə beynəlxalq hüquqa, o cümlədən BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin ölkəmizin ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə çoxsaylı istinadlarla möhkəmləndirdi”, - deyə P.Bülbüloğlu vurğulayıb.
Səfirin sözlərinə görə, cinayətkarların adbaad məlum olmasına, onların praktiki olaraq bu cinayəti etiraf etmələrinə baxmayaraq, dünya ictimaiyyətinin gözü qarşısında törədilmiş bu soyqırımı aktına görə indiyədək heç kəs məsuliyyət daşımayıb.
Səfir deyib: “Biz tarixin təkərini geri döndərə bilmərik, həlak olanları geri qaytara bilmərik, lakin biz belə bir faciənin təkrarlanmaması üçün Xocalıda baş verənlər barədə həqiqəti dünyaya çatdıra bilərik və bunu etməyə borcluyuq. Məhz bu məqsədlə Heydər Əliyev Fondunun vitse-prezidenti və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanda “Xocalıya ədalət!” hərəkatı yaranıb və bu hərəkat dünya miqyasında yüz minlərlə gənci bir araya gətirib. Onlar öz missiyasını Xocalı soyqırımı haqqında həqiqətləri müxtəlif ölkələrin vətəndaşlarına çatdırmaqda görürlər”.