Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq və bu faciəyə münasibətdə ədalətin bərqərar olunmasını tələb etmək məqsədilə fevralın 25-də ABŞ Konqresində xüsusi tədbir keçirilib.
“Xocalıya ədalət!” kampaniyasına dəstək məqsədilə təşkil edilən tədbirdə ABŞ konqresmenləri və Konqresin əməkdaşları, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik, diplomatik korpusun üzvləri, o cümlədən Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç, Azərbaycan, türk və yəhudi icma üzvləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasimi Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Mehriban Məmmədova açaraq Xocalı qətliamının Azərbaycan xalqının qanlı yaddaşında buraxdığı izlərdən bəhs edib və xalqımızın bu qətliamın qurbanlarına ədalət tələb etdiyini bildirib.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Xocalı qətliamının faciəvi nəticələri barədə danışıb. Bildirib ki, bu ağır qətliamın yad edilməsi əslində regionda sülhün tezliklə bərpa edilməsinin nə qədər vacib olduğunu bir daha xatırladır. Səfir üzləşdiyi bütün ağrı-acılara və haqsızlıqlara baxmayaraq, Azərbaycanın gələcəyə baxdığını vurğulayıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzaq olmadığına ümid etdiyini bildirib.
ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun həmsədri Stiv Koen, Nümayəndələr Palatasının Avropa və Avrasiya üzrə alt komitəsinin sədri Deyna Rohrabaxer, konqresmenlər Henri Kuellar və Donald Peyn çıxışlarında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyini bildirib, ABŞ-ın bu münaqişənin nizamlanması üçün daha fəal səylər göstərməsinin vacibliyini vurğulayıblar. Onlar Xocalı qətliamı kimi acı tarixi hadisələrin xatırlanmasının zəruriliyini qeyd ediblər. Konqres üzvləri hər bir insan həyatının dəyərli olduğunu vurğulayaraq, Xocalı faciəsi qurbanları arasında böyük sayda qadın və uşaqların olmasının ayrıca üzüntü doğurduğunu diqqətə çatdırıblar. Onlar bu faciənin yad edilməsinin mühüm olduğunu deyib və bununla yanaşı, münaqişə tərəflərini sülhə səsləyiblər. Konqres üzvləri ABŞ-ın regionda sülhün bərqərar olması üçün daha çox fəallıq göstərməsinin vacibliyini qeyd ediblər. Çıxışlarda, həmçinin ABŞ-Azərbaycan münasibətlərinin strateji əhəmiyyəti qeyd olunub, ölkələrimiz arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsinin önəmi diqqətə çatdırılıb.
Mərasimdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Xocalı faciəsindən bəhs edən film nümayiş etdirilib.