Ərazisi əsasən qumsal və daşlı sahələrdən ibarət olan İsraildə yaşıllıqlara qayğıkeş münasibət bəslənilir. Yaşıllıqların sahəsi hər il artırılır. Adətən yeni ağacların əkilməsi təntənəli mərasimə çevrilir.
Belə mərasimlərdən biri də bu il fevralın 26-da İsrailin birinci prezidenti Xaim Vaytsmanın adını daşıyan meşədə keçirilib. Burada yeni bağ salınıb. Bağda cəmi 613 ağac əkilib. Bu 613 ağac Xocalı faciəsində dünyasını dəyişmiş 613 günahsız qurbanın xatirəsinə ehtiram əlamətidir.
Belə bir aksiyanın təşəbbüskarı İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasıdır (Azİz). Heydər Əliyev Fondu, “Xocalıya ədalət” beynəlxalq kampaniyası və Keren Kaemed Le İsrael Yəhudi Milli Fondu (KKL YMF) da bu ideyanı dəstəkləyib və onun həyata keçirilməsinə kömək edib.
“Azİz” Assosiasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ağacəkmə mərasimindən əvvəl KKL YMF-nin MDB ölkələri departamentinin direktoru İqal Yasinovun rəhbərliyi ilə mitinq keçirilib.
Mitinqdə Azərbaycanı Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov və parlamentin əmək və sosial siyasət komitəsi sədrinin müavini Rauf Əliyev təmsil edib.
Tədbirdə İsrail tərəfdən İsrail–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, “Azİz” assosiasiyası nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman çıxış edib. Yəhudi Milli Fondunun vitse-prezidenti Zeev Noymanın mitinq iştirakçılarına məktubu oxunub.
Memorial lövhənin təntənəli açılış mərasimindən sonra Heydər Əliyev Fonduna və Azİz İsrail-Azərbaycan beynəlxalq Assosiasiyasına bu bağın təməlinin qoyulması barədə KK LMF-nin xüsusi sertifikatları təqdim edilib. Ravvin Şmuel Simantov və onun böyük oğlanları dua oxuyaraq ağacəkmə aksiyasına xeyir-dua veriblər. Daha sonra İqal Yasinov tədbirin təşkilatçılarını və qonaqları ağacların əskilməsində iştirak etməyə dəvət edib.
Mərasimdə Tirat-Karmel şəhərinin meri Arye Tal, Afula şəhəri merinin birinci müavini Mixail Barkan, şəhər sovetlərinin deputatları Aviran Mişiyev, Marqarita Kozakova, Samariya regional şurası sədrinin müavini Xanan Niv, ictimai təşkilatların nümayəndələri, universitet professorları və başqaları da iştirak edib.