ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri, Tennesi ştatından konqresmen Stiv Kohen yüzlərlə günahsız insanın ölümü ilə nəticələnən Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bəyanat verib.
Konqresmen bəyanatında Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalının 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qaldığını və həmin dəhşətli gecədə 600-dən çox silahsız insanın, o cümlədən 106 qadının və 83 uşağın vəhşicəsinə öldürüldüyünü qeyd edir.
Bəyanatda bildirilir ki, atəşkəsin əldə edilməsindən 20 ildən çox vaxt keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu da daxil olmaqla, 20 faiz ərazisi hələ də işğal altındadır. Bir milyondan çox azərbaycanlı öz evindən didərgin düşüb.
Konqresmen, həmçinin Azərbaycanın işğal edilmiş əraziləri boyunca təmas xəttində toqquşmalar kontekstində ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri olaraq Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində səylərini artırmasının vacibliyini bildirir.
Daha sonra ABŞ Konqresinin üzvü Azərbaycanın çox çətin qonşuluq mühitində olmasına baxmayaraq, bir çox məsələlərdə, o cümlədən təhlükəsizlik və enerji məsələlərində ABŞ və müttəfiqlərinin güclü tərəfdaşı olduğunu vurğulayıb. Konqresmen, eyni zamanda, Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara, xüsusilə Əfqanıstan əməliyyatına mühüm töhfəsini diqqətə çatdırıb.
Bəyanatda, həmçinin Azərbaycanın aparıcı rol oynadığı Cənub Qaz Dəhlizinin inşasının təbii qazla təchizat baxımından Avropa dövlətləri üçün önəmi vurğulanır. Ölkəmizin İsrailin neft istehlakının təxminən 40 faizini təmin etdiyi bildirilir. Həmçinin Azərbaycanda yəhudi icmasının əmin-amanlıq içərisində yaşadığı və ölkəmizin İsraillə yaxın münasibətlərinin təqdirəlayiq olduğu vurğulanır.
Sonda konqresmen Kohen dünya azərbaycanlılarının Xocalı soyqırımının qurbanlarının xatirəsini yad etdiyi bir vaxtda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll olunmasının və Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsinin önəmini qeyd edir.