Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Malayziyanın “Universiti Putra Malaysia” (UPM) Universitetində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən anım tədbiri keçirilib. Tədbirdə universitetin müəllim və tələbə heyəti, Malayziyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən səfirliyin əməkdaşları Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ və işğal olunmuş digər torpaqlarımız, Xocalı soyqırımı ilə bağlı geniş məlumat veriblər.
Sonra Xocalı faciəsini və Ermənistanın Azərbaycana qarşı təcavüzünü əks etdirən, ingilis və malay dillərində nəşr olunmuş sənədli və bədii kitablar, jurnallar, həmçinin soyqırımı qurbanlarının fotoşəkillərindən ibarət stend iştirakçılara təqdim edilib.
Universitetdə təhsil alan yerli və əcnəbi tələbələrin hadisələr barədə sualları səfirliyin əməkdaşları tərəfindən cavablandırılıb. Xocalı hadisələrini əks etdirən kitablar, o cümlədən Səriyyə Müslümqızının müəllifi olduğu “Xocalı uşaqları, qan içində qar çiçəyi” adlı povestin malay dilinə tərcümə edilmiş nüsxələri tələbələrə paylanılıb. Eyni zamanda, Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin bəyanatının surəti tələbələr arasında yayılıb.
Tədbir zamanı universitetin kino zalında Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilib.
Sonda Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzünü özündə əks etdirən ingilis və malay dilində kitablar universitetin kitabxanasına təqdim olunub.