Artıq üçüncü ildir ki, Kiyev Milli Linqvistika Universitetində (KMLU) Azərbaycan dili tədris olunur və Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi uğurla fəaliyyət göstərir. Burada Azərbaycan ədəbiyyatını, mədəniyyətini, tarixini, Xocalı soyqırımının bu tarixin ən faciəli səhifələrindən biri olduğunu yaxşı bilirlər. Məhz buna görə də fevralın 26-da bu ali məktəbdə Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbiri Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Ukrayna Azərbaycanlı Gənclər İttifaqı (UAGİ) və KMLU təşkil ediblər.
Tədbirdə Azərbaycan diplomatları, ali məktəbin professor-müəllim heyəti və tələbələri, UAGİ-nin rəhbərliyi və fəalları, diasporumuzun digər nümayəndələri iştirak ediblər.
Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılandan sonra bu faciədən söz açan sənədli film nümayiş etdirilib.
Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev filmin nümayişindən sonra dinc Xocalı sakinlərinin erməni silahlı birləşmələri tərəfindən kütləvi qətlə yetirilməsindən danışıb. O bildirib ki, bu faciə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı amansızlıqlığına görə misli görünməmiş qətliam olub.
N.Əliyev rəsmi Bakının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti dünya birliyinə çatdırmaq istiqamətində yürüdülən diplomatik və informasiya siyasəti, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası barədə məlumat verib.
Diplomat xüsusi vurğulayıb ki, dünyada ikili standartların mövcud olmasına baxmayaraq, Avropanın bir çox dövlətləri, ABŞ-ın ştatları Xocalı qırğınını Azərbaycan xalqına qarşı soyqırımı kimi tanıyıblar.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının başçısı Rövşən Tağıyev, KMLU-nun professorları Oleq Kşanovski və Tatyana Meyzerskaya, UAGİ-nin fəalı Səbinə Səfərova və başqaları da çıxışlarında Xocalı faciəsinə münasibətlərini bildiriblər.
Universitetin Odlar Yurdunun dilini və mədəniyyətini öyrənən tələbələri Azərbaycan dilində vətənpərvərlik mövzusunda ədəbi kompozisiya təqdim ediblər.
KMLU-nun prorektoru, professor İrina Seryakova yekun sözündə Xocalı faciəsi ilə əlaqədar Azərbaycan xalqının dərdinə şərik olduğunu bir daha diqqətə çatdıraraq vurğulayıb ki, bu faciənin günahkarları layiq olduqları cəzanı almalıdırlar.