Fevralın 26-da Ukraynanın “Vlasti.net” internet nəşri Xocalı soyqırımı ilə bağlı məqalə dərc edib. “Xocalı soyqırımı müasir Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri kimi” adlı analitik materialda qan yaddaşımıza əbədi həkk olunmuş hadisə ermənilərin azərbaycanlılara və bəşəriyyətə qarşı törətdiyi ən qanlı cinayətlərdən biri kimi təqdim olunur.
Məqalənin ilk sətirlərində Dağlıq Qarabağda münaqişənin tarixi açıqlanır və bildirilir ki, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” yaratmaq xülyasının həyata keçirilməsi Azərbaycan kəndləri və şəhərlərinin xarabazara çevrilməsi, minlərlə günahsız insanın qətli ilə başlayıb.
Materialda daha sonra deyilir ki, Xocalıda baş vermiş faciəli hadisələrdən 24 il sonra tarixi, foto və video faktlara, şahid ifadələrinə, müxtəlif ölkələrdən olan alim və jurnalistlərin çoxsaylı araşdırmalarına istinadla əminliklə bəyan etmək olar ki, ümumən Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı qətliamı özünün ağlasığmaz qəddarlığı və qeyri-insani işgəncə metodları ilə bəşəriyyət əleyhinə törədilmiş tarixi cinayətdir.
Məqalədə xüsusi qeyd olunur ki, 200 il ərzində Azərbaycan xalqı daim erməni şovinistlərinin etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar öz tarixi torpaqlarından qovulub, qaçqın və məcburi köçkünlərə çevrilib və bütün bunlar ermənilərin törətdiyi kütləvi qətllərlə müşayiət olunub.
Daha sonra deyilir ki, Xocalı şəhərini hədəfə götürməklə, bir tərəfdən, Qarabağın dağlıq ərazisində strateji əhəmiyyətli maneələrin məhv edilməsi məqsədi güdülüb, digər tərəfdən, ermənilər sadəcə Xocalını bütünlüklə yox etmək istəyiblər. Çünki bu şəhər həm də qədim zamanlardan bu günədək xalqın tarixi və mədəni adət-ənənələrini əks etdirib. O, tarixə eramızdan əvvəl XIV-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyəti kimi daxil olub. Bu məkanda dəfn abidələri – daş sənduqələr, kurqanlar və nekropollar aşkar edilib. Onlar Tunc dövrünün sonu və erkən Dəmir dövrünə aiddir. Bundan başqa, bölgədə memarlıq abidələri – sərdaba (1356-1357) və məqbərə (XIV əsr) mövcuddur.
Məqalədə xüsusi qeyd olunur ki, Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Ermənilər sağ qalmış insanlara da işgəncə veriblər. Onlar azərbaycanlıların dərisini soyub, başlarını və bədənlərinin digər hissələrini kəsib, uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıblar. Xocalıya hücum zamanı qadağan edilmiş 5,45 mm kalibrli patronlar və kimyəvi silahdan istifadə olunub. Bütün bunlar Ermənistanın Cenevrə Konvensiyasının protokollarını pozmasını və dinc əhaliyə qarşı soyqırımı həyata keçirməsini sübut edir.
Ukrayna internet nəşrində Xocalı faciəsi ilə bağlı obyektiv məqalə bu sözlərlə bitir: “Cinayət cəzasız qalmamalıdır. Dünya ictimaiyyəti Ermənistanı hərbi-siyasi təcavüzdə ittiham etməlidir. Beynəlxalq təşkilatlar, dünya ölkələrinin parlamentləri Xocalı soyqırımına, Ermənistan Respublikasının Azərbaycan ərazisində törətdiyi qətliama siyasi-hüquqi qiymət verməlidir”.
Məqalənin tam mətni ilə bu linklə tanış olmaq olar: http://vlasti.net/news/234540