Türkiyənin məşhur “Hurriyet Daily News” qəzetində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı məqaləsi dərc edilib.
Müəllif məqalədə Azərbaycan xalqı üçün yanvar və fevral aylarının böyük faciə kimi yadda qaldığını qeyd edib. 24 il bundan əvvəl baş vermiş Xocalı faciəsinin insanlığa qarşı qətliam olduğunu bildirən A.Suver 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin əhalisi azərbaycanlılardan ibarət olan Xocalı şəhərini bir gecənin içərisində darmadağın etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, həmin gün Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə alıb. Ermənilər ən müasir silahlarla hücum edərək Xocalı şəhərini yerlə-yeksan ediblər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılıb, yandırılıb və insanlar xüsusi qəddarlıqla qətlə yetirilib. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılanlar çoxluq təşkil edirdi. Bu soyqırımı nəticəsində 613 nəfər öldürülüb ki, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Səkkiz ailə tamamilə məhv edildi, 487 nəfər şikəst oldu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb. Bu faciə zamanı insanlar amansızcasına yandırılaraq, gözləri çixardılaraq öldürülüb. Xocalı soyqırımını ermənilər planlı şəkildə və qəddarlıqla həyata keçiriblər.
Xocalının təpələri və məntəqələri ilə strateji əhəmiyyətə malik məkan olduğunu vurğulayan müəllif bildirib ki, Ermənistanın hərbi məqsədlərindən biri bu əraziləri işğal etmək idi. Ermənistan silahlı qüvvələri tərəfindən şəhər tamamilə yandırılıb. Xocalının digər ərazilərlə əlaqəsi kəsilib. Ermənistan ilə Azərbaycan arasında müharibə 1994-cü ilə qədər davam edib və həmin il atəşkəs haqda saziş imzalanıb. Lakin ötən müddətdə Qərb dövlətləri Xocalıda törədilmiş amansız dəhşətlərlə bağlı hər hansı nəzərəçarpan fəaliyyət göstərməyib. Daha sonrakı illərdə BMT, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası bu ərazilərin Ermənistan tərəfindən işğalını təsdiq ediblər.
Buna baxmayaraq ötən 25 ilə nəzər salsaq Ermənistanın əslində tələb olunan heç bir qaydaya əməl etmədiyi açıq-aşkar görünür.
Müəllif Xocalı faciəsinin növbəti ildönümündə beynəlxalq cəmiyyətin bu dəhşətli hadisələrə gözübağlı qalmayacağına ümidvar olduğunu bildirib.