“The Washington Times” qəzetində Beqin-Sadat Strateji Araşdırmalar Mərkəzinin eksperti Aleksandr Murinsonun “Ermənistanın dinc azərbaycanlı əhaliyə hücumu” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Azərbaycanın işğal edilmiş ərazilərindəki erməni hərbi hissələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində Sahibə Allahverdiyeva və Zəhra Quliyevanın həlak olmasından danışılır.
Müəllif yazır ki, ABŞ-ın Müstəqillik Günündə amerikalılar hər yerdə atəşfəşanlıq etdikləri kimi, erməni hərbçiləri də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda günahsız mülki şəxslərə qarşı “öz partlayıcı vasitələrindən” istifadə ediblər. Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Norika Nikolai və Avropa Parlamentinin vitse-prezidenti Rişard Çarnetski birgə bəyanatlarında vurğulayıblar ki, “mülki şəxslərin, qadın və uşaqların kütləvi şəkildə qətlə yetirilməsi istənilən halda yolverilməzdir və dərhal dayandırılmalıdır. Müəyyən olunub ki, bu qətl Ermənistan silahlı qüvvələrinin minomyot və qumbaraatanlardan istifadə etməklə Füzuli rayonunun Alxanlı kəndində əliyalın mülki azərbaycanlı şəxslərə hücumu nəticəsində baş verib”.
Demək olar ki, hər gün erməni hərbçiləri minomyot və snayperlərdən istifadə edərək Azərbaycanı onun işğal edilmiş Dağlıq Qarabağ regionundan ayıran demarkasiya xətti – təmas xətti boyunca mülki şəxsləri mütəmadi atəşə tutur. İyulun 4-də baş vermiş insident Ermənistanın Azərbaycanda cavab reaksiyası doğurmaq məqsədilə mülki obyektlərə hücumu əhatə edən yeni hərbi doktrinasına dəlalət edir ki, sonradan onu təcavüzkar adlandırsın. Azərbaycan Ordusunun zəbt olunmuş torpaqların müəyyən hissəsini azad etməsi ilə nəticələnən 2016-cı ilin aprel toqquşmasından danışan Murinson yazır ki, hərbi əməliyyatlar zamanı Azərbaycan hərbçiləri ən yeni silahlardan istifadə ediblər. Komandanlıq və idarəçilik sistemi, silahlı qüvvələr açıq-aşkar çox yaxşı hazırlıqlı idi və onlar erməni hərbçilərindən xeyli peşəkarcasına fəaliyyət göstəriblər. Cavab zərbəsi endirməyə məcbur olan Azərbaycan erməni ordusunu darmadağın edib, strateji yüksəklikləri və ərazinin bir hissəsini azad edib.
Alxanlı kəndinin atəşə tutulmasından danışan müəllif yazır ki, erməni hərbçiləri Azərbaycan mövqelərinə, tanklarına və qoşunlarına hücum etməkdən açıq-aşkar çəkiniblər. Bunun əvəzinə, Azərbaycanın Alxanlı kəndi 82 və 120 millimetrlik minomyotlardan və ağır qumbaraatanlardan atəşə tutulub. İkiyaşlı Zəhra və nənəsi Sahibə Allahverdiyeva həlak olub, daha bir sakin yaralanıb.
Məqalənin sonunda Murinson qeyd edir ki, Tramp Administrasiyasının Azərbaycana diplomatik, hərbi və siyasi dəstəyi Vaşinqtonun marağındadır, xüsusən ona görə ki, bu ölkə ABŞ-ın ən səmimi, stabil və etibarlı dostlarından biridir.