Kaliforniyanın “The San Francisco Examiner” qəzetində “1992-ci ildə azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımını xatırlayırıq” sərlövhəli məqalə verilib. Şimali Kaliforniyanın Azərbaycan icması üzvlərinin təşəbbüsü ilə dərc olunmuş məqalədə Xocalı soyqırımı haqqında statistik məlumatlar və digər faktlar yer alıb.
Məqalədə vurğulanır: “Xocalı soyqırımı İkinci Dünya müharibəsindən sonra ilk ən böyük kütləvi qanlı qırğın və Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ müharibəsi ərzində ən dəhşətli hərbi cinayət oldu”. Ermənilərin güddüyü niyyətdən söhbət açılaraq qeyd edilir ki, qəddar soyqırımı aktı yerli əhalinin gözünü qorxutmaq, onları regionu tərk etməyə vadar etmək məqsədilə Ermənistan tərəfindən qabaqcadan düşünülmüş terror siyasətinin tərkib hissəsidir.
Qəzet Tomas de Vaalın “Qara bağ” kitabından müharibə zamanı erməni səhra komandiri olmuş Serj Sarkisyanın dinc azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın törətdiyini etiraf etməsi barədə fikirlərini sitat gətirir. Materialda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının aparıldığı qeyd edilir, habelə son illərdə Xocalı faciəsini soyqırımı kimi tanıyan ölkələrin və Amerika ştatlarının siyahısı verilir.
“The San Francisco Examiner” şimali Kaliforniyada populyar qəzetlərdən biridir və onun bazar günü tirajı 255 min nüsxəyə çatır.