Son vaxtlar separatist meyillərin güclənməsi dünyada böyük təhlükə və təşviş doğurur. Cənubi Qafqazda Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi ilə baş qaldırmış separatizm əvvəlcə başqa postsovet dövlətlərinin ərazisinə keçib, bu gün isə artıq Qərbi Avropada, o cümlədən İspaniyanın Kataloniya bölgəsində təzahür edir.
İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qutun İsraildə ən nüfuzlu ingilisdilli nəşrdə - “The Jerusalem Post” qəzetinin 24 noyabr tarixli nömrəsində dərc olunmuş “Cəzasızlıq cinayət doğurur: Separatizm Dağlıq Qarabağdan Kataloniyaya qədər” sərlövhəli məqaləsi bu mövzuya həsr edib.
Müəllifin fikrincə bu proses vaxtında araşdırılmasa və ona maneçilik edilməsə yaxın gələcəkdə Qərbin və dünyanın digər dövlətlərində də təzahür edə bilər. Məşhur holland mütəfəkkiri Rotterdamlı Erazm dövlətlər arasında ərazi münasibətlərinə sabit xarakter verməyə çağırırdı. Müasir dünyada separatizmin baş qaldırmasına nəzər salanda istər-istəməz onun sözləri yada düşür: “Dövlətlərin sərhədlərinin dəyişikliklərə məruz qalmaması və davamlı olması üçün vasitələr tapmaq lazımdır, çünki dövlət sərhədlərinin dəyişməsi müharibəyə gətirib çıxarır”.
Arye Qut qeyd edir ki, bir neçə gün bundan əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda Beynəlxalq Forum keçirilib.
Forumun işində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatları, Avropa Parlamentinin, habelə Avropa ölkələri parlamentlərinin üzvləri, həmçinin separatizmdən əziyyət çəkən bir sıra ölkələrin deputatları, siyasətçiləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olan bir sıra ölkələrin sabiq prezidentləri, ictimai-siyasi xadimlər, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV əməkdaşlarından ibarət 200 nəfərə yaxın nümayəndə iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə deyib: “Azərbaycanın təşəbbüsü ilə keçirilən bu beynəlxalq forum ərazi bütövlüyü pozulmuş və əhalisi öz vətənindən qovulmuş xalqların və dövlətlərin mübarizəsini dəstəkləyəcək.
Azərbaycan Prezidentinin köməkçisi deyib: “Biz uzun illər boyu Avropaya və dünyaya xəbərdarlıq edirdik ki, etnik separatizmin nazı ilə oynamağa dəyməz. Əgər siz belə etsəniz, sonda bu, xalqlar və dövlət arasında münaqişələrə, dəhşətli qarşıdurmaya səbəb olacaq və bunun nəticəsində günahsız insanlar əziyyət çəkəcək. Azərbaycan uzun illərdir ki, separatizmin bu dəhşətli ağrısını çəkməkdə davam edir – insanlar əzəli torpaqlarından qovulub, bizdə qaçqınlar və daxili köçkünlər yaranıb, minlərlə günahsız insan həlak olub”.
Əli Həsənov vurğulayıb: “Avropa bu etnik separatizm təhlükəsinin acı nəticələrini görəndən sonra bizim haqq səsimizi dəstəkləyib. Bugünkü forum buna əyani sübutdur. İspaniyanın ərazi bütövlüyü onun milli hüququdur, dövlətin milli qanunvericiliyi heç kəs tərəfindən pozula bilməz. Bu, beynəlxalq hüququn əsas prinsiplərindən biridir. Mənim fikrimcə, Avropa İttifaqı İspaniyanın ərazi bütövlüyünü yekdilliklə dəstəklədiyini nümayiş etdirirsə, o, başqa ölkələrdə mövcud olan etnik separatizmə də adekvat münasibət bildirəcək və indiyə qədər olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünü tanımaqda davam edəcək”.
Hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən “ikili standartlar” siyasətinin etnik separatçılığa qarşı qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına əngəl törətdiyinin təəssüf doğurduğunu deyən Əli Həsənov bildirib ki, bəzi hallarda aparıcı beynəlxalq təşkilatlar etnik separatçılığın aradan qaldırılmasını nəzərdə tutan, təsirli mübarizə metodlarını və cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etmədiyi məsələsinə biganə yanaşırlar. Bu isə BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların obyektivliyinin və prinsipiallığının üzərinə kölgə salır. Ona görə də həmin qurumlar ikili standartlar mövqeyindən əl çəkməli və etnik münaqişələrin beynəlxalq hüququn normaları çərçivəsində həlli üçün səylərini artırmalıdır.
Prezidentin köməkçisi deyib ki, Azərbaycanın mövqeyinə görə, bir dövlətin beynəlxalq hüququn normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir. Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdar edərək, qəti şəkildə praktik addımlar atmağa və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vurğulayıb: “Hesab edirik ki, təcavüzkarın qarşısı alınmasa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəldilmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası daha da genişlənəcək ki, bu da dünya nizamı üçün böyük təhdid deməkdir”.
Əli Həsənov qeyd edib ki, onun ölkəsi Avropa İttifaqı ilə münasibətlərdə maraqlıdır və bu qurumla müxtəlif sahələrdə əlaqələri nizamlamağa başlayıb. Azərbaycanın “Qonşuluq siyasəti” və “Şərq tərəfdaşlığı” proqramları çərçivəsində gördüyü işlər - dünyanın müxtəlif regionlarında, o cümlədən Əfqanıstanda, İraqda, Balkanlarda sülhyaratma proseslərində birbaşa iştirakı, qeyri-hərbi resurslarını NATO-nun sərəncamına verməsi, təhlükəsiz hava dəhlizini təmin etməsi yüksək qiymətləndirilib.
Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş barədə danışıqlar prosesi davam edir. Əminik ki, bu sənədin imzalanması tərəflər arasında siyasi dialoq, insan haqları, ticarət, investisiya, iqtisadiyyat, qanunvericilik, mədəniyyət və başqa sahələrdə genişmiqyaslı əməkdaşlığın möhkəmlənməsi üçün əlverişli şərait yaradacaq. Təəssüf ki, indiyə qədər nizamlanmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi problemlər Avropa İttifaqı ilə Azərbaycanın tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafına əngəl törədir. BMT-nin, həmçinin Avropa İttifaqının müvafiq qətnamələrinin tələblərinə baxmayaraq, Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirir”.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi deyib: “Hesab edirik ki, Avropa İttifaqının işğalçı dövlətə qarşı qətiyyətli mövqeyi bu qurum ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrini möhkəmlədən növbəti mühüm amillərdən biri ola bilər”.
Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko forumdakı çıxışında xalqların müqəddəratını təyinetmə hüququna və separatizm məsələsinə toxunaraq qeyd edib ki, öz müqəddəratını təyinetmə hüququ separatizmlə nəticələnməməli, ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil etməməlidir. Bu gün Avropada mövcud olan 7 münaqişədən 6-sı Şərqi Avropada baş qaldırıb”.
Azərbaycanın AFR-dəki fəxri konsulu Otto Hauzer deyib ki, separatizm mənbələrinin demək olar hamısı qeyri-legitim şəkildə güc tətbiq edilməsinə və mərkəzdənqaçma qüvvələrinin birtərəfli istiqamətlənməsinə əsaslanır. O deyib: “Paradoks odur ki, Kataloniya silahsız, dinc separatizmin yeganə nümunəsidir, lakin nədənsə Aİ məhz bu nümunəni xüsusi canfəşanlıqla aradan qaldırır. Bu da aydındır, çünki Kataloniya Aİ-nin özü, onun öz daxmasıdır. Vətənpərvərlik yaxşı şeydir, lakin separatizm vətənpərvərliyin heç də ən yaxşı forması deyil”.
Məruzəçi deyib ki, Azərbaycan Avropaya lazımdır və Avropa öz tərəfdaşını başa düşməli, İspaniya kimi onu da dəstəkləməlidir. Otto Hauzer vurğulayıb: “Münaqişənin həllinin özəyi qaçqınların və məcburi köçkünlərin öz evlərinə qayıtmasıdır. İnsan haqları, insanın vətən hüququ budur!”
İsrailin müdafiə nazirinin keçmiş müavini, briqada generalı Efraim Sne deyib ki, Dağlıq Qarabağ münaqişəsinin təyini-müqəddərat hüququ ilə heç bir əlaqəsi yoxdur. Sne vurğulayıb: “Bu, heç separatizm də deyil. Bu, bir ölkə tərəfindən başqa ölkənin ərazisinin əsl işğalıdır! Digər tərəfi elə həmin təyini-müqəddərat hüququndan məhrum etmək hesabına heç bir təyini-müqəddərat ola bilməz.
İsrailli siyasətçi deyib: “Mən əsgərəm. Öz ölkəm uğrunda döyüşmüşəm, başqa ərazilərin işğalında iştirak etmişəm, bəli, məhz işğalında və məhz başqa ölkələrin işğalında. Lakin BMT əraziləri qaytarmaq lazım olduğunu qərara alanda biz həmin əraziləri qaytardıq, hərçənd həmin ərazilər uğrunda qan tökmüşdük. Bəs, İsrailin 40 il bundan əvvəl etdiyini Ermənistan nə üçün etmir?
Hamı İspaniyanın və İraqın ərazi bütövlüyündən danışır. Bəs, Azərbaycan? Bu, təkcə Avropanın riyakarlığı deyil, bu həm də naşükürlükdür! Avropada qışda soyuq olur, amma Azərbaycan qazı avropalıları donmaqdan qoruyur. Azərbaycan özü üçün riskə gedərək Avropanı qızdırır. Bəs, cavabı nədir?
Əfqanıstanda və İraqda müharibə dövründə Azərbaycan müttəfiqlərinə logistika məsələsində kömək edirdi. Amerikalıların məşhur S-907 qətnaməsini ləğv etməsi nə çətin məsələdir? Bu, təkcə ikili standartlar demək deyil. Bu, həm də qaçqınların iztirablarına biganəlikdir”.
AZƏRTAC xəbər verir ki, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut Ermənistan-Azərbaycan münaqişəsi barədə sənədli araşdırmanı təqdim edərək deyib ki, Sovet İttifaqı dağılan dövrdə Azərbaycanda milli tolerantlıq və multikulturalizm real test yoxlamasından keçdi. Artıq 25 ildən çoxdur ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal edib. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Bu, mübahisəsiz faktdır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Britaniyalı yazıçı və səyyah, 2014-cü ilin noyabr ayında Azərbaycanın işğal edilmiş ərazilərində olmuş Corc Mitçell Azərbaycanın işğal edilmiş Ağdam şəhərini “kabus şəhər” və “Qafqazın Xirosiması” adlandırır. Azərbaycanın işğal edilmiş ərazilərində mədəni irsin Ermənistan tərəfindən məhv edilməsi muzeylərin qarət olunmasını, tarixi, dini və mədəni əhəmiyyətli abidələrin məhv olunmasını əhatə edir”, - deyən israilli ekspert bu barədə sənədləri Avropa auditoriyasına təqdim edib”.
Arye Qutun fikrincə, aşkardır ki, əgər BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair qətnamələri yerinə yetirilməsə, Cənubi Qafqaz regionunda mülki əhali arasında yeni qurbanlar olacaq. Dəhşətlidir ki, dinc sakinlər əziyyət çəkir. Erməni təcavüzünün son qurbanlarından biri Zəhra adlı balaca azərbaycanlı qız olub.
Qutun sözlərinə görə, dünya birliyi faşizmin, antisemitizmin, qəddar şovinizmin dirçəlməsi faktlarına etinasız qalmamalı və onun yeni formalarını dəf etməyə hazır olmalıdır. Arye Qut vurğulayıb: “Biz təkcə yəhudi xalqı üçün deyil, həm də eyni aqibətlə üzləşə biləcək bütün başqa xalqlar üçün də öhdəlik daşıyırıq. Ən dəhşətlisi, ən mənəviyyatsızı odur ki, bəzi ölkələr Avropa Yəhudilərə qarşı Holokost barədə karikaturalar təşkil edirlər.
Başqa bir fakt: Ermənistan prezidenti Serj Sarkisyan 2016-cı ilin mayında faşist və antisemit general Qaregin Njdeyə heykəlin açılışı mərasimində iştirak edib. İkinci Dünya müharibəsi dövründə Vermaxtın tərkibində 20 minlik erməni legionunun qəddarlıqlarını tarix heç vaxt unutmayacaq. Millətçi komandir Dro və Njdenin başçılıq etdiyi erməni legionunun məqsədi minlərlə yəhudini təqib etmək və qırmaq idi. Həmin dövrdə erməni legionu cəza düşərgələrində ölüm marşları təşkil edirdi. Burada sual etmək istəyirəm: Doğrudanmı Ermənistanda mənim xalqımın nümayəndələrinin amansızlıqla və soyuqqanlı tərzdə məhv edən faşistlərdən başqa qəhrəmanlar yoxdur?
İndi mən şərti adı “Sadıqaşvili” olan azərbaycanlı kəşfiyyatçı Həmzə Sadıqovun qəhrəmanlığını nümunə göstərmək istərdim. Həmzə Sadıqov Stalinqrad ətrafında Sovet hərbi kəşfiyyatının heyətində Hitlerin ən yaxın məsləkdaşı, hitlerin “bioloji bomba” deyilən silahının atası adlandırılan, yəhudi uşaqları üzərində qəddar eksperimentlər keçirən general Roddenburqu ələ keçirib. Həmzə Sadıqovun igidliyi sayəsində onlarca yəhudi ailəsi real ölümdən xilas edilib. Bu qəhrəmanlıq sayəsində Sadıqov öz qədirbilən nəsillərinin qəlbində igidlik və ölməzlik abidəsi ucaldıb!
"Mən, İsrail vətəndaşı, yəhudi xalqının nümayəndəsi, ailəsi alman faşistləri tərəfindən məhv edilən Sovet Ordusu zabitinin nəvəsi kimi 1992-ci ilin fevralında Xocalıda soyqırımına məruz qalmış Azərbaycan xalqının ağrısını başa düşür və dərdinə şərik oluram. Ermənistan silahlı terror qruplaşmalarının vəhşilikləri nəticəsində Xocalıda 613 nəfər öldürülüb, 487 nəfər xəsarət alıb, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir alınaraq inanılmaz işgəncə, təhqir və həqarətə məruz qalıb. Bu kütləvi qırğın bütün bəşəriyyətə qarşı cinayətdir. Xocalı şəhərinin mülki əhalisinin qəsdən kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi bu insanların azərbaycanlı olması idi. Cinayət cəzasız qalmamalıdır, çünki cəzasızlıq yeni cinayətlər doğurur. Dünya birliyi Ermənistanın hərbi-siyasi təcavüzünə görə onu ittiham etməlidir”.
İsrailli ekspert deyib: “Mən soruşuram: indiki erməni faşistləri XX əsrin 40-cı illərində mənim xalqımın altı milyon nümayəndəsini məhv etmiş alman faşistlərindən nə ilə fərqlənir? Cavab aydındır – heç nə ilə. Bu gün İŞİD dəstələri əsrlərin başına gətirdiklərini erməni terrorçular 1992-ci ildə Xocalıda törədiblər. Holokost mənim xalqımın ən dəhşətli faciəsidir. Məhz bu səbəbdən Azərbaycanın Xocalı şəhərində vəhşicəsinə törədilmiş qanlı soyqırımı aktı mənim şəxsi ağrım-acım, şəxsi faciəmdir.
Mən İsrail KİV-lərinin nümayəndələri ilə birlikdə salamat qalmış Xocalı sakinləri ilə dəfələrlə görüşmüşəm. İnanın, onlar ermənilərin vəhşilikləri barədə elə dəhşətli faktlar danışırdılar ki, insan bu barədə yazmağa və ucadan danışmağa da utanır”.
Arye Qut vurğulayıb: “Dünya birliyi Azərbaycan torpaqlarının işğalının arxasında dayanan və hətta bu gün də Ermənistanın Dağlıq Qarabağ münaqişəsində status-kvonu qoruyub saxlamaq niyyətini mənəvi cəhətdən dəstəkləyən ölkələrin adlarını çox yaxşı bilir. Rəsmi Bakı çoxdan bildirib ki, Ermənistanla bu münaqişədə indiki status qəbuledilməzdir.
Ermənistandakı siyasi hakimiyyətin əsas məqsədi münaqişənin həll edilməsinə mane olmaqdır. Cəbhə xəttində sonuncu dəfə vəziyyətin pisləşməsi bir daha təsdiq edir ki, Ermənistan sülhüm bərqərar olmasında sadəcə maraqlı deyil.
2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələri Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə endirdilər. bu hadisələr bir daha göstərdi: rəsmi Yerevan başa düşməlidir ki, Azərbaycanın səbri son həddə çatıb. Bundan əlavə beynəlxalq hüquq normalarına görə rəsmi Bakının nəinki müdafiə olunmaq, həm də Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etmək hüququ var. Təəssüf ki, beynəlxalq münasibətlərin amansız reallıqları dünya arenasında güc faktorunun daha effektiv təsirə malik olduğunu sübut edir.
Məşhur fransız mütəfəkkiri Emmerik Kryuse insan cəmiyyətinə vahid tam kimi baxırdı. O hesab edirdi ki, bütün millətlər təbii və qırılmaz tellərlə bir-birinə bağlıdır. Buna görə də siyasətin məqsədi xalqlar arasında həmrəyliyi qoruyub saxlamaq və genişləndirmək olmalıdır.
E.Kryuse bu cür həmrəyliyin genişlənməsinin əsasını qonşu xalqlar arasında yaranmış problemlərin həllinə kömək və yardım göstərməkdə görürdü. O deyirdi: “Qonşunuzun evi yanır və dağılarsa, bu qorxuya düşmək və onun halına acımaq üçün bir səbəbdir, çünki bəşər cəmiyyəti bir bədənə oxşayır, onun bütün əzaları elə harmoniya təşkil edir ki, bu əzalardan birinə toxunmadan digərini zəiflətmək olmaz”.
Arye Qut İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsinin sonunda yazır: “Məsələyə bu problem prizmasından nəzər salsaq, bu günlərdə Brüsseldə keçirilmiş tədbir sabitliyin və gələcək dünya nizamının təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir”.