Texas ştatının Nümayəndələr Palatasının üzvü Cin Vu Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı qətnamə yayıb. Qətnamədə deyilir ki, 1988-ci ildən 1994-cü ilədək Azərbaycanın Qarabağ regionunda hərbi əməliyyatlar aparılıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı soyqırımını törədiblər. İşğal zonasını tərk etməyə çalışan Azərbaycan şəhərinin mülki əhalisi məhv edilib. Bəzi mənbələrə görə, həlak olanların sayı min nəfərə çatır.
Sənəddə daha sonra deyilir ki, bir çox kütləvi informasiya vasitələri, habelə insan haqları üzrə “Memorial” Mərkəzi, “Human Rights Watch” hüquq müdafiə təşkilatı və digər beynəlxalq müşahidəçilər münaqişə zonasında dinc əhaliyə qarşı münasibətdə beynəlxalq hüquq normalarının pozulması faktlarını qeydə alıblar.
Qətnamə ABŞ Azərbaycanlıları Şəbəkəsinin Xocalıda törədilən hərbi cinayət haqqında Amerika ictimaiyyətinin məlumatlandırılmasına dair keçirdiyi illik kampaniya nəticəsində qəbul olunub.