Fevralın 25-də “Azərikimya” İstehsalat Birliyində Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə kimyaçılarla yanaşı, şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrin, təhsil və mədəniyyət ocaqlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə 24 il əvvəl erməni silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnika və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etməsindən, dinc əhaliyə qarşı törədilən kütləvi qırğından, həyata keçirilən vəhşiliklərdən danışıblar.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyev Xocalı soyqırımını ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı kimi dəyərləndirərək, bu qətliamı bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olduğunu bildirmişdir. Qeyd olunub ki, Azərbaycan Milli Məclisi hər il fevralın 26-nı “Xocalı soyqırımı günü” elan edib və xalqımız faciə qurbanlarının xatirəsini dərin ehtiramla anır.
Ermənilərin işğalçılıq siyasətini araşdırmaqla məşğul olan şair-publisist, dramaturq, Sumqayıt Dövlət Universitetinin müəllimi Əvəz Mahmud Lələdağ çıxış edərək, erməni ideoloqlarının məkrli işğalçılıq və soyqırımı siyasətinin geniş təhlilini verib.
Çıxışlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası bu istiqamətdə atılan mühüm addım kimi dəyərləndirilib.
Tədbirdə Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqların faciəsinə həsr olunmuş “Böyüməyən uşaqlar” filmi nümayiş etdirilib.
Sonda “Xocalıya ədalət!” Beynəlxalq Kampaniyası İctimai Birliyinin nümayəndəsi Fərid Cəfərov kampaniya çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib, kampaniyanın yeni veb-saytının təqdimatını keçirib, iştirakçıların suallarını cavablandırıb.