Azərbaycanın Vyetnamdakı səfirliyi Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar paytaxt Hanoyda “Xocalı soyqırımı. Bu günə ismarış” mövzusunda konfrans keçirib.
Tədbirdə Vyetnam Kommunist Partiyasının, parlamentin, Xarici İşlər, Müdafiə nazirliklərinin, digər dövlət qurumlarının rəsmiləri, alimlər, ali təhsil ocaqlarının rəhbərləri, müəllimləri, gənc tədqiqatçılar və tələbələr, Hanoydakı diplomatik korpusun üzvləri, media nümayəndələri iştirak ediblər.
Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Xocalı soyqırımı barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı insanlığa qarşı bir çox cinayətlər törədilib. Bunlardan ən dəhşətlisi məhz Xocalının dinc əhalisinə qarşı törədilən soyqırımıdır.
Səfir Ermənistanın əsassız ərazi iddiaları nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün halına düşdüyünü bildirib. O, beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Xocalı soyqırımının törədilməsində birbaşa günahkar olan Ermənistan dövlətinin və onun hazırkı rəhbərliyinin cəzalandırılması ilə bağlı beynəlxalq təşkilatların və ictimaiyyətin qətiyyətli mövqe ortaya qoymasının vacibliyini vurğulayıb.
Sonra Xocalı soyqırımına həsr olunan video nümayiş etdirilib, tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Vyetnam Sosial Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, professor Luonq Dinh Hai Xocalıda, eləcə də dünyanın başqa yerlərində törədilmiş soyqırımı cinayətlərinin pislənməsi ilə yanaşı, insanlığa qarşı törədilmiş bu cinayətlərdə günahkar olan şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini qeyd edib. O, soyqırımı cinayətinin pislənməsinin və cinayətkarların cəzalandırlımasının təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün çox vacib ismarış olduğunu vurğulayıb.
Türkiyənin Vyetnamdakı səfiri Akif Ayhan Xocalı qətliamı ilə bağlı Türkiyənin qardaş ölkə olaraq Azərbaycanın kədərini bölüşdüyünü bildirib. Diplomat ərazi bütövlüyünün bərpa olunması və suverenliyinin qorunması məsələsində ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb.
Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin direktoru, Vyetnam Kommunist Partiyasının mətbu orqanının baş redaktoru Dao Xuan Tien tarixi-mədəni köklərə malik olan və sülhsevər Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı ilə bağlı kədəri bölüşdüklərini bildirib. O, insanların təməl hüququ olan yaşamaq hüququnun Xocalı qətliamı nəticəsində kütləvi şəkildə və kobudcasına pozulduğunu qeyd edib və insanlıq əleyhinə olan cinayətlərin qarşının alınmasının, bu cinayətlərdə təqsirli olan şəxslərin cəzalandırılmasının yalnız bir ölkənin deyil, ümumilikdə beynəlxalq aləmin üzərinə düşən vəzifə olduğunu vurğulayıb.
Hanoy Hüquq Universitetinin dövlət idarəçiliyi fakültəsinin dekanı Thai Vinh Thanq keçmişdə Xocalıda, eləcə də digər ölkələrdə baş verən soyqırımı cinayətlərinin qarşısının alınmaması və günahkarların məsuliyyətə cəlb olunmaması səbəbindən hazırda dünyanın müxtəlif yerlərində, xüsusilə Yaxın Şərqdə insanlığa qarşı cinayətlərin hələ də davam etdiyini bildirib.
Vyetnam Dövlət və Hüquq İnstitutunun direktoru Ha Thi Mai Hien Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında BMT Konvensiyasına, eləcə də digər beynəlxalq sənədlərə əsasən Xocalıda törədilmiş qətliamın soyqırımı cinayəti olduğunu və buna görə məsuliyyət daşıyanların beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmalı olduqlarını vurğulayıb. O, soyqırımı cinayətlərinə görə günahkar şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı mövcud beynəlxalq mexanizmlər, müvafiq beynəlxalq konvensiyalar barədə məlumat verib.
Konfrans zamanı Azərbaycan Xarici İşlər Nazirliyinin “Diplomatiya aləmi” jurnalının Xocalı soyqırımına həsr olunan xüsusi buraxılışının nüsxələri, eləcə də səfirlik tərəfindən Vyetnam dilində nəşr olunmuş “Xocalı soyqırımı” və “Erməni terroru” kitabları tədbir iştirakçılarına paylanılıb.
Bundan başqa, səfirlik tərəfindən hazırlanan Vyetnam və ingilis dilində www.karabakh.vn saytının təqdimatı keçirilib. Saytda Ermənistanın Azərbaycana qarşı təcavüzünə, o cümlədən Xocalı soyqırımına dair faktlar, faciə barədə müstəqil mənbələrə istinadlar, beynəlxalq mediada dərc olunan materiallar, hadisə şahidlərinin ifadələri, soyqırımı qurbanları barədə məhkəmə-tibbi ekspertizasının rəyləri, faciəni əks etdirən şəkillər əksini tapıb.