Serbiyanın “Studio B” televiziya kanalında canlı yayımlanan verilişdə Xocalı soyqırımı ilə bağlı videosüjet nümayiş etdirilib. Qeyd edilib ki, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və serbiyalı incəsənət xadimlərinin birgə həyata keçirdiyi layihə çərçivəsində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş videoçarx hazırlanıb. Həmin videoçarxdan epizodların yer aldığı verilişdə serbiyalı izləyicilərə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş dəhşətli faciə haqqında məlumat verilib.
Diqqətə çatdırılıb ki, erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı amansız qırğın törədiblər. Nəticədə 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoyulub, 1000-dən çox dinc sakin ağır yaralanaraq əlil olub, 1275 nəfər girov götürülüb, onların 150-nin taleyi indiyədək məlum deyil. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu faciənin beynəlxalq birlik tərəfindən tanınması istiqamətində önəmli tədbirlər həyata keçirilir. Hər il dünya azərbaycanlıları bu soyqırımının qurbanlarını anaraq onların ruhuna ehtiramlarını nümayiş etdirirlər.