İndoneziyanın ən böyük dini qeyri-hökumət təşkilatı “Nahdatul Ulama”nın Azərbaycana dəstəyi daim davam edəcək.
Bu sözləri təşkilatın sədri Səid Aqil Sirac fevralın 23-də Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayevlə görüşündə deyib.
Məlumat üçün bildirək ki, “Nahdatul Ulama” dünyanın ən böyük dini qeyri-hökumət təşkilatıdır və İndoneziyada 70 milyondan çox üzvü var. Təşkilatın sədri Səid Aqil Siracın adı isə “500 ən nüfuzlu müsəlman” siyahısına daxildır.
Görüşdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumatların İndoneziya ictimaiyyətinə çatdırılması, hökumətin və parlamentin mövzu ilə bağlı konkret addımlar atması istiqamətində birgə fəaliyyətin davam etdirilməsi, əldə olunmuş nəticələr və gələcək planlar barədə fikir mübadiləsi aparılıb.
Səfir T.Qarayev Səid Aqil Siracı ikinci müddətə təşkilata sədr seçilməsi münasibətilə təbrik edib və “Nahdatul Ulama”nın məhz onun sədrliyi altında Azərbaycana böyük dəstək göstərdiyini vurğulayıb. Ermənistan səfirinin görüş üçün təkidli müraciətlərinə rədd cavabı verdiyinə və bunun səbəbini açıq şəkildə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə izah etdiyinə görə Səid Aqil Siraca minnətdarlığını ifadə edib. Qeyd edib ki, bu səmimi davranış digər müsəlman ölkələrinin liderlərinə və icma rəhbərlərinə nümunə ola bilər.
Səid Aqil Sirac öz növbəsində bildirib ki, o həmişə doğru yolla gedir, haqq və ədaləti açıq şəkildə müdafiə etməkdən çəkinmir. Buna görə də şəxsən onun və “Nahdatul Ulama”nın Azərbaycana dəstəyi daim davam edəcək.
Sədr Ermənistanın Azərbaycana qarşı təcavüzünün hələ də davam etməsindən və indiyədək heç bir irəliləyişin olmamasından təəssüfləndiyini bildirib və İndoneziya Prezidenti ilə növbəti görüşündə bu məsələni xüsusi olaraq dövlət başçısının diqqətinə çatdıracağını vurğulayıb.
Görüşün sonunda Xocalı soyqırımının 24-cü ildönümünün cümə gününə təsadüf etdiyini xatırladan sədr qeyd edib ki, həmin gün bütün ölkə üzrə yüz minlərlə məsciddə cümə namazının xütbəsi məhz Xocalı faciəsinə həsr ediləcək və əhaliyə bu barədə geniş məlumat veriləcək.
Görüşdə yerli mətbuatın nümayəndələri də iştirak edib.