Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu tərəfindən təşkil olunmuş gecəyə Rusiyanın ictimai və siyasi xadimləri, diaspor təşkilatlarının nümayəndələri, Azərbaycan xalqının dərdinə şərik olan insanlar toplaşıblar.
Tədbirdə Baş konsul Sultan Qasımov çıxış edib. O, Azərbaycan xalqının tarixinə qanla yazılmış bu qorxunc faciədən danışaraq deyib: “25 il əvvəl – 1992-cı il fevralın 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə baş verib. Şəhər erməni silahlı birləşmələri tərəfindən işğal edilib, hücumdan əvvəl güclü top atəşinə tutulub. Nəticədə 613 nəfər qətlə yetirilib, 487 adam yaralanıb, 1275 sakin girov götürülüb, 197 xocalılı itkin düşüb. Dinc əhali xüsusi amansızlıqla məhv edilib. Bu, Azərbaycan xalqına qarşı əsl soyqırımı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən “Xocalıya ədalət!” kampaniyasının keçirildiyini xatırladan diplomat qeyd edib ki, kampaniya beynəlxalq ictimaiyyəti Xocalı hadisələri barədə daha geniş məlumatlandırmaq məqsədi daşıyır. Xocalı soyqırımını onlarla ölkənin tanıdığını diqqətə çatdıran konsul tarixi gerçəkliyin düzgün əks etdirilməsi və bu qorxunc cinayəti törədənlərin mühakimə edilməsi baxımından bu kampaniyanın böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Sankt-Peterburqun Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri, Sankt-Peterburq qubernatorunun milli məsələlər üzrə müşaviri Vaqif Məmişov, tarixçi, kulturologiya doktoru Yuri Pompeyev, MDB-nin iştirakçısı olan ölkələrin Parlamentlərarası Assambleya Şurasının baş katibinin müavini, Azərbaycan Milli Məclisinin səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, general-leytenant, Rusiya Federasiyasının fəaliyyətdə olan 3-cü dərəcəli dövlət müşaviri Aleksandr Volox bildiriblər ki, gələcək nəsillər Xocalı faciəsini unutmamalıdırlar. Axı bu soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilən cinayətdir.