Türkiyənin Sakarya vilayətinin Erənlər rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub. Açılış mərasimində Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər, deputatlar, diplomatlar, QHT və KİV rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Erənlər rayon bələdiyyəsinin qərarı ilə abidənin ucaldıldığı rayon mərkəzindəki parka da Xocalı adı verilib.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra torpaqlarımızın bütövlüyü və ölkələrimizin suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin ruhuna dualar oxunub.
Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.
Aparıcı Xocalı soyqırımı barədə geniş məlumat verib.
Sakariya valisi İrfan Balkanlıoğlu, Erənlər bələdiyyəsinin sədri Cavid Öztürk, Azərbaycan Milli Məclisinin deputatları Sona Əliyeva və Qənirə Paşayeva, Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Esen çıxış ediblər.
Xocalı soyqırımının baş vermə səbəbləri, təcavüzkar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin hələ də aradan qaldırılmaması, o cümlədən Türkiyəyə qarşı iddia olunan əsassız və saxta “erməni soyqırımı” məsələsindən bəhs edən çıxışçılar vurğulayıblar ki, gələcəkdə xalqlarımızın bir daha Xocalı soyqırımı kimi ağır faciələri yaşamamaları üçün əl-ələ verib daha da güclü olmalıyıq. Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyev və Türkiyə dövlətinin banisi olan Mustafa Kamal Atatürk tərəfindən miras qalan müstəqil dövlətlərimizin günbəgün qüdrətlənməsi xalqlarımızın qürur mənbəyi və təhlükəsizliyimizin zəmanətidir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həyata keçirdikləri məqsədyönlü siyasət ölkələrimizin sürətlə güclənməsini təmin edib.
Cıxışlarda həmçinin Xocalı soyqırımının Azərbaycanda və dünyada soyqırımı aktı kimi tanınması, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının mahiyyəti kimi məsələlərdən danışılıb.
Üzərində Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandığı abidənin üstündə Xocalı soyqırımına dair Azərbaycan, türk və ingilis dillərində məlumatlar həkk olunub.
Abidənin ucaldığı Xocalı Parkında Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən şüarlar qaldırılıb, böyük bir izdiham nümayiş olunub.
Abidənin açılışından sonra Xocalı soyqırımının ildönümünə həsr olunan ədəbi proqram keçirilib. Türkdilli xalqları təmsil edən tanınmış şairlər şəhidlərimizə, Vətənlərimizin gözəlliyinə, türk xalqlarının böyüklüyünə və birliyinə, eləcə də Xocalı soyqırımı qurbanlarına ithaf olunan şeirlər söyləyiblər. Musiqi sədaları altında şəhidlərimizin ruhuna ağılar deyilib.