Qüds simfonik orkestrinin bədii rəhbəri Dmitri Yablonskinin təşkilatçılığı ilə ABŞ-da dünya musiqi incilərindən ibarət olan konsert proqramları keçirilib. 17 şəhərdə səslənən “Xocalı rekviyemi” Amerika dinləyiciləri tərəfindən ayaqüstü alqışlarla qarşılanıb.
Massaçusets ştatının Uorçester şəhərinin Mekanikal zalında keçirilən konsertdə üç minə qədər dinləyici iştirak edib. Konsert proqramında Rusiyanın Xalq Artisti Aleksandr Çaykovskinin “Xocalı” rekviyemi də yer alıb. Əsəri Qüds orkestri ilə birgə Bakı Musiqi Akademiyasının rektoru, görkəmli pianoçu, Xalq Artisti Fərhad Bədəlbəyli və tarzən Sahib Paşazadə ifa ediblər.
Xocalı əsərinin ABŞ-ın 17 şəhərində səsləndirilməsi soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq aləmdə tanınması istiqamətində atılan uğurlu addım kimi qiymətləndirilə bilər. Qeyd edək ki, bütün konsert proqramlarında soyqırımı haqqında informasiya yayılıb, qətlə yetirilən günahsız insanların sayı göstərilib.