Cənubi Afrika Respublikasının geniş oxucu auditoriyasına malik gündəlik “Pretoria News” qəzetinin “Diplomatik guşə” bölməsində Xocalı soyqırımı haqqında məqalə dərc olunub.
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın CAR-dakı səfirliyində təşkil olunan sərgidə iştirak etmiş müəllif Xocalı faciəsini “soyuq müharibə”dən sonrakı dövrün ilk soyqırımı kimi xarakterizə edir və Ermənistan tərəfindən azərbaycanlı mülki əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədilməsini insanlıq əleyhinə cinayət adlandırır.
Məqalədə qanlı 26 fevral gecəsində 600-dən çox mülki azərbaycanlının öldürülməsinin və Xocalı şəhərinin yerlə-yeksan edilməsinin Ermənistanın etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu xüsusi vurğulanır. Həmçinin Xocalı soyqırımı fonunda torpaqlarımızın iyirmi faizindən çoxunun işğalı və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün yurd-yuvalarından didərgin düşməsi ilə nəticələnən Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verilir.
Məqalədə 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş “Xocalıya ədalət!” kampaniyasının soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rola malik olduğu vurğulanır.